AZ

Ruhu ilə yaradan yaradan sənətkar - Məryəm Əlizadə yazır

Məryəm ƏLİZADƏ Sənətşünaslıq doktoru, professor


Aktyorun sənətində onun insan taleyi öz əksini çox qabarıq şəkildə tapır. Hamlet Xanızadənin nümunəsində də bu, belə idi. O, nə qədər başqalaşırdısa-başqalaşsın, yaratdığı hər obraza qəlbini, ruhunu, düşüncələrini hopdurmaqla özünü tam ifadə etmiş olurdu.

Görkəmli rejissorumuz Tofiq Kazımovun rejissor kimi formalaşmasında dövrünün görkəmli aktyorları ilə yanaşı, sonralar "öz truppası"nın özülünü təşkil edəcək gənclərlə də işbirliyi böyük rol oynadı. H.Xanızadə  sözügedən bu truppanını çox parlaq, çox istedadlı və heç kəsə bənzəməyən gənc aktyoru idi. Onun Azərbaycan teatrının şedevri sayılan "Ölülər" tamaşasında yaratdığı, bəli, məhz yaratdığı 2-ci azarlı obrazı (bu, demək olar ki, sözü olmayan epizodik obraz idi) böyük nüfuza malik görkəmli teatrşünas-alim, akademik Cəfər Cəfərov tərəfindən həməncə yüksək qiymətləndirildi: "Gənc aktyor H.Xanızadəni də xüsusilə qeyd etmək istərdik. Çünki o, öz xəstə və şikəst qəhrəmanını eyni zamanda yorğun düşmüş, bezmiş, son ümidlə yaşayan, zavallı bir məxluq kimi çox inandırıcı oynayır, biz qarşımızda mürəkkəb, psixoloji vəziyyət keçirən sadə bir insan görürük". Həmişə vaxtın azlığından gileylənən Cəfər müəllim "Ölülər" oynanılan axşam mütləq teatra gələr, Tofiq müəllimin lojasının bir küncündən (görünmək istəməzdi!) iki epizoda - bir H.Xanızadənin 2-ci azarlısının, bir də ki, Kefli İsgəndərlə (H.Turabov) Şeyx Nəsrullahın (M.Dadaşov) üz-üzə gəldiyi "döyüş" səhnəsinə baxar, məmnun halda çıxıb gedərdi. Cəfər müəllim mürəkkəb aktyor təbiətinə malik olan gənc Hamletin oyununu izləməkdən sonsuz zövq aldığını dərs zamanı tələbələrinə etiraf edirdi. Bu ustad tənqidçinin tələbələri olan bizlər də gənc Hamletin yaratdığı obrazları bəyənir, sevir və bu qərara gəlirdik ki, o, teatrımızda həqiqətən də bənzəri olmayan aktyordur.

Bunu yalnız bizmi görürdük? Çox keçmədi ki, məxsusi olaraq məhz gənc Hamletin yaratdığı obrazlara baxmağa gələn tamaşaçıların - onun heyranlarının sayı artmağa başladı...

H.Xanızadənin "Topal Teymur" televiziya tamaşasında (quruluşçu rejissor Ramiz Həsənoğlu) yaratdığı Topal Teymurun, "Ölülər"dəki 2-ci azarlının (quruluşçu rejissor Tofiq Kazımov), "İblis"dəki İblisin, "Dəli yığıncağı"ndakı Molla Abbasın (quruluşçu rejissor Mehdi Məmmədov) və b. çoxsaylı tamaşalarda, filmlərdə yaratdığı obrazların nə özü, nə üzü, nə gözləri, nə baxışları, nə plastikası, nə qiyafəti, nə.., nə.., nə... Əsla yadımdan çıxmır.

"Kəssə hər kim tökülən

qan izini,

Qurtaran dahi odur

yer üzünü" -

sözlərini "Topal Teymur" teletamaşasına epiqraf seçmiş görkəmli televiziya rejissoru Ramiz Həsənoğlu heyrətamiz bir sərrastlıqla Topal Teymur obrazında H.Xanızadəni gördü.



1983-cü ilin yayında (21 iyun) teleekrana çıxan bu tamaşa güclü aktyor ansamblı sayəsində dillər əzbəri oldu. Rejissorun Topal Teymur - H.Xanızadə seçimi hamını şaşırtdı. H.Xanızadənin ifasında Topal Teymur "qarışıq iplikdən toxunmuş" (U.Şekspir) mürəkkəb bir insandır. Aktyorun bu roldakı portret-fotosunu görəndə mat-məəttəl qalmamaq mümkünsüzdür. Düşünürsən ki, bu pyesi oxumamış və sözügedən tamaşaya baxmamış olsaydın belə, H.Xanızadənin - Topal Teymurun portret-fotosu sənə qaniçən cani haqqında hər şeyi açıqlayacaqdı. Bu üzdəki insan əzabını, insan bədbəxtliyini (bəli, məhz bədbəxtliyi!), insan iztirabını, gözlərindəki qan çanağını, tökdüyü qanlardan öləzimiş baxışlarını, insan və hökmdar faciəsinin izlərini, allahlıq iddiasını, fateh kimi qələbəsinin sonunda düşdüyü çıxılmazlığın təbəddülatını, hökmdar olmaq üçün yalnız hərb hünərinin və işğalçılığın yetərsizliyini anlamasını, yırtıcı təbiətini, dağıdıcı şəxsiyyətinin konturlarını oxuyursan. Amma və lakin hadisələr inkişaf etdikcə aktyor Topal Teymurun təbəddülatının dərəcəsini artırır, qəhrəmanını bir rənglə deyil, müsbət məziyyətlərilə də təqdim edir.

H.Xanızadənin Topal Teymuru ətrafa qara enerji saçır, şər daşıyıcısıdır, qana susamışdır, amma eyni zamanda, ağıllı və aşırı hiyləgərdir, silahdan-qılıncdan başqa etibar etdiyi dostu yoxdur, mərhəmət hissindən məhrumdur. Bir sözlə, bu gün gözlərimizin önündə öz məhvərindən çıxmış dünyanı dağıdanlar, hərbə susamışlar H.Xanızadənin rəngarəng boyalarla yaratdığı Topal Teymurun xələfləridir. Nə yazıq ki, böyük Cavidin gözlədiyi o naməlum qüvvəni - xilaskarı, yer üzünü tökülməkdə olan qan izindən qurtara biləcək dahini - Qodonu (S.Bekket "Qodo intizarında") bu gün hələ ki, biz də gözləməkdəyik.

H.Xanızadə İblis obrazını da birqatlı, birmənalı, birrəngli yaratmır, onu da "qarışıq iplikdən" ustalıqla toxuyurdu. Onun İblisi cilddən-cildə girməklə dəhşətli bir müharibə meydanını - top-tüfəng, bomba partlayışlarını, göydən yağan od-alovu vahimə yaradan soyuqqanlılıqla, şaqraq qəhqəhələrlə seyr edir və çox məmnundur... Məmnundur ki, onun "hünəri" sayəsində dəhşətli müharibə meydanında günahsız insanların qanı axmaqda, şəhərlər, ölkələr dağılmaqda, xalqların soyqırımı baş verməkdədir...

H.Xanızadənin İblisi bu gün dünyanın altını üstünə çevirənlərin, "cümlə xəyanətlərə bais" insanların rəmzi obrazıdır. Aktyor özünün sənətçi hüsnündən, istedadının dərəcəsindən, zəngin daxili aləminin sonsuz palitrasından, mükəmməl aktyor texnikasından sənətkarcasına istifadə etməklə xeyir dünyasının insanları cərgəsində mövqeləşir. H.Xanızadənin yaratdığı İblis obrazını - insan faciəsinin müəllifini mühakimə etməyə də gücü çatır. Aktyor nəinki dünənin, həm də yaşadığı dövrün qanlı faciəsinin baiskarlarının rəmzi obrazını yaratmaqla onlara meydan oxuyur.

Anadangəlmə artistizm, insan psixologiyasının mürəkkəb qatlarına və sirlərinə agahlıq, güclü daxili və zahiri başqalaşma qabiliyyəti, narahat, vibrasiyalı təbiəti, zəngin mənəviyyatı, sonsuz daxili azadlığı, sürətlə dəyişən psixoloji halları, xeyirxahlığı, saflığı H.Xanızadəni öz nəslinin aktyorlarından kəskin fərqləndirirdi.

Yaratdığı obrazlarda kəskinliyi və gözlənilməzliyi ilə seçilən, yaşadığı dünyanı şəxsi, insani, vətəndaş və sənətkar mövqeyindən ələk-vələk edən, transformasiya qabiliyyətinə virtuozcasına yiyələnmiş bu aktyora faciəvi düşüncələr hakim idi. O, güclü ehtirasları, dərindən-dərin emosiyaları parlaq teatrallıq qiyafətində təqdim edə bilir, dünyadərki geniş miqyası və obrazı şəxsi dəyərləndirmə bacarığı ilə seçilirdi.



H.Xanızadə yaradıcılıq prosesində insani, yaradıcı və vətəndaş potensialını səfərbər edir, mənəvi zənginliyi, əqidəsi və güclü ruhu ilə seçilirdi. Sənətçi hər yeni obraz yaradarkən tamamilə yeni daxili və zahiri qiyafətdə meydana - səhnəyə atılırdı... Bu səbəbdən də yaratdığı obrazların əksəriyyəti (İblis, Topal Teymur, Molla Abbas və b.) hər dəfə yaradıcılıq zirvəsinə çevrilir və yeni bir mərhələ təşkil edirdi. Bu obrazlar tamaşaçını xüsusi hüsnü, qeyri-səlis məntiqi, harmoniyası, aşıb-daşan ehtirası ilə heyrətə salırdı. Sənətkarlıqla yaratdığı bu obrazlarda onun şəxsi başlanğıcı çılpaqlığı ilə görünür və aktyor özünü obrazda gizlətmək fikrindən uzaq dururdu. Yeri gələndə absurdun qucağına atılır, yeri gələndə isə qrotesk formalardan istifadə edir və yaşadığı zamanı inkişaf prosesində ifadələndirərək professionalcasına yiyələndiyi daxili və xarici aktyor texnikasını, bir də ki, özünün insani, yaradıcı fərdiyyətini eyni anda bütövləşdirib yaratdığı obraza qata bilirdi. Özünün səhnə yaradıcılığında H.Xanızadə böyük Şeksprin "Aktyorlar öz zəmanələrinin qısa salnaməsi və güzgüsüdür" fikrini dəfən-dəfən təsdiqləyirdi. Belə olmasaydı, yəqin ki, bu gün onu aşırı heyranlıqla xatırlaya bilməzdim. K.S.Stanislavskinin aktyorlara müraciətləndirdiyi "bizim sənətdə pisi yaxşıdan ayıran demarkasiya xəttini ömrünüz boyu axtarın" fikrini H.Xanızadə haqqındakı xatirələrimə epiqraf kimi də qəbul etmək olar.

H.Xanızadəinin Molla Abbası da çox mürəkkəb bir obrazdır. Faciəvi komediya janrında hazırlanmış "Dəli yığıncağı" tamaşası mütəfəkkir rejissorumuz Mehdi müəllimin "şah əsəri"dir. H.Xanızadənin yaratdığı və bədii təxəyyülü ilə dolğunlaşdırdığı Molla Abbas isə onun ifasında dərdli batinini, ağrılı hisslərini zala ustalıqla translyasiya etdiyi bitkin, bütöv bir bədii obrazdır. H.Xanızadənin ifasında Molla Abbasın zahirən komik görünən bir bürüncəyi, örtüyü var (yüngüllük edir... səhnədə dombalaq aşır... və s.), daxilən isə o, çarəsiz, böyük bir dərdin təcəssümüdür. Baş verənlər qarşısında aciz qalan, düşdüyü absurdun çıxılmazlığını anlayan bu filosofa faciə ruhu hakimdir. Aktyor obrazının çəkdiyi cəfanı daxili ehtişamla yaşaya bilir və tragikomik qəhrəman kimi düşünülən Molla Abbası çıxılmazlıq, ümidsizlik, çarəsizlik içində boğulan absurd obraza çevirə bilir. Əhsən belə aktyora!

Yaratdığı obrazlarda içindəki təlatümlərin böyüdücü güzgüsü olan üzünü mürəkkəb qrim arxasında heç kimdən gizlətmirdi. Obrazın "sifəti"ni, jest və maneralarını tədricən "əyninə geyinərək" onun "olum, ya ölüm" mübarizəsinə qoşulur və nəticədə səhnədə mükəmməl obraz yaradıcılığı ilə məşğul olan möhtəşəm aktyoru seyr etməkdən doymurduq. Bu minvalla da H.Xanızadə hər axşam öz zəmanəsinin həqiqətlərini və insan haqqındakı mürəkkəb, hətta yeri gələndə dolaşıq düşüncələrini bizimlə bölüşürdü. Və ən əsası, qəhrəmanlarının dilindən söylədiyi sözləri yalnız əzbərləyib demirdi, bu sözlər onun ağrı-acıları, iç fəryadları ilə yoğrulub, onunkiləşirdi.

Bir aktyora və yaradıcı insana bundan da böyük dəyər vermək olarmı? Bütöv insan-sənətkar naturası və onun çoxmərhələli yaradıcılıq prosesindəki müxtəlif variasiyaları qısa sənətkar ömrünün bəhrəsinə çevrilərək həm teatr tariximizə, həm də onu sevən və hələ də xatırlayan tamaşaçıların yaddaşına əbədi olaraq həkk edildi.

Onu da deyim ki, H.Xanızadə tamaşa bitəndən sonra həməncə tələm-tələsik geyinib teatrı tərk etmirdi. Qrim otağında xeyli oturub özünə gələr, dediyi kimi, tamaşa başlananda canından ayrılmış və obraza çevrilmiş hissəsinin yenidən ona qayıtmasını, bütövləşməsini gözləyərdi. Bunun mexanizmini soruşanda isə, xəfif bir təbəssümlə deyərdi: "Çox çətin bir prosesdir, canın səndən ayrılıb, təzədən sənə qayıtmasıdır bu..."

Hamlet Xanızadənin üzü haqqında ayrıca danışmasam, aktyorun portreti ala-yarımçıq alınar. Bu üz tragik maskanın variasiyalarından ən ifadəlisi idi. Əzabdan, dərddən, iztirabdan, sevgidən, xəyanətdən, ölüm-itimdən, qələbədən, məğlubiyyətdən xəbər verən bu əzəmətli kişi üzündə yaratdığı obrazlar izlər salmışdı. İnsan iztirablarının dadını dadmış sənətkarın üzü bu dünya əzablarından qıvrıla-qıvrıla yaşadıqlarının xəritəsi idi.

Kinoda yaratdığı mürəkkəb taleli obrazlara gəlincə isə deməliyik ki, o, ekranda çox incə işləyir, qəhrəmanlarının duyğu-həyəcanlarının, əqidə-amalının dərin qatlarına nüfuz edir, bir sözlə, ekranda yaşaya bilirdi. "Axırıncı aşırım"da Talıbov, "Arxadan vurulan zərbə"də İmaş, "Babək"də Xəlifə Mötəsim və çox sayda digər obrazlar.

Kinodakı son işi isə "Qətl günü"ndə yaratdığı ötən əsrin 30-cu illərinin "sovet ət maşını"ndan keçirilmiş ziyalı Sədi Əfəndi obrazı idi. Aktyor Sədi Əfəndinin yaşadıqlarını o qədər özününküləşdirdi ki, ürəyi bu dərdə dözmədi, qubar bağladı... Son zamanlar hədsiz yorğun görünməsinin də səbəbi elə bu idi... Bir sözlə, bu heyrətamiz aktyor zəngin təbiətindən yaratdığı obraza səxavətlə "pay verir"di, ona xas olan keyfiyyətləri fərqli fərdiyyəti, sərbəst improvizələri ilə zənginləşdirirdi. Öz sənətinin vurğunu olan bu sənətkarın temperamenti, iradəsi, mürəkkəb düşüncələrinin enerjisi yaradıcılıq prosesində həməncə fəallaşırdı. Bu da danılmaz bir həqiqətdir ki, aktyor güclüdürsə, onun fərdiyyəti də hüdudsuz olur. H.Xanızadənin hüdudsuz aktyor fərdiyyətinə baş vuranda isə onun "içinin içində" sözlə, hərəkətlə yox, ruhla yaratdıqlarının, oynadıqlarının - Topal Teymurun... İblisin... Molla Abbasın... daha kimlərin... kimlərin... kimlərin dünyalarının sənətkar tərəfindən incə toxunmuş ilmələrinə heyran qalırıq.

...Azərbaycan tarixinin qanlı səhifəsi olan müdhiş 20 Yanvar hadisəsi görkəmli sənətkarın - əziz dostumun ürəyini qəfil susdurdu. H.Xanızadə milli faciəmizə dözə bilmədi. Amma və lakin bu böyük sənətkarımız sevgi dolu məhrəm xatirələrimizdə, bir də ki, Azərbaycan teatrının şərəfli tarixində əbədi yaşamaqda, virtual həyatını davam etdirməkdədir.

 

 























Bizi Facebookda izləyin

Seçilən
137
50
Mənbələr
Şərh ()
Bağla