AZ

Səfir: Qida sənayesində Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi 35 faizi ötüb

Qida sənayesində Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 35 faizi ötüb.

APA xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri İtaliya Ticarət Agentliyinin Bakı Ofisinin 2024-cü ilin yaz-yay ayları üçün nəzərdə tutulan fəaliyyəti ilə bağlı təşkil olunmuş mətbuat konfransında deyib.

İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri deyib ki, qida sənayesi İtaliya üçün həm də bir mədəniyyətdir.

"Məqsədimiz öz mədəniyyətimizi təbliğ etmək, xüsusilə də Azərbaycan kimi oxşar mədəniyyətlərə malik olduğumuz ölkələrdə göstərməkdir. Qida hım də bizim üçün sosiallaşmağa xidmət edən bir vasitədir. Biz öz mədəniyyətimizi ən yaxşı halda təbliğ və təqdim etməyə çalışırıq".

Diplomat deyib ki, Azərbaycanla İtaliya arasında qida sənayesində əməkdaşlıq inkişaf edir.

"Azərbaycanla qida sənayesində ticarət dövriyyəmiz 35 faizi keçir. Bu xoş haldır, bu bizim işimizin səmərəsini, yerli əhalinin mədəniyyətimizi sevdiyini göstərir".

Səfir Azərbaycan və İtaliya mədəniyyətlərinin zəngin və sürprizlərlə dolu olduğunu qeyd edib və bildirib ki, iki ölkənin mədəniyyətləri uzlaşır.

O, həmçinin İtaliya dizaynı ilə bağlı tədbirlərin, təqdimatların keçiriləcəyini deyib. Səfir bildirib ki, 22 apreldə Heydər Əliyev Mərkəzində İtaliya dizaynı ilə bağlı tədbir təşkil olunacaq.

İtaliya Ticarət Agentliyinin Bakı Ofisinin direktoru Andrea Maccanico da yaxın günlərdə təşkil olunacaq tədbirlər və təqdimatlar barədə məlumat verib.

O bildirib ki, belə fəal şəkildə keçirilən tədbirlər və təqdimatlar Azərbaycan bazarına verilən əhəmiyyətin göstəricisidir. O əlavə edib ki, may və iyun aylarında İtaliyadan 15-ə qədər şirkətin nümayəndələri Azərbaycana gələcək ki, onlar da qida və içki sənayesinin təmsilçiləri olacaq.

Seçilən
69
3
Mənbələr
Şərh ()
Bağla