AZ

Bağça müəllimlərinin imtahanında ən yüksək bal toplayan müəllimin TƏƏSSÜRATLARI - FOTO

Xəbər verdiyimiz kimi məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlər üçün ilk dəfə diaqnostik qiymətləndirmə imtahanı keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Balakən şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi Sədaqət Bayramova diaqnostik qiymətləndirmədən ölkə üzrə ən yüksək 60 bal toplayaraq birinci olub.


Bakı Məktəbəqədər Pedaqoji Texnikumunu bitirən Sədaqət müəllim 1998-ci ildən Balakən şəhər 3 nömrəli körpələr evində çalışır. Artıq 26 ildir ki, bu xanım ömrünü uşaqların inkişafına, onların təlim-tərbiyəsinə həsr edib. Ötən bu illərdə onlarla körpə yetişdirən Sədaqət Bayramovanın əziyyəti hədər getməyib desək yanılmarıq. Belə ki, onun tərbiyə etdiyi uşaqlar bu gün də harada olmalarından aslı olmayaraq, vaxtaşırı olaraq müəllimlərinə baş çəkir, onu unutmurlar.


Ölkə birincisi Sədaqət Bayramova uşaqlara qəlbən bağla olduğunu, onları sevdiyini. ən çətin uşaqlarla işləməyi bacardığını bildirib. Məhz bu səbəbdəndir ki, diaqnostika imtahanlarında da düşən suallar bir qədər çətin olsa da tərbiyəçi-müəllim onların öhdəsindən bacarıqla gəlməyə nail olub.
 

“Vətənimizin, cəmiyyətimizin gələcəyi indi uşaqlara necə tərbiyə verməyimizdən aslıdır. Bu uşaqları hərtərəfli şəxsiyyət kimi formalaşdırmaq bizim əlimizdədir” deyən müəllim həmkarlarını daha səylə çalışmağa, bilik və bacarıqlarını uşaqların mükəmməl insan kimi yetişməsinə sərf etməyi tövsiyə edir.




Qeyd edək ki, 19-20 oktyabr tarixlərində məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin diaqnostik qiymətləndirilməsi keçirilib. Prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunub. Ümumilikdə diaqnostik qiymətləndirilmədə 90% davamiyyət qeydə alınıb.



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
11
1
bizim.media

2Mənbələr