AZ

Qərb Gürcüstandan nə istəyir?

ABŞ və Avropa institutları 26 oktyabr parlament seçkilərində Gürcüstan xalqının iradəsinin deyil, özlərinin himayələrində olan  siyasi fiqurların qalib gəlməsini istəyirlər

Gürcüstanda parlament seçkiləri günü yaxınlaşdıqca xarici dairələrin, xüsusilə də ABŞ başda olmaqla Qərbin qonşu ölkəyə müdaxiləsi də güclənir. Qərb özünün istədiyi siyasi qüvvənin hakimiyyətə gətirilməsi üçün açıq şəkildə bu ölkənin daxili işlərinə qarışır, vətəndaşlara çağırışlar edir, hətta seçki günü və ondan bir gün sonraya hesablanmış planlar hazırlayır.

Qərb dövlətlərinin ərazisində məskunlaşmış beynəlxalq statuslu hüquq müdafiə təşkilatlarının Gürcüstana yönəlik bəyanatları son aylar ərzində  intensivləşib. “Amnesty İnternational”, “Freedom House”, “Human Rights Watch” qismində təşkilatlar demək olar ki, hər gün Gürcüstana qarşı qondarma əsaslarla bəyanatlar verir, qonşu ölkəni guya “insan haqlarını”, “fikir azadlığını”, “siyasi hüquqları” pozmaqda ittiham edirlər. Nümunə üçün qeyd edək ki, təkcə jurnalist təşkilatları son bir ay ərzində 6 müxtəlif mövzu üzrə rəsmi Tbilisini qınayan açıqlama yayıblar.

“Gürcü Arzusu- Demokratik Gürcüstan” partiyasının fəxri sədri Bidzina İvanişvili bəyan edib ki, oktyabrın 26-da keçiriləcək seçkilərdə konstitusiya çoxluğunu qazanarlarsa, yetkinlik yaşına çatmayanların maraqlarının və ailə dəyərlərinin Konstitusiya səviyyəsində müdafiəsini gücləndirəcəklər. Siyasətçi qeyd edib ki, Gürcüstanda psevdoliberal ideologiya ilə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və siyasi partiyalar dəqiq bilirlər ki, xalqı yalnız keçmişini, tarixini unudandan, mənəvi prinsiplərini yıxdıqdan sonra asanlıqla tabe etmək olar: “Bu, həll edilməli olan ciddi problemdir ki, yetkinlik yaşına çatmayanların maraqlarının və ailə dəyərlərinin müdafiəsi məsələsini Konstitusiya səviyyəsində təsbit etmək üçün qalib gəlməyimiz lazım olan səbəblərdən biridir".

Qeyd edək ki, Gürcüstanda  məhz “Xarici təsirin şəffaflığı haqqında” və LGBT təbliğatına qarşı qanunların qəbulundan sonra Qərb bu ölkəyə öz təzyiqlərini artırdı. Çünki Qərb xüsusən qeyri-hökumət təşkilatları şəbəkəsi ilə Gürcüstan cəmiyyətində, hətta Gürcüstanın dövlət idarəçiliyi üzərində çox ciddi təsir və nəzarət mexanizmi formalaşdıra bilib. Eyni zamanda, özünün bu ölkənin dəyərlərinə, ailə institutuna zidd “dəyərlərini” təbliğ etməkdir.

Gürcüstanda parlament seçkiləri tam proporsional seçki sistemi əsasında keçiriləcək. Hər bir partiya parlamentdə 150 yeri tuta bilər. Parlamentə keçmək üçün 5 faizlik baryeri aşmaq lazımdır. Və siyahılar vasitəsi ilə deputatlar parlamentdə yerlərini tutacaqlar. Hazırda bir neçə partiya arasında rəqabət gedir. Bunlardan əsası Bidzina İvanişvilinin rəhbərlik etdiyi “Gürcü Arzusu- Demokratik Gürcüstan” Partiyasıdır. Bu partiyanın müsbət cəhətləri hakim partiya kimi maliyyə-administrativ resurslarına malik olması, hökumətin nəzarətində olmasıdır. Zəif cəhəti isə təbii ki, Qərb əleyhinə olan bir sıra qanunların qəbul olunması, diversifikasiyalı xarici siyasətin həyata keçirilməsi, son zamanlar guya Moskvayönümlü olması barədə antitəbliğatın aparılmasıdır. Vaxtilə Mixeil Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Birlik Hərəkat Partiyası da seçkilərdə iddia ilə çıxış edir. 2003-cü ildən 2012- ci ilə  qədər iqtidarda olan bu partiyanın güclü tərəfi keçmiş iqtidar partiyası olması, zəif tərəfi isə tam bir vahid proqramın olmamasıdır. Yeni lider axtarışındadırlar ki, bu da çox çətindir.

Ümumiyyətlə, parlamentə düşməyə iddialı həm milli dəyərlərə söykənən, həm də qərbyönümlü olan partiyalar həddən artıq çoxdur. Gürcüstanda keçiriləcək növbəti parlament seçkiləri Cənubi Qafqaz üçün mühüm əhəmiyyət kəsb edir. Amma Gürcüstanın bu çətin sınaqdan milli maraqlarına uyğun çıxacağı əksər siyasətçilərdə şübhə doğurmur. Hətta hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili “Imedi” televiziya kanalına müsahibəsində söyləyib ki, biz seçkilərdə qalib gələcəyik və ölkədə sabitlik bərqərar olunacaq. Bu isə o deməkdir ki, Gürcüstan Cənubi Qafqazı qarışdırmaq istəyən Qərbə yerini göstərəcək.

Bəli, Ermənstandan fərqli olaraq Gürcüstan müəyyən mənada Qərbə təslim olmaq, onun quluna çevrilmək istəmir. Bu mənada demək olar ki, Gürcüstan Azərbaycanla eyni siyasət yürüdür.

Hazırda ABŞ Gürcüstana əsl simasını göstərdi. Bəlli oldu ki, Amerika heç də çətin günün dostu deyil. Ümumiyyətlə, ABŞ heç kimə, o cümlədən,  Gürcüstana dost deyilmiş. Sadəcə, Ağ Evdəkilər öz siyasi və iqtisadi maraqlarına görə hər bir ölkəyə fərdi yanaşır. Bir zamanlar Gürcüstana qucaq açan Amerika bu gün bu ölkə ilə əlaqələrini kəsmək üzrədir.

Təsadüfi deyil ki, ABŞ Gürcüstana yardımı dayandıracağını bildirib. Bunu ABŞ Dövlət katibi Antoni Blinken deyib.  O qeyd edib ki, Gürcüstan hökumətinin hərəkətləri Avropa İttifaqı (Aİ) və NATO-ya üzvlüklə uyğun gəlmir.

ABŞ-ın və Aİ-nin, hətta NATO-nun “incikliyinin” tək səbəbi isə “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu və qüqvvəyə minməsidir. Tək bir qanunvericilik aktına görə Qərb Gürcüstanla bütün körpüləri yandırdı. Halbuki, bu qanun ABŞ-da və Aİ ölkələrində çoxdan qüvvəyə minib. Amma nədənsə özlərində qüvvədə olan qanunun Gürcüstanda icra edilməsini Qərb istəmir. Səbəbsə çox sadədir. Çünki Qərbin Gürcüstanda çox böyük agentura şəbəkəsi var. Bu şəbəkə hesabına Qərb təkcə Gürcüstanda yox, bütün regionda öz məkrli planlarını həyata keçirir.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Seçilən
28
50
ikisahil.az

10Mənbələr