AZ

Vadim Abdullayev əməliyyat olundu

Futbol üzrə Azərbaycan millisinə də dəvət alan yarımmüdafiəçi, “Araz-Naxçıvan”ın kapitanı Vadim Abdullayev cərrahiyyə əməliyyatı olunub.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, menisk əməliyyatı keçirən futbolçu hazırda özünü yaxşı hiss edir. Sabah xəstəxananı tərk edəcək yarımmüdafiəçi müalicəsini evdə davam etdirəcək. Onun 15-18 gündən sonra məşqlərə başlaması gözlənilir.

Xatırladaq ki, Vadim Abdullayev 2022-ci ilin iyul ayından “Araz-Naxçıvan”da çıxış edir. 29 yaşlı dayaq yarımmüdafiəçisi bu mövsüm 9 oyunda iştirak edib. O, Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində baş tutan “Şamaxı” ilə səfər oyununda zədə almış və həmin görüşün 67-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalmışdı.

Abdullayev “Araz-Naxçıvan”ın heyətində indiyə qədər 49 oyun keçirib, 2 məhsuldar ötürmə müəllifi olub. Abdullayev daha öncə “Sabah”, “Simurq”, “Bakı”, “Qəbələ” və “Şüvəlan” kimi klublarda da forma geyinib.

Vaxtilə Azərbaycanın U-17 və U-21 yığmalarında da oynamış Vadim bu ildən əsas millimizə dəvət alır. O, oktyabrın 14-də UEFA Millətlər Liqası çərçivəsində baş tutmuş Slovakiya ilə görüşdə Azərbaycan millisinin heyətində debüt edib.

Seçilən
25
arena.az

1Mənbələr