AZ

Pensiya gecikir, banklar cərimə yazır

Belə ki, pensiyalar bir qayda olaraq Bakı, Sumqayıt və Abşeronda ayın 6-10-u, regionlarda ayın 15-i verilirdi. Ancaq Dövlət Sosial Müdafiə Fondunun son rəsmi açıqlamasında bildirilir ki, bundan sonra Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödəniləcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli pensiyalarla bağlı qrafikin dəyişməsinə münasibət bildirib. Deputatın fikrincə, pensiyaçıların xeyli hissəsinin çətinliklə üz-üzə qaldığı bir vaxtda pensiyaların verilmə qrafikinin dəyişdirilməsi narazılıq yaradan hərəkətdir:

“Çünki əvvəlki qrafikə görə pensiyalar Bakı, Sumqayıt və Abşeronda ayın 6-10-u, regionlarda ayın 15-i verilirdirsə və insanlar da buna uyğun müxtəlif banklardan həmin tarixə arxayın olub kredit alırdılarsa və onların kartları birbaşa həmin tarix kreditlərin ödənilməsinə yönəldirilirdi”.

Deputat deyib ki, bir sıra hallarda pensiyalar vətəndaşın ailəsinin yeganə gəlir mənbəyidirsə, belə bir vəziyyətdə qrafikin dəyişilməsi düzgün deyil:

“Ona görə də pensiyaların verilməsindəki bu qrafik dəyişikliyi hansısa bir məsələ ilə əlaqədardırsa, müvəqqəti xarakter daşıyırsa və ya texniki xarakterlidirsə, onda Dövlət Sosial Müdafiə Fondu pensiyaların verilmə qrafikinin nə vaxt əvvəlki qaydaya qayıdacağı barədə ictimaiyyətə məlumat verməlidir. Yox, əgər pensiyaların verilməsindəki gecikmələr ötəri, texniki xarakterli bir məsələ deyilsə və bundan sonra pensiyaların verilməsinə maliyyə-mühasibat baxımındandan yanaşılacaqsa, onda təklif edirik ki, son 3 aya qədər bir qayda olaraq həmişə Bakı, Sumqayıt və Abşeronda ayın 10-na qədər, regionlarda isə ayın 15-i, uzağı 15-20-si arasında pensiya alıb kreditlərini ödəyən pensiyaçıların kredit ödəmə tarixi, pensiya verilən yeni günə transformasiya olunsun. Yaxşı olar ki, banklar pensiyaçılara və onların yaxın qohumlarına zəng edərək onlara mənəvi-psixoloji zədələr vurmasınlar və diskonfort yaratmasınlar. Banklar pensiyaların verilmə qrafikindəki dəyişikliyə uyğun olaraq yeni qrafik tətbiq etsin.Yəni banklar onsuz da çətin durumda olan pensiyaçılarla gecikmə faizi hesablamasın və tətbiq etməsin. Onsuz da pensiyasının xeyli hissəsini müalicə, dava-dərman üçün kreditə ödəyən vətəndaş bir də gecikməyə görə faiz cəriməsi ödəməsin. Aşağı pensiya alan insanların bu yolla itirdiyi hər manat onunçün böyük puldur.Bir də ki, pensiyaçı təqsiri olmayan səbəblərə görə pulunun bir hissəsini niyə itirməlidir ki?..”

Beləliklə, artıq əvvəlki tarixdə pensiya ala bilməyən təqaüdçülərin kredit ödənişi ilə bağlı yaranmış problemi necə həll olunmalıdır?

İqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”a bildirib ki, əslində bu gün pensiya ilə bağlı problem var:

“Nəzərə almaq lazımdır ki, təqaüdçülərə kreditlə bağlı hər gün faiz gecikmələri hesablanır. Təqaüdçülər uzun illərdir ki, eyni qrafiklə pensiya alır və onlar buna uyğun olaraq banklarla müqavilələr imzalayırdılar. Banklar da avtomatik olaraq pensiyalar köçdükdən sonra həmin vəsaiti təqaüdçülərin hesabından tuturdu. Yəni sistem avtomatik işə düşürdü. İndi yeni qrafik tərtib olunub. Hələlik Dövlət Sosial Müdafiə Fondu açıqlama verməyib ki, bu, texniki məsələdir, yoxsa bundan sonra beləmi olacaq. Yəni heç kim bilmir ki, pensiya əvvəlki qrafiklə, yoxsa artıq DSMF-nin tərtib etdiyi yeni qrafiklə veriləcək. Ona görə ortada ciddi tərəddüd var. Təqaüdçülərə ciddi ziyan dəyir. Onsuz da onlar pensiyalarını dərmana, müalicəyə və digər xərclərə sərf edirdilər. Bunun üçün kredit götürmək məcburiyyətində qalmışdılar. Əhalinin ən kövrək sosial təbəqəsi hesab olunan təqaüdçülər üçünödənişlərin bir neçə gün gecikməsi ciddi problemlər yarada bilir”.

Ekspert bildib ki, bu, yalnız bank kreditləri ilə bağlı deyil:

“Digər kommunal ödənişlər. Bir həftə gecikmə çox ciddi sosial problemlər yaradır. Ona görə də bu məsələ barədə DSMF ilə ölkənin iki böyük bankı arasında müəyyən danışıqlar aparılmalıdır. Yeni qrafikə uyğun olaraq ortada 7- 10 günlük fərq yaranır. Həmin 10 günə ya yeni qrafik açıla, ya da banklar bununla bağlı qərar verərək dövr ərzində gecikməyə görə təqaüdlərə əlavə faiz cərimələri hesablamaya bilər. Bu, çox sadə bir mexanizmdir. Onun üçün DSMF əsas iki banka müraciət edərsə, müsbət qarşılana bilər. Əgər köhnə qrafikə dönüş olmayacaqsa, məsələ texniki problem deyilsə, banklarla razılaşmaq lazımdır ki, vətəndaş əziyyət çəkməsin. Bunun çıxış yolu çox sadədir. Düşünürəm ki, bununla bağlı yaxın günlərdə müsbət qərar verilə bilər”.

Ekspert nümunə də göstərib: “Anam müalicəsi üçün bankdan kredit götürmüşdü. Neçə illər idi ki, pensiyalar ayın 15-ə qədər ödənilirdi. Bank da avtomatik olaraq pensiya hesaba köçən kimi pulunu tuturdu. Qrafik dəyişib, pensiyalar gecikir. Hər günə 1.20 AZN faiz cərimə hesablanır”.

Seçilən
16
4
cebheinfo.az

5Mənbələr