AZ

Aparıcı İlkin Həsəni bu videonu paylaşmaqla qanunları pozub?

Aparıcı İlkin Həsəninin paylaşdığı bir video müzakirələrə səbəb olub. O, polis orqanlarına xitabən paylaşdığı həmin videoda siqaret kötüyünü maşınından yola atan sürücünün cərimələnməsini istəyib:

"Tərif etdiyim kimi tənqidim də var. Zəhmət olmasa, bu görüntü əsasında tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə sürücünü 300 manat cərimələyin və mənə cərimə haqqında məlumat verin".

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır. mənbə

Eyni zamanda nəzərdə tutulmuş xətanı inzibati tənbeh almış şəxs inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədərsə, bu dəfə 700 manat cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur.

Qeyd edək ki, aparıcı İlkin Həsəni “sürücünü 300 manat cərimələyin və mənə cərimə haqqında məlumat verin” imperativi ilə yanlışlığa yol verib. Belə ki, Milli Məclisin 8 oktyabr 2024-cü il tarixdə keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik hələlik birinci oxunuşda qəbul edilib.

İddia: “Fərdi məlumatlar haqqında” qanun pozulub

Paylaşımla “Fərdi məlumatlar haqqında”Azərbaycan Respublikası qanununun pozulduğu ilə bağlı iddialar var. İddialara görə, maşının nömrəsi fərdi məlumatdır, bu nömrə ilə şəxsin kimliyini müəyyən etmək mümkündür. Odur ki, aparıcı gördüyü, çəkdiyi məlumatı yaymamalı, sadəcə polisə xəbər etməli idi. Hətta maşının markası onun sahibinin kimliyini müəyyən edirsə, məsələn, nadir rast gəlinən markalardandırsa, onda onun görüntülərinin yayılmamalı olduğunu düşünənlər var.

(avtomobilin dövlət nömrə nişanı tərəfimizdən gizlədilib)

Bu videonun şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verdiyini düşünənlər hesab edirlər ki, bu, media, habelə informasiya sistemləri ilə açıqlanması və ya fərdi məlumatlarla şəxslərin hər hansı digər üsulla tanış olmasına imkan yaradılmasıdır ki, qanunun 2.1.12-ci maddəsi ilə məsuliyyət yaradır.

Qanunla fərdi məlumatların toplanılması və işlənilməsi yalnız müəyyən şərtlərlə həyata keçirilə bilər. Məsələn, məlumatlarının toplanılmasına və işlənilməsinə şəxs öz razılığını verdikdə, bu məlumatlar açıq kateqoriyalı olduqda, yaxud fərdi məlumatlar onların toplanılması və işlənilməsi məqsədlərini və üsullarını müəyyən edən qanunvericilik əsasında işlənildikdə icazə verilə bilər.

İddiaya görə, belə faktlar çəkilib paylaşılmalı deyil, hüquq-mühafizə orqanlarına göndərilməlidir.

“Məlumatı yayan nəinki məsuliyyətə cəlb edilməli, əksinə mükafatlandırılmalıdır”

Keçmiş polis əməkdaşı, polkovnik-leytenant Surxay Cəfərov Faktyoxla Lab-a bildirib ki, məlumatı verən nəinki məsuliyyətə cəlb edilir, əksinə, məlumatı verən şəxs kimi 60 manat mükafatlandırılır. Onun sözlərinə görə, dünya ölkələrinin böyük əksəriyyətindən çoxsaylı nümayəndələrin iştirak edəcəyi COP29 tədbirləri ərəfəsində, ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik” ilində atmosferi və yeri zibilləyənlərə qarşı hər kəs mübariz olmalıdır: “Yeni qanun qüvvəyə minəndən sonra maşından tullantı atanlar 200 manat, siqaret atanlar 300 manat məbləğində cərimə ediləcək”.

S.Cəfərov məlumatın polisə sosial hesablardan verilməsinə də münasibət bildirib: “Paylaşımda hər hansı fərdi məlumat yoxdur. Maşın subyektin öz maşını olmaya da bilər”.

Avtoekspert Elməddin Muradlı da səslənən iddialarla razılaşmayıb.

Seçilən
19
2
publika.az

3Mənbələr