AZ

“Qida sənayesində ticarət dövriyyəmiz 35 faizi ötüb” - Səfir

Azərbaycanla İtaliya arasında qida sənayesində ticarət dövriyyəsi 35 faizi ötüb.

525.az xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri  İtaliya Ticarət Agentliyinin 2024-cü ilin yaz-yay üçün planlaşdırdığı tədbirlərə həsr olunmuş mətbuat konfransında deyib.

Diplomat bildirib ki, bu çox xoş haldır və İtaliyanın Azərbaycandakı səfirliyi, İtaliya Ticarət Agentliyi tərəfindən həyata keçirilən tədbirlərin səmərəsini, yerli əhalinin mədəniyyətimizə olan sevgisini göstərir.

Klaudio Taffuri əlavə edib ki, qida sənayesi İtaliya üçün həm də bir mədəniyyətdir: " Qida bizim üçün mücadilə deyil, bu, həm də sosiallaşmağa xidmət edən bir vasitədir. Bizim məqsədimiz öz mədəniyyətimizi ən yaxşı səviyyədə təbliğ və təqdim etmək, xüsusilə də Azərbaycan kimi oxşar mədəniyyətlərə malik olduğumuz ölkələrdə öz mədəniyyətimiz nümayiş etdirməkdir”.

 Diplomat qeyd edib ki, Azərbaycanla İtaliya arasında qida sənayesində əməkdaşlıq inkişafı çox müsbət haldır.

Səfir Azərbaycan və İtaliya mədəniyyətlərinin qədim, zəngin və sürprizlərlə dolu olduğunu qeyd edib. Əlavə edib ki, iki ölkənin mədəniyyətləri uzlaşır.

O, həmçinin İtaliya dizayn günləri çərçivəsində keçiriləcək tədbirlər, təqdimatlar barədə məlumat verib. Səfir bildirib ki, 22 apreldə Heydər Əliyev Mərkəzində İtaliya dizaynı ilə bağlı tədbir təşkil olunacaq.

İtaliya Ticarət Agentliyinin Bakı Ofisinin direktoru Andrea Maccanico da yaxın günlərdə təşkil olunacaq tədbirlər və təqdimatlar barədə məlumat verib.

O bildirib ki, belə fəal şəkildə keçirilən tədbirlər və təqdimatlar Azərbaycan bazarına verilən əhəmiyyətin göstəricisidir. Vurğulayıb ki, may və iyun aylarında İtaliyadan 15-ə qədər şirkətin nümayəndələri Azərbaycana gələcək ki, onlar da qida və içki sənayesinin təmsilçiləri olacaq.

Ticarət Agentliyinin Bakı Ofisinin rəhbəri deyib ki, İtaliyadan Azərbaycan bazarına daxil olan qida inqridentlərinin payı 15 faiz artıb.
İtaliya çaxır sənayesinin məhsullarının Azərbaycan bazarında yeri barədə Andrea Maccanico deyib ki, İtaliya istehsalı olan çaxırlar Azərbaycan bazarında 40 faiz paya sahibdir və beləliklə də İtaliya bu sahədə Azərbaycan bazarında liderdir.

Pərvanə

 






















Bizi İnstagramda izləyin

Seçilən
45
3
Mənbələr
Şərh ()
Bağla