AZ

Simonyanın Qarabağ etirafı: Kimə mesajdır?

Ermənistan parlamentinin sədri Alen Simonyan son açıqlaması ilə diqqət çəkib.

O, Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edib: “Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və belə olaraq qalır. Həmçinin, Azərbaycan Qarabağdakı əməliyyatı BMT Təhlükəsizlik Şurasının ən azı 3-4 qətnaməsi çərçivəsində həyata keçirib”.

Maraqlıdır, Simonyan bu açıqlamasında nə dərəcədə səmimidir? O, nə etməyə çalışır?

“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Alen Simonyanın sözlərinin müxtəlif səbəbi ola bilər:

“Birincisi, Alen Simonyanın bu açıqlaması artıq Ermənistan cəmiyyətində də Qarabağın kimə məxsus olduğunun açıq etirafıdır. Bu, həm də Qərbə mesajdır. Yəni rəsmi İrəvan onların üzərindən manipulyasiyanın dayandırılması istəyir. İkincisi, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistan hakimiyyətinə verilmiş tapşırıq da ola bilər. Yəni sabah başqa bir şey olarsa, Qərb Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və sülh müqaviləsi imzalamaq istəyən tərəfin guya rəsmi İrəvan olmasını gündəmə gətirər. Xarici təsirlərin nəticəsində də belə açıqlamaların verilməsi mümkündür. Belə desək, topu Azərbaycanın üzərinə atmaq istəyirlər. Əslində, bu da bir növ manipulyasiya formasıdır”.

Ekspert qeyd edib ki, Simonyanın sözləri Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı reallıq da ola bilər:

“Simonyan bu sözləri həm də Ermənistan hakimiyyətinin Azərbaycanın Qarabağın mütləq hakimi olduğunu etiraf etməsidir. Yəni, Simonyanın fikirlərində səmimi olmasını düşünmək istəyirik. Lakin Ermənistan rəsmilərinin söylədiyi fikirlərlə atdıqları addımlar üst-üstə düşmür”.

Seçilən
15
cebheinfo.az

1Mənbələr