AZ

Gürcüstan azərbaycanlıların Qarabağa səfəri YEKUNLAŞDI

Gürcüstan azərbaycanlıların işğaldan azad olunan ərazilərə səfərinin növbəti ünvanı Şuşa və Ağdam olub.

Bizim.Media xəbər verir ki, sayca üçüncü olan bu qrupun səfəri ötən gün Xankəndi şəhərindən start alıb.

Bugün səhər saatlarında isə qonaqlar üçün Şuşa şəhərində gəzinti təşkil edilib. Şuşa şəhər mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar.
 

Qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti barədə məlumat verilib. Bildirilib ki, otuz illik işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası da diqqətdə saxlanıldığı bildirilib. Qonaqlar həmçinin Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları, Yuxarı Gövhər Ağa məscidi və İsa bulağı ilə tanış olublar. Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.


Daha sonra qonaqlar günün ikinci yarısında Ağdam rayonunda olublar. Şəhər mərkəzində yerləşən Cümə məscidi ilə tanış olan qonaqlara məlumat verilib ki, 1868-1870-ci illərdə inşa edilən məscid də 30 illik erməni işğalı ərəfəsində digər tarixi-dini abidələr kimi erməni vandalizminə məruz qalıb və erməni vandalları Ağdam Cümə məscidində mal-qara saxlayıblar.

Məhz Ağdam şəhəri işğaldan azad edildikdən sonra məscid Azərbaycan dövləti tərəfindən bərpa olunub. Qonaqlar Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına da baxıblar.

Məlumat verilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən biri olub. Lakin işğal zamanı Ağdam yerlə-yeksan edilərək xarabalığa çevrilib. Məhz işğaldan azad edildikdən sonra Ağdamda geniş tikinti-quruculuq işlərinə start verilib. Hazırda şəhər mərkəzi ilə yanaşı ətraf bir neçə kənddə də tikinti işlərinin aparıldığı və yaxın zamanlarda əhalinin Ağdama qaydışının təmin olunacağı bildirilib.

Qeyd edək ki, sözü gedən ərazilər üzrə qonaqların üç qrup olmaqla altı günlük nəzərdə tutulan səfəri bununla da yekunlaşıb.

Bizim.Media

Seçilən
12
7
bizim.media

10Mənbələr