AZ

Çempionatın 4-cü dövrəsində nələr dəyişə bilər? - mütəxəssis və menecer rəyi

Bu gün Misli premyer-liqasında sonuncu - 4-cü dövrə start götürəcək. 27 turdan sonra turnir cədvəlinə nəzər yetirsək, “Qarabağ”ın rəqabətsiz liderliyi fonunda 2-ci yer uğrunda gərgin mübarizənin şahidi oluruq.

Bəs 4-cü dövrə ilə bağlı gözləntilər nədi? Həm elitada qalmaq, həm də 2-ci yer uğrunda mübarizədə hansısa dəyişiklik olacaqmı? Eyni zamanda, ölkə kubokunun finalçılarının müəyyənləşməsi mübarizənin axarına hansısa şəkildə təsir göstərəcəkmi?

Təcrübəli mütəxəssis Aslan Kərimovla bu suallar ətrafında söhbətləşdik:

“Təbii ki, çempionatın sonuna yaxın çox gərgin oyunlar izləyəcəyik. Çünki turnir cədvəlinə baxsaq, 6-7 komandanın bir-birindən, sadəcə, 2-3 xal aralı olduğunu görərik. Elə bu üzdən də 4-cü dövrənin aşkar gərgin keçəcəyi gözlənilir. İkinci yerin taleyi ilə bağlı bir söz demək çətindi. Potensial baxımından istənilən komanda həmin yeri tuta bilər. Məsələn, həm “Sabah”ın, həm də “Neftçi”nin buna potensialı çatır. Sonrakı pillələrdə qərarlaşan “Zirə” ilə “Sumqayıt”ın da çempionat boyunca “Neftçi” ilə “Sabah”a qalib gəldiyini görmüşük. Bu baxımdan 4-cü dövrədə adı çəkilən 4 komanda arasında ikincilik uğrunda gərgin mübarizə gedəcəyini düşünürəm. Amma kimin həmin pillənin sahibi olacağını demək mənim üçün çətindi. Hər halda, həm maddiyyat, həm də oyunçu seçimi baxımından “Neftçi” və “Sabah” buna daha yaxın görünür. Ancaq qalan iki komandanı da siyahıdan silmək olmaz. “Zirə” də, “Sumqayıt” da sona qədər 2-ci yer uğrunda mübarizə aparacaq. Kuboka gəlincə, əlbəttə, finala kimlərin çıxacağı önəmlidi. Bir məqamı da qeyd edim: “Qarabağ” kuboku götürsə (necə ki bu mövsüm buna daha yaxın görünür), həmin vaxt çempionatda çox şey dəyişir, hətta 4-cü yerin sahibi də Avropaya çıxmaq şansı qazanır. Yaxud da digər namizədlər – “Zirə”, “Qəbələ” və “Neftçi” kuboku götürdüyü halda, çempionat onlar üçün ikinci dərəcəli hədəfə çevrilə bilər. Hesab edirəm ki, ölkə kubokunu qazanmaq çempionatda 2-ci yeri tutmaqdan daha nüfuzludu. Çünki istər-istəməz kubok qənimətdi. Sözsüz, kubokdakı finalçıların müəyyənləşməsi (yarımfinal oyunları aprelin 2-si və 23-də keçiriləcək – red.) çempionata təsir göstərəcək”.

Menecer Vaqif Heydərlinin də bu mövzuda fikirlərini öyrəndik:

“Artıq dəfələrlə demişik ki, bu mövsüm çox maraqlıdı. Əsasən də yuxarı pillələrlə bağlı komandalar arasında gərgin mübarizə gedir. Çempion bəllidi. “Qarabağ” qalan komandalarla xal fərqini çox artırıb. Həm nəticə, həm güc, həm də oyun baxımından Ağdam təmsilçisi yetərincə üstündü.Yəni bu, əvvəldən də bəlli idi. Ona görə də burda fərqli heç nə yoxdu. İkinci yer uğrunda mübarizəyə gəlincə, 2-8-ci yerlər arasındakı bütün komandaların bu pillədə qərarlaşmaq şansı var. Bu üzdən əvvəlcədən nəsə demək çətindi. Təkcə onu deyə bilərik ki, bizi çətin, gərgin, eyni zamanda maraqlı 4-cü dövrə gözləyir. Məncə, kim daha diqqətli olacaqsa, az səhv edəcəksə, o da nəticə qazanacaq. Artıq burda yorğunluğun, diqqətin, bir sözlə, hər şeyin ortaya çıxacağı dövrədi, yəni son mərhələdi. Bütün komandalar diqqətli olmağa çalışacaq”.

KAMAL SƏFƏR
Seçilən
40
50
Mənbələr
Şərh ()
Bağla