AZ

Karbon tullantısının 15 faizi nəqliyyatın payına düşür

Energetika nazirinin müavini, COP29-un Azərbaycan üzrə baş icraçı direktoru Elnur Soltanov “Gələcək üçün dayanıqlı nəqliyyat” mövzusunda keçirilən tədbirdə ölkəmizdəki emissiyaların, təxminən, 15 faizinin nəqliyyatın payına düşdüyünü bildirib. Nazir müavininin sözlərinə görə, 2022-ci ildə respublikamızın ümumi emissiyaları, təxminən, 61 milyon tondan çox olub. Azərbaycanın emissiyaları qlobal emissiyaların, təxminən, mində biri səviyyəsində qeydə alınıb.

Baş icraçı direktor iqlim müzakirələrinin əsasını Azərbaycanın hazırladığı Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi təşkil etdiyini, burada ölkələrin öhdəliklərinin və iqlim fəaliyyət planlarının əksini tapdığını vurğulayıb.

Qeyd edək ki, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədində ölkəmizin milli şəraiti və maraqları, eləcə də gələcək inkişaf perspektivləri nəzərə alınaraq, qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması təşəbbüslərinə töhfə olaraq baza ili (1990) ilə müqayisədə 2030-cu ilə istixana effektli qaz tullantılarının səviyyəsində 35 faiz azalmanın saxlanılmasını hədəf kimi götürülüb.

Son 100 ildə Azərbaycan ərazisində orta illik temperatur 0,4-1,3 dərəcəyə qədər artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri–bərabər paylanıb. Belə ki, Böyük Qafqazın yüksək dağlıq ərazilərində orta illik temperaturun 1,1-1,3 dərəcə artması müşahidə olunub. Azərbaycanda aparılan tədqiqatlara əsasən, 1961-1990-cı illərlə müqayisədə 1991¬–2012-ci illərdə temperatur artımı 0,2–1,5 dərəcə intervalında dəyişib. Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü də artıb.

Azərbaycan iqlim dəyişmələrinin təsirlərinə yüksək dərəcədə həssas, inkişaf etməkdə olan ölkədir. İstilik effekti yaradan qazların milli tullantıları qlobal tullantıların yalnız 0,1 faizini təşkil edir.

Seçilən
11
1
xalqqazeti.az

2Mənbələr