AZ

İsmayıl Hacıbəyovun yaradıcılıq gecəsi keçiriləcək

Bakı Müasir Musiqi Cəmiyyəti və Muzey Mərkəzinin birgə  layihəsi  olan  "Muzeydə Musiqi Gecələri" çərçivəsində növbəti portret-konsert keçiriləcək.  1 aprel saat 19:00-da Muzey Mərkəzində (III mərtəbə, akt zalı) baş tutacaq portret-konsert bu dəfə bəstəkar İsmayıl Hacıbəyovun (1949-2006) yaradıcılığına həsr olunmuşdur.

İsmayıl Hacıbəyov neoklassisizmi yaradıcılığının ayrılmaz keyfiyyətlərindən birinə çevirmiş, ona qarşı fərdi münasibətini formalaşdırmağı bacarmış Azərbaycan bəstəkarıdır. Aşıq musiqisinin daxili filtrasiyası, eyni zamanda bəstəkarın mükəmməl mənimsədiyi Qərbi-Avropa musiqisinə xas polifonik üslub və metodlarının sintezi nəticəsində "neoklassisizm" onun yaradıcılığında özünəməxsus saflıqla, büllur halında təzahür etmişdir.  Q.Qarayevin sinfində bəstəkarlıq təhsili almış Hacıbəyov 1974-cü ildən ömrünün sonuna qədər Ü.Hacıbəyli adına  Bakı Musiqi Akademiyasında bəstəkarlıqdan dərs demişdir.  İ.Hacıbəyov  "Albomdan səhifələr",  "Üç idilliya", "Konsertştük", "İstəklər", "Konsertino", simfonik orkestr üçün "Naxışlar" və musiqi  irsimiz üçün əhəmiyyətli sayılacaq bir sıra digər əsərlərin müəllifidir. Onun Ü.Hacıbəyovun "Cəngi" əsərinə müraciətlə yazılmış "Cəngi" fortepiano rapsodiyası milli neoklassisizmin parlaq nümunəsi hesab olunur. Bu konsertdə bəstəkarın kamera əsərləri ifa olunacaq.

Qeyd edək ki, "Muzeydə Musiqi Gecələri" layihəsinin əsas məqsədi  Azərbaycan bəstəkarlarının portret-konsertlərini təşkil edərək onların yaradıcılığının xüsusiyyətlərini işıqlandırmaq, beləliklə müəllif musiqisinin təqdimatına daha çox zaman ayırmaq və bu minvalla ölkəmizdə keyfiyyətli musiqinin auditoriyası quruculuğu proseslərinə töhvə verməkdir. Artıq layihə çərçivəsində Azərbaycan bəstəkarları Tahir İbişov, Rəhilə Həsənova və  Xəyyam Mirzəzadənin portret-konsertləri keçirilmişdir.

01 aprel saat 19:00-da Muzey Mərkəzində keçiriləcək "İsmayıl Hacıbəyov portret-konsert"in moderatoru musiqişünas Şəfaqət Məmmədovadır. Konsertə giriş sərbəstdir. 

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Seçilən
27
1
Mənbələr
Şərh ()
Bağla