AZ

“İşbaz”ların toruna DÜŞƏNLƏR – Xarici universitetləri seçərkən nələrə DİQQƏT EDİLMƏLİDİR?

Diplomları tanınmayan və ən çox imtina alan ali təhsil müəssisələrinin siyahısı açıqlanıb. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) məlumatına görə, Rusiyanın 23, Ukraynanın 15, Türkiyənin 1, eləcə də Gürcüstan, İspaniya, Fransa və ABŞ-dakı bəzi universitetlərin diplomları ölkədə tanınmayacaq.

Agentlik diplomları ölkəmizdə tanınmayan universitetlərin siyahısında əsasən dünya reytinqində yer almayan universitetlərin adını sıralayıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Təzadlı VƏZİYYƏT – Xaricdə alınan diplomları Nazirlik tanıyırsa, DİM niyə imtahan keçirir?


Bəs insanlar belə universitetləri nədən, hansı zərurətdən seçirlər? Onlar gələcəkdə problem yaşamamaq üçün nəyə diqqət etməlidirlər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi deyib ki, bəzi şəxslərin niyyəti xaricdə təhsil almaq deyil:

“Xaricdə təhsil məsələsində çox hallarda valideynlər və eyni zamanda təhsil almaq istəyən vətəndaşlarımız dəllalların qurbanı olurlar. Hərbi xidmətdən müəyyən bir dövr möhlət almaq üçün işbazların qurbanına çevrilirlər. Bəziləri xaricə getdikdən sonra insan alverinin qurbanına çevrilirlər. Belə faktlar var. Valideyn və təhsil almaq istəyən vətəndaş geniş araşdırlmalıdır, özü edə bilmirsə, mütəxəssislərdən məsləhət almalıdır ki, hansı universitetdə təhsil alması, diplom əldə etməsi onun sabah diplomunun tanınmasında problem yaratmayacaq”.

O, diplomun tanınması üçün tələb olunan şərtləri sadalayıb:

“İlkin şərt ondan ibarətdir ki, yalnız əyani təhsil forması olmalıdır. O cümlədən, vətəndaş hansısa ölkədə təhsil aldığını iddia edirsə, onun ümumvətəndaş pasportunda ölkədən giriş-çıxış tarixləri təhsil aldığı dövrlə uyğunluq təşkil etməlidir.

İddia etdiyi ixtisasla bağlı biliklərə sahib olmalıdır. Həmçinin, hansı tədris dilində təhsil alıbsa, o dildə minimal tələblərə cavab verməlidir. Təhsil aldığı universitet dünya reytinqində ən azı yer tutan universitet olmalıdır. Bundan başqa, ixtisası da ölkəmiz üçün pritoritet olmalıdır. Ölkəmizdə həmin ixtisasa tələbat olmalıdır. Yəni bu amillər mütləq nəzərə alınmalıdır. Bəzən aldadırlar ki, qiyabi təhsil alsanız diplom tanınacaq, yenə də tanınmır. Distant təhsil də bizdə tanınmır.

Düzdür, təhsil haqqında qanunvericilikdə təhsilin bir forması kimi əks olunub. Amma hazırda distant təhsili tanımırıq. Vətəndaş tutaq ki, Ukrayna, Moldavanın hansısa universitetində onlayn, qiyabi təhsil alırsa, diplomu ölkədə tanınmayacaq”.

Ekspert hesab edir ki, xaricdə reytinqi olmayan universitetlərdə təhsil almaqdansa, ölkədə peşə məktəbləri və kolleclərdə təhsil almaq daha uğurludur:

“Vətəndaş bərbərlik, aşpazlıq, çilingərlik kimi peşəyə sahib olarsa, onun iş imkanları daha çoxdur və bu istiqamətdə tələbat var. Rahat əmək fəaliyyətinə başlaya bilər. Kollec təhsili alrsa, yeni bir şans qazanmış olur. Universitetə imtahan vermədən əldə etdiyi kollec diplomu əsasında qəbul olmaq şansı əldə edir. Bütün bunlar daha üstün tərəflərdir. Təəssüf ki, bu amil hərbi xidmətdən yayınma məsələsində önə çıxır, 4 il onlar hərbi xidmətdən yayınsınlar deyə kor-təbii formada seçim edirlər və işbazların qurbanı olurlar”.

Günay Şahmar, Bizim.Media

Seçilən
20
1
bizim.media

2Mənbələr