AZ

AFFA rəhbərliyində radikal dəyişiklik - TƏHLİL

Bildiyiniz kimi, aprelin 2-də AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçiriləcək.

AFFA prezidenti Rövnəq Abdullayev hələ martın 1-də Gəncədə növbəti müddətə namizədliyini irəli sürməyəcəyini açıqlayandan sonra onun boşaldacağı postu kimin tutacağı, eləcə də İcraiyyə Komitəsinə (İK) kimlərin seçiləcəyi böyük maraq doğururdu. Və gözlənilən gün gəlib çatdı: AFFA martın 23-də həm prezident vəzifəsinə, həm də İK üzvlüyünə namizədliyi irəli sürülənlərin adlarını açıqladı. Qurumun saytında yer alan xəbəri nəzərinə çatdırmamış 2020-ci il yanvarın 28-də seçilən və səlahiyyət müddəti aprelin 2-də bitəcək 12 nəfərlik İK-nın köhnə tərkibini xatırladırıq: İsgəndər Cavadov, Kazbek Tuayev, Elxan Məmmədov, Elşad Nəsirov, Fərid Mansurov, Rauf Əliyev, Zaur Axundov, Vaqif Sadıqov, Firudin Qurbanov, Mahir Məmmədov, Elmar Məmmədyarov, Könül Mehdiyeva. AFFA prezidenti də statusuna uyğun avtomatik İK-da yer alır.

Bu da AFFA-nın xəbəri: “AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, AFFA-nın 2024-cü il aprelin 2-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.

Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Hesabat-Seçki Konfransının keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır. Qeyd olunmuş müddət başa çatıb. AFFA prezidentliyi və İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını diqqətinizə çatdırırıq:

AFFA prezidentliyinə namizəd
1. Rövşən Nəcəf – Peşəkar Futbol Liqası İctimai Birliyi vasitəsi ilə "Neftçi" PFK tərəfindən
AFFA İcraiyyə Komitəsinə namizədlər

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer
1. Səməd Qurbanov – “Neftçi” tərəfindən
2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
3. Xəyal Cəfərov – “Sumqayıt” tərəfindən
4. Qurban Qurbanov – “Qarabağ” tərəfindən
5. Maqsud Adıgözəlov – “Sabah” tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer
1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer
1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən
2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Leyla Xəlilova Rzazadə – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən”.

Göründüyü kimi, köhnə tərkibdən yalnız üçü – Fərid Mansurov, Elşad Nəsirov və Könül Mehtiyeva yeni İK-da təmsil olunacaq. Zaur Axundov ad-soyadı sizi çaşdırmasın. Bu Zaur Axundov uzun müddətdi Futzal Federasiyasına rəhbərlik edən adam deyil. Yeni İK-da yer alacaq Zaur bəy uzun illər AZAL-ın sponsoru olub. “Silk Way Holding” MMC-nin prezidenti kimi 2006-16 aralığında Şüvəlan klubunun maliyyələşdirilməsində iştirak edib. Həmin klub fəaliyyətini dayandırandan sonra da futboldan uzaqlaşmayıb. Hazırda “Zirə“nin sponsorları sırasında yer alır.

Beləliklə, Azərbaycan futbolunun rəhbərliyi tam tərkibdə dəyişir. 16 illik Rövnəq Abdullayev dönəmi başa çatmaqdadı. Bu dönəm ölkə futbolunun, yığmaların maliyyələşməsi baxımından yaxşı keçsə də, elə həmin yığmaların uğursuzluğu, əcnəbi baş məşqçilərə milyonlar xərclənməsi Rövnəq bəyi daim qınaq obyekti etdi. Xüsusən də AFFA prezidentinin sabiq baş katib Elxan Məmmədova sərhədsiz inamını futbol ictimaiyyəti birmənalı qarşılamırdı. Son nəticədə Elxan bəy ölkəni tərk etdi, Rövnəq bəy isə aprelin 2-də - 59 yaşı tamam olandan bir gün sonra AFFA-nı tərk edəcək.

Yeni heyətdə futbola çox yaxın olan adamlar da var, indiyəqədərki fəaliyyətindən heç kimin xəbər tutmadığı şəxslər də. Açığını deyək ki, yeni rəhbərliyin futbolun idarəçiliyi ilə bağlı nə dərəcədə işlək mexanizm yaradacağı, uğura nail olub-olmayacağı ilə bağlı çoxlu sual var. Futbol ictimaiyyəti arasında gedən müzakirələr AFFA-nın divarları arasına da köçəcəkmi, ölkənin əsas futbol idarəsində demokratik mühit yaranacaqmı, gerçək peşəkarlar futbolun idarəçiliyinə yaxın buraxılacaqmı?

İK-nin yeni tərkibi ilə tanışlıq zamanı diqqətimi çəkən məqamlar da oldu. Lap tutaq ki, UEFA gender məsələlərinə həssas yanaşır, buna görə İK-da bir xanım da kifayət edərdi, amma ikisi olacaq. Və ya başqa bir sual: gündəlik məşqçi fəaliyyəti ilə məşğul olan Qurban Qurbanovun qərarverici orqanda datəmsil olunması nə dərəcədə məntiqlidi? Axı Qurban bəy vaxtilə İK-da yer almışdı, özünü orda görmədiyindən ayrıldı. Bəs ötən müddətdə nə dəyişdi ki, dönməyə qərar verdi? Bir sözlə, düşündürücü sualların sayı çoxdu. Bunların bir qisminə aprelin 2-də - yeni heyət media önünə çıxanda cavab tapılacağına ümid edirik.

ORXAN

Seçilən
63
39
Mənbələr
Şərh ()
Bağla