AZ

Səhiyyə Nazirliyində Özbəkistanın “Zamin” Beynəlxalq İctimai Fondunun rəhbərliyi ilə görüş olub

Səhiyyə Nazirliyində Özbəkistanın “Zamin” Beynəlxalq İctimai Fondunun icraçı orqanının rəhbəri Tamilla Aliyevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin Media və kommunikasiya şöbəsindən verilən məlumata görə, görüşdə nazir Teymur Musayev iki ölkə arasında əlaqələrin qədim tarixə malik olduğunu və yüksələn xətlə inkişaf etdiyini vurğulayıb: “Hazırda ölkələrimiz arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədə inkişaf edir. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşləri xüsusi rol oynayır”.

İki qardaş ölkə arasında səhiyyə sahəsində uğurlu əməkdaşlığa toxunan nazir ötən ilin oktyabrında Daşkənddə Türk dünyasının dahi oğlu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası”nın keçirildiyini xatırladıb.

“Dekada çərçivəsində iki ölkənin tibb mütəxəssisləri Özbəkistan vətəndaşları üçün mərhələli şəkildə yüksək texnoloji avadanlıqlar vasitəsilə 100-dən artıq cərrahiyyə əməliyyat icra ediblər, müayinə və müalicələr aparıblar. Eyni zamanda, Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası çərçivəsində Azərbaycan və Özbəkistan elmi-tədqiqat institutları və mərkəzləri arasında bir sıra anlaşma memorandumları imzalanıb”, - deyə T.Musayev əlavə edib.

“Zamin” Beynəlxalq İctimai Fondunun Özbəkistanın davamlı inkişafının təşviqinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndirən Teymur Musayev ölkəmizdə səhiyyə sahəsində aparılan mühüm işlərdə Heydər Əliyev Fondunun rolunu xüsusi vurğulayıb.

Sonda Azərbaycanın səhiyyə naziri ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə əmin olduğunu söyləyib.

Seçilən
16
3
xalqqazeti.az

4Mənbələr