AZ

Bağçalara mərkəzləşmiş qaydada 700-ə yaxın tərbiyəçi-müəllim işə götürülüb

Məktəbəqədər təhsil müəssisələrində (MTM) kadr potensialının yaxşılaşdırılması əsas hədəflərdəndir. Bu istiqamətdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən tədbirlər həyata keçirilir.

Xezerxeber.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov oktyabrın 29-da keçirilən brifinqdə deyib. O bildirib ki, son 2 ildə mərkəzləşmiş qaydada MTM-lərə təyin olunan tərbiyəçi- müəllimlərin sayı 677 nəfərdir: “Yeni təyin olunan MTM müdirlərinin sayı isə 79 nəfərdir. Məktəbəqədər təhsil sistemində çalışan pedaqoji və idarəetmə heyəti üçün ixtisasartırma təlimlərinin təşkil edilməsi, onların peşəkar inkişafının təmin edilməsi də diqqətdə saxlanılır. Bu məsələ “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb. Təlimlərin məqsədi pedaqoji heyəti məktəbəqədər təhsil və idarəetmədə olan yeni yanaşmalar və strategiyalarla tanış etməkdir. Təlimlərdə tərbiyəçi-müəllimlər öyrənmə mühitinin qurulması, uşaqların sosial-psixoloji adaptasiyası ilə bağlı bilik və bacarıqlarını inkişaf etdirirlər. Təlimlərin effektivliyinin artırılması üçün interaktiv metodlardan istifadə edilir. İndiyədək məktəbəqədər təhsil üzrə kadr potensialının yaxşılaşdırılması məqsədilə 9500-ə yaxın pedaqoji heyət üçün ixtisasartırma təlimləri təşkil olunub. Təkcə bu il ərzində 3500 nəfər üçün Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən təlimlərin təşkil edilməsi nəzərdə tutulub”.

Seçilən
8
1
xezerxeber.az

2Mənbələr