AZ

Deputat uşaq ədəbiyyatına diqqət ayırmağı vacib sayıb

Uşaqlar üçün maraqlı, gərəkli kitabları əlçatan etmək lazımdır.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin iclasında deputat Elnarə Akimova bildirib.

Deputat deyib ki, kitabxanaların sayını artırmaq, uşaqları ora cəlb etmək, onlara həm klassik irsimiz, həm də dünya ədəbiyyatının ən dəyərli nümunələri ilə tanışlıq imkanı yaradılmalıdır: “Xüsusilə, regionlarımızda uşaq kitabxanaları kasaddır, əlverişli deyil, bu məsələyə diqqət ayrılmır. Əvvəllər heç olmasa böyük tirajla çıxan “Göyərçin”, “Pioner” jurnalları vardı. Hətta ən ucqar kənddə yaşayan uşağın belə əlinə çatırdı, məktəblərə paylanırdı. Yaxud uşaq verilişləri vardı: “Çıraq”, “Kitab evi”. Bu verilişlər indi yoxdur. “Göyərçin”, “Göy qurşağı”, “Günəş” jurnalları çıxır, amma təəssüf ki, çox az tirajla çıxır. Yeri gəlmişkən, uşaq ədəbiyyatı nəşrləri mexanizminin tənzimlənməsi üçün dövlət nəzarəti olmalı, bu sahə ciddi yanaşmanın predmetinə çevrilməlidir. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna əsasən, ailə institutunu nüfuzdan salan informasiyalar uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiyalar sırasına aid edilib və həmin informasiya məhsullarının uşaqlar arasında yayılması qadağandır. Bizdə bəzi hallarda bu qanunun tələblərinə zidd olan kitablar çap olunur. Baxırsan ki, orda ya dini-ideoloji, ya da mənəvi-əxlaqi baxımdan yanlışlar yer alır. Məncə, xüsusilə, azyaşlı uşaqlar üçün istənilən vəsait çap olunmamışdan əvvəl senzuradan keçib qrif almalıdır. Müvafiq prosedur və yoxlamalardan sonra çap edilməlidir. Asudə vaxtın təşkili üçün elə bir mexanizm tapmaq lazımdır ki, bunlar harmoniya təşkil etsin, qidalanma da, təlim tərbiyə də, asudə vaxtın təşkili də vahid ahəngdə olsun. Burada daha çox iki cəhət — estetik dünyagörüşünün təkmilləşdirilməsi və vətənpərvərlik tərbiyəsi əsas götürülməlidir. Bunu sənət əsərləri ilə tarixin qarşılıqlı əlaqəsini sintez edərək təmin etmək olar. Məsələn, Qobustan qayaüstü rəsmləri uşaqların həm estetik ehtiyaclarının ödənilməsi, həm də tarixin, Azərbaycan xalqının mifoloji dəyərlərinin, simvollarının mənimsənilməsi baxımından zəmin ola bilər. Bunun üçün məktəblərdə bu kimi məkanlara planlı və sistemli ekskursiyalar təşkil etmək lazımdır”.

Seçilən
31
apa.az

1Mənbələr