AZ

“Qaynar samovarı azərbaycanlıların belinə bağlayıb işgəncə verirdilər” – VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Medianews.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Finlandiyada yaşayan azərbaycanlı alim Sevil İrəvanlı olub.

O, Qərbi Azərbaycanın Dərələyəz mahalından, ata-baba yurdu olan Keşişkənd rayonunun Çivə kəndindən söhbət açıb. Bildirib ki, gözəl təbiəti olan bu yaşayış məntəqəsi qədim tarixi ilə də diqqət çəkib. Kənddə çoxsaylı maddi-mədəniyyət abidələri, təhsil müəssisəsi, zəngin kitabxana olub. Çivəlilər elmə, təhsilə böyük maraq göstəriblər. Bunun nəticəsində də kənddə orta məktəbi bitirərək ali təhsil müəssisələrinə qəbul olan, tələbə adını qazananların sayı hər il artıb.

Hazırda Finlandiyada elmi-pedaqoji, eyni zamanda, jurnalistika fəaliyyəti ilə məşğul olan S.İrəvanlı deyib ki, daim tarixi yurd yerlərimizin xəyalı ilə yaşayır, ürəyi Vətən həsrəti ilə döyünür. Ermənilərin azərbaycanlılara qarşı törədiyi vəhşiliklərdən danışan alim vurğulayıb ki, ötən əsrin əvvəlində daşnaklar dəfələrlə Çivə kəndinə, eləcə də ətraf yaşayış məntəqələrinə hücum edib, silahsız, dinc insanlarla qəddarcasına rəftar edib, onları qətlə yetiriblər.

Nənəsinin şahidlik etdiyi hadisəni dilə gətirən S.İrəvanlı söyləyib ki, daşnaklar qaynar samovarı azərbaycanlıların belinə bağlayıb işgəncə verərək öldürüblər. O, Çivə kəndindəki tarixi abidələrin də ermənilər tərəfindən məqsədli şəkildə məhv edildiyini, arxivin yandırıldığını vurğulayıb. Alimin sözlərinə görə, 1947-ci ildən etibarən Dərələyəz mahalına, Keşişkənd rayonuna da xaricdən ermənilər kütləvi şəkildə köçürülərək zorla qovulan azərbaycanlıların evlərində məskunlaşdırılıblar. Bunun sayəsində tarixən azərbaycanlıların yaşadığı ərazilərdə ermənilərin say üstünlüyü təşkil olunub.

Finlandiyada Azərbaycanın təbliğatı ilə məşğul olduğunu xatırladan S.İrəvanlı Qarabağ Zəfərindən sonra bütün Qərbi azərbaycanlılarda tarixi torpaqlarımıza qayıtmaq ümidinin artdığını qeyd edib. Bildirib ki, ata-baba yurduna getmək, doğulduğu evdə olmaq, oraları təkrar görmək, Çivədə dünyasını dəyişən doğmalarının məzarlarını ziyarət etmək istəyir.

Seçilən
7
1
medianews.az

10Mənbələr