AZ

"Əslində, avtobusların hamısı sarı rəngdə olmalıdır" - Ekspert

Xəbər verdiyimiz kimi, Azərbaycanda müntəzəm sərnişindaşımalarla məşğul olan avtobuslara rəng tələbi qoyulub.

Bu, Nazirlər Kabinetinin 28 mart 2024-cü il tarixli “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”lə bağlı qərarda öz əksini tapıb.

Qərara əsasən, Azərbaycanda müntəzəm şəhərlərarası sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası və şəhərdaxili sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır.

Qeyd edək ki, hazırda sərnişindaşıma ilə məşğul olan bir sıra şirkətlərin avtobusları müxtəlif rənglərdədir. 

Bəs maraqlıdır, həmin şirkətlər öz avtobuslarını tamamilə dəyişməlidir, yoxsa mövcud nəqliyyat vasitələrini rəngləmək olar?

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev hesab edir ki, əslində, avtobusların hamısı sarı rəngdə olmalıdır.

Onun sözlərinə görə, Avropa ölkələrinin çoxunda sarı rəngdən istifadə olunur:

"Fikirmcə, bunu güzəşt kimi edirlər ki, bütün bu qədər avtomobilin, avtobusun hamısını boyamaq çətin olar. İkincisiboyanmış maşının qiyməti də aşağı düşür. Eyni zamanda əlavə xərcdir. Ona görə yəqin, bunu ağ, qırmızı eləyiblər ki, ağ olan onsuz da xeyli saydadır, qırmızı da var və başqa rəngdə olanları bu rəngə boyasınlar. Amma yaşıl rəngdə olanlar isə elektrik mühərrikli avtonəqliyyat vasitələrinə aiddir. Həm taksidə, həm də avtobuslarda bu rəngə boyamaq sərnişinin daha asan görməsi, daha asan təyin etməsi üçündür. Məsələn, taksi gəlir, bilmirsən ki, taksidir, ya taksi deyil. Amma onun rəngi, üstündəki nişanları, üstündəki taksi yazısı, qapılarındakı o şahmat işarəsi taksinin əlamətləridir. Eyni zamanda da, avtobuslarda da belədir. Şirkətlərin öz avtobusları var. Məsələn, digər təyinatlı avtobuslar var, amma sırf ictimai nəqliyyat üçün isə tələblər budur. Yəni adam baxanda ki, bu rəngdə bir şey gəlir, biləcək ki, bu, ictimai nəqliyyata aiddir. Həm də bu standartlar artıq qüvvəyə minir. Həm xarici görkəminə tələb var, həm də daxili interyerindəki avadanlıqlara, təchizatına tələblər var".

Qeyd edək ki, ötən gün Baş nazirin imzaladığı qərarla həmçinin taksilər qırmızı və ağ rənglərdə olmalıdır. Bu qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Həmidə İBRAHİMLİ

Seçilən
151
8
Mənbələr
Şərh ()
Bağla