AZ

Bu kino ki var...

Onun yolu ədəbiyyat və teatrdan keçib

Kino sənəti teatr sənətinə çox yaxındır. Hər ikisinin əsasını dramaturji material təşkil edir. Həm kino, həm də teatr sintetik sənətlərdir. Eyni zamanda, onlar arasında ciddi fərqlər var. Teatrda hadisə şərti şəraitdə baş verir, əgər hadisələr müharibədə baş verirsə, cəbhənin dekorasiyasını düzəldirlər. Kinoda isə tamaşaçı həyatı bilavasitə təcəssümdə, bütün müxtəlifliyi, çoxcəhətliliyi ilə görür. Teatrda hərəkət səhnə ilə məhdudlaşdırılır. Kinonun isə məkan və zaman imkanları, demək olar ki, hədsiz-hüdudsuzdur.

Kino çıxanda çoxları düşünürdü ki, teatr sənət olaraq sıradan çıxacaq. Amma belə olmadı. Teatr və kino bir-birini əvəz etmir və bir-birini sıradan çıxarmır, əksinə, bir-birinə kömək edir, bir-birini ifadə vasitələri ilə zənginləşdirir.

Kino teatra nisbətən gənc sənətdir. O, XIX əsrin axırında meydana gəlmişdir, onun “valideynləri” elm və texnika oldu. Kinonun meydana gəlməsinə təkan verən amil hərəkət edən fotoqrafiyanın ixtira edilməsi idi. Yeri gəlmişkən, kinematoqraf yunanca “hərəkət edən” deməkdir. Kino üçün hərəkət rəssamlıq üçün rəngi, musiqi üçün səsi, ədəbiyyat üçün sözü əvəz edir. Çəkilmiş hər bir film, hər bir kadr hərəkətsizdir. Hərəkət illüziyası fasiləsiz görmə qavrayışından yaranır ki, bunu da texnika təmin edir. Qavrayışın bu fasiləsizliyi kinonun ifadə vasitələrindən biridir.

Texnika kinoya montaj imkanları yaradır. Montaj kinoda əlaqələrin ardıcıllığı üçündür. Çarli Çaplinin “Yeni dövrlər” filmində bir kadrda qovulub aparılan qoyun sürüsü görünür, bundan sonrakı kadrda isə metronun dar keçidindən tələsik ötüb keçən fəhlələri görürük. Assosiasiya əsasında kəskin satirik obraz yaranır, kapitalist istehsalında adamlar heyvan sürüsü kimi təqdim edilir. Montaj kinoya xas olan obrazlı təfəkkürdür. Bunun sayəsində tamaşaçı hadisələrin, az qala, iştirakçısına çevrilir.

Kino təkcə nəticəni deyil, həm də prosesi göstərir, hadisələri təkcə təsvir etmir, həm də onları təhlil edir. Biz baş verən hadisələrin dərk edilməsi prosesinə fəal surətdə cəlb olunuruq. Kino şüurlu surətdə hər şeyi açıq demir, tamaşaçı yarımçıq qalmış əhvalatın ardını düşünməyə məcbur olur. Rejissorun ustalığı bundan ibarətdir ki, ən mühüm cəhət açılanda, kinokadr tərəfindən oyadılan təxəyyül lazımi istiqamətdə işlədikdə fikri qırır, yarımçıq qoyur.

Bildiyiniz kimi, əvvəlcə kino səssiz olmuşdur. Bu səbəbdən adamlar arasındakı münasibətlərin bütün mürəkkəbliyini, müxtəlif vəziyyətlərə qarşı reaksiyaları sözsüz vermək lazım gəlirdi. İfadə vasitələri mimika, jestlər idi. Səssiz kino dövründə çoxlu yaxşı filmlər çəkilib. Onlar artıq tarixin materialına çevrilib. S. Eyzenşteynin “Potyomkin” zirehli gəmisi”, Pudovkinin “Sankt-Peterburqun sonu”, Ç.Çaplinin ilkin dövr filmləri və başqalarını misal gətirmək olar. Sənaye şəhərinə çevrilmiş Bakıda ötən əsrin əvvəllərində “Neft və milyonlar səltənətində”, “Ağ və qara şəhər” və digər filmlər çəkildi. Bu filmlər neft Bakısının XX əsrin əvvəllərindəki həyatını, Bakı müsəlman milyonçularının məişətini, neft mədənlərində ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzəranını ekranda canlandırır.

Səssiz kinonu “dahi lal” adlandırırdılar. Kinonun tarixini iki dövrə – səssiz və səsli dövrə bölürlər. Səs, sonra isə rəng kinoya elm və texnikanın sonrakı inkişafı nəticəsində gəlmişdir. Beləcə, “dahi lal” nitq qabiliyyəti qazandı. İnsan ekranda dil açdı, rəng təsvir olunanlara daha dürüstlük və inandırıcılıq verdi. Nəhayət, geniş ekran, geniş formatlı və panoram kino meydana gəldi. Kino insana özünün mənəvi aləminə nəzər salmaq imkanı qazandırdı. Kino gerçəkliyin estetik cəhətdən mənimsənilməsi dairəsini genişləndirdi.

Dünyanı süjetli əks etdirmək kinonu ədəbiyyatla da qohumlaşdırdı. Teatr, kino və ədəbiyyat – bu üç qohumun XX əsrdə dünya mədəniyyətinə verdiyi töhfələr həm də onun inkişafını şərtləndirdi.

Kənan HACI,
yazıçı-publisist

Seçilən
53
xalqqazeti.az

1Mənbələr