AZ

Qərb faktiki olaraq Gürcüstan əhalisini şantaj etməklə məşğuldur – RƏY

Qərb

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi yaranan ictimai-siyasi vəziyyət Qərbin Cənubi Qafqazda Rusiya ilə güc çəkişməsinin təzahürüdür. Qərb faktiki olaraq Gürcüstan əhalisini şantaj etməklə məşğuldur. Avropa İttifaqının(Aİ) ötən həftə viza ilə bağlı məsələyə dair bəyanat verməsi gürcü əhalisini ciddi şəkildə düşünməyə vadar edir. Əgər xalq parlament seçkilərinin yekunu olaraq müxalifətə səs verməsə, Aİ gürcü vətəndaşları üçün viza rejimi tətbiq edəcək. Eləcə də Gürcüstanın göstərilən yardımların kəsilməsi ilə bağlı verilən qərar da əlbəttə ki, seçkilərdən əvvəl cəmiyyətin əhvali-ruhiyyəsinə təsir edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov səsləndirib.

Onun sözlərinə görə, seçkiqabağı təşviqat kampaniyalarında Gürcüstanın indiki hakimiyyəti Qərblə münasibətlərə xələl gətirmədən qonşu Rusiya ilə loyal münasibətlər saxlamaqda maraqlı olduğu açıqlayıb. Belə olan halda, Qərbin gürcü ictimaiyyətini çaşdıran açıqlama və bəyanatları bir sıra çağırışları özündə vəd edir. İvanişvilinin avqust ayında seçkiqabağı təşviqat proqramını Msxetada elan etməsi, orada faktiki olaraq Gürcüstanın iki vektor arasında qalmasına eyham vurulması təsadüfi deyildi. Necə ki, IV əsrdə Gürcüstan provaslavlığı qəbul edərkən İran və Qərb arasında qalmışdısa, bu gün Gürcüstan Rusiya və Qərb sivilizasiyaları arasında qalıb.

Son günlər baş verən hadisələr bir daha onu göstərdi ki, Gürcüstan cəmiyyətində də xarici siyasətlə bağlı ciddi parçalanma var. Belə ki, Gürcüstan hakimiyyəti əhaliyə ərazi bütövlüyü və işğal olunmuş ərazilərin qaytarılmasını vəd edir. Eyni zamanda, Avropa inteqrasiyasına yox demir. Ancaq Qərb hesab edir ki, bu, Gürcüstanın yenidən Rusiyanın tabeçiliyinə qayıtmasıdır.

Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri və indiki hakimiyyətlə güclü siyasi əlaqələrin olduğuna diqqət çəkən siyasi şərhçi hesab edir ki, Cənubi Qafqaz regionu və Azərbaycan üçün sadiq Gürcüstan daha vacibdir. Buna görə Gürcüstanda siyasi vəziyyətin gərginləşməsi region ölkələrini narahat etməyə bilməz. Bu amilləri nəzərə alaraq, bütün regionun diqqətinin oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərinə cəlb olunacağını söyləmək mümkündür.

Seçilən
18
50
azertag.az

10Mənbələr