AZ

Derbidə son dəqiqənin hökmü – tovuzlular seriyanı davam etdirdi

Azərbaycan Premyer Liqasında XI tura start verilib. Açılış oyununda “Turan Tovuz” “Kəpəz”i qəbul edib. Komandaların əzəli rəqabətinə görə “Qərb derbisi” adlandırılan matç meydan sahiblərinin qələbəsiylə başa çatıb – 2:1.

“Turan Tovuz” uğurlu seriyasını davam etdirir. Kurban Berdıyevin yetirmələri bu oyunda son dəqiqələrdə standart vəziyyətdən sonra vurulan qolla aktivinə üç xal yazdırmağı bacarıb.

Autsayder “Kəpəz” isə xal üçün çox çalışsa da, gücü çatmadı. Oyuna yaxşı başlayan gəncəlilər bir neçə imkan yaratsa da, fürsətləri dəyərləndirə bilmədi. İkinci hissədə aktivliyini daha artıran “sarı-göylər” penalti ilə hesaba tarazlıq gətirib. Bundan sonra oyunun bərabər bitəcəyi düşünülsə də, tovuzlular son dəqiqələrdə vurulan qolla qələbə qazanan tərəf oldu.

“Kəpəz” məğlubiyyətə layiq oyun sərgiləməyib. Azər Bağırovun gəlişindən sonra oyun dinamikasını artıran, daha çox rəqib cərimə meydançasında vaxt keçirməyə çalışan “sarı-göylər”də hücum xəttində problemlər hiss edilir. Orxan Əliyev qol yükünü tək daşıya bilmir, yeni transfer Paçu isə hələ istənilən səviyyədə deyil. Buna baxmayaraq, “Kəpəz” asan təslim olmayıb, sona qədər mübarizə aparıb.

Matçdan sonra “Kəpəz”in baş məşqçisi Bağırov hakimlərdən narazılığını ifadə edib. O, baş hakim Rauf Allahverdiyevi əleyhlərinə qərar verməkdə ittiham edib. Oyunda mübahisəli epizodlar az deyil və Bağırova hardasa haqq qazandırmaq mümkündür. Buna baxmayaraq, artıq oyun geridə qalıb və “Kəpəz” turu xalsız başa vurub.

Aktivində 3 xal olan “Kəpəz” üçün bu turda xal qazanmaq xüsusi faydalı olacaqdı. Çünki onlardan öndə olan “Sumqayıt” və “Səbail” bir-biri ilə üz-üzə gələcək və xal itkisi qaçılmaz olacaq. Qələbə “Kəpəz”i rəqiblərinə bir az yaxınlaşdıra bilərdi.

“Turan Tovuz” isə 24 xalla ikinci sıradadır və turu bu mövqedə bitirməyi təmin etdi. Komandanın oyununda eniş hiss olunur. Xüsusilə müdafiədə axsamalar, yersiz boşluqlar hiss edilir. Gedişat komandanın əleyhinədir. Qarşıda komandanı “Qarabağ”, “Səbail”, “Sabah” və “Araz-Naxçıvan”la ağır oyunlar gözləyir. Matçlar komandanın “üçlük”dəki mövqesi baxımından önəmli olacaq.

Şahin Cəfərov

Seçilən
27
futbolpress.az

1Mənbələr