AZ

Gürcüstan Mərkəzi Seçki Komissiyası seçici fəallığını açıqlayıb

Gürcüstan Mərkəzi Seçki Komissiyasının saat 15:00-a olan məlumatına görə, parlament seçkilərində seçici fəallığı 41,62 faiz olub, seçki məntəqələrinə 1 milyon 454 min 837 seçici gəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, regionlar üzrə bölgü belədir: Sameqrelo-Zemo-Svaneti – 135 863; Tbilisi - 437 426; Kaxeti - 125 558; Mtsxeta-Mtianeti – 38 073; Kvemo Kartli – 142 851; Şida Kartli – 98 338; Samtsxe-Cavaxeti – 62 339; Raça Leçxumi – 15 765; İmereti – 220 771; Quriya – 45 010; Acarıstan – 132843 nəfər.

Qeyd edək ki, Gürcüstanda seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb və 20:00-da bağlanacaq.

Ümumilikdə 3 508 294 vətəndaş, o cümlədən 95 910 nəfər xaricdə səsvermə hüququna malikdir. Bu parlament seçkiləri üçün 3 111 seçki məntəqəsi, o cümlədən xaricdə rekord sayda – 67 məntəqə yaradılıb. Xaricdə yaşayan gürcülər 42 ölkənin 53 şəhərində səs verə bilərlər.

 

Səsvermə prosesini 64 beynəlxalq və 102 yerli təşkilatın nümayəndələri müşahidə edəcək.

Bu il ilk dəfə parlament üzvləri tamamilə proporsional sistem əsasında, partiya siyahılarına görə seçiləcək. Parlamentdə yer əldə etmək üçün partiyalar ən azı 5 faiz səs toplamalıdır.

Seçkilərdə ümumilikdə 18 partiya iştirak edir, onlardan beşi koalisiya yaradıb.

Parlament seçkilərində ilk dəfə elektron səsvermə sistemi də tətbiq ediləcək. Müasir texnologiyalar sayəsində seçki məntəqələri bağlandıqdan bir saat sonra bülletenlərin 90 faizdən çoxunun sayılması və nəticələrin açıqlanması gözlənilir.

Seçilən
12
44
operativmedia.az

10Mənbələr