AZ

BilBacar müsabiqəsi nədir və kimlər iştirak edə bilər? - Ən çox verilən sualların cavabları

Məlum olduğu kimi oktyabrın 15-dən Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BilBacar müsabiqəsinə start verilib. 

TƏHSİL.BİZ  müsabiqə barədə tez-tez verilən sualların cavablarını təqdim edir:

"BilBacar"a kim qoşula bilər?

"BilBacar" müsabiqəsinə respublikanın bütün ümumtəhsil müəssisələrinin VIII, IX və X sinif şagirdləri qoşula bilər.

"Bilbacar" müsabiqəsinin məqsədi nədir?

VIII, IX və X siniflərdə təhsil alan şagirdlərin məktəbdə qazandıqları bilik və bacarıqları həyatda istifadə etmək qabiliyyətini inkişaf etdirmək və şagirdləri bu bilik və bacarıqları real həyatda tətbiq etməyə sövq etməkdir.

Qeydiyyatdan necə keçmək olar?

Qeydiyyatdan iki üsulla keçmək olar: - Şagird bilbacar.edu.az saytında “Qeydiyyatdan keçin” bölməsinə daxil olaraq qeydiyyatdan keçir; - Məktəbin "BilBacar" koordinatoru şagirdi qeydiyyatdan keçirir.

Müsabiqə nə vaxta qədər davam edəcək?

Müsabiqə oktyabr-iyun ayları ərzində davam edəcək. Oktyabr-may ayları üzrə 8 seansdan ibarət onlayn mərhələ, iyun ayında isə əyani formada final mərhələsi keçiriləcək.

Müsabiqəyə necə hazırlaşmaq olar?

Saytda qeydiyyatdan keçdikdən sonra “Hazırlıq” bölməsinə daxil olaraq “Yarış”da qarşınıza çıxacaq suallara bənzər suallarla tanış ola, eyni zamanda onları həll edərək bal toplaya bilərsiniz.

Müsabiqədə qalib gəldiyini necə bilmək olar?

Hər ay “Yarış” bitdikdən sonra öz nəticənizi respublika üzrə, regional təhsil idarəsi üzrə, məktəb üzrə və eyni zamanda liqalar üzrə görə bilərsiniz.

Liqalar nədir?

İştirakçı müsabiqədə əldə etdiyi nəticəsinə uyğun olaraq 7 liqadan (səviyyədən) birində qərarlaşır:

Platinum (640 – 660 arası bal toplayan şagirdlər)

Çempion (600 – 639 arası bal toplayan şagirdlər)

Kristal (550 – 559 arası bal toplayan şagirdlər)

Qızıl (500 – 549 arası bal toplayan şagirdlər)

Gümüş (450 – 499 arası bal toplayan şagirdlər)

Bürünc (400– 449 arası bal toplayan şagirdlər)

Fəal İştirakçı (100 – 399 arası bal toplayan şagirdlər)

Hansı fənlərdən sualları cavablandırmaq lazımdır?

Bütün müsabiqə boyu üç fənn üzrə sualları cavablandıracaqsınız:

- riyaziyyat:          20 sual

- oxu:                   20 sual

- təbiət elmləri:    20 sual

Məktəb "BilBacar"da iştirak etmirsə, fərdi şəkildə iştirak etmək olar?

Məktəbinizə müraciət edərək iştirak etmək istədiyinizi bildirin. Məktəbiniz müvafiq regional təhsil idarəsinə müraciət etməklə və ya bilbacar.edu.az saytında “İştirak üçün müraciət et” düyməsini klikləyərək müsabiqəyə qoşula bilər.

"Hazırlıq" və "Yarış" nədir?

“Hazırlıq” iştirakçıların “Yarış”a hazırlığı üçün nəzərdə tutulub. Şagirdlər bu bölməyə istənilən məkandan və istənilən vaxt (kompüter, planşet və ya telefon vasitəsilə) daxil ola bilərlər. “Hazırlıq” bölməsində hər doğru cavab 1 balla qiymətləndirilir. “Hazırlıq” bölməsindəki tapşırıqlar 1 ay müddətində açıq olacaq. Şagirdlər bu bölmədəki tapşırıqları bir dəfəyə tamamlamağa məcbur deyil, hissə-hissə də cavablandıra bilərlər. Şagirdlər “Hazırlıq” bölməsindəki bütün suallara cavab verib, təsdiq etdikdən sonra bu mərhələ yekunlaşır və onlar topladıqları balı görə bilirlər. Yanlış cavablandırılan suallara görə bal çıxılmır. Bu mərhələ üzrə suallar hər ay yenilənir. Bu bölmədə qazanılmış ballar yarış bölməsində qazanılmış ballara əlavə olunur.  

“Yarış” bölməsi ayda bir dəfə aktivləşməklə 8 seansdan (imtahandan) ibarətdir. Yarış bölməsinin hər bir seansı məktəbdə BilBacar koordinatorunun müşayiəti ilə keçirilir. Hər seansın müddəti 2 saatdır. Həm “Hazırlıq”, həm də “Yarış” bölməsində 60 tapşırıq mövcuddur və bu tapşırıqları həll etmək üçün şagirdlərə 2 saat vaxt verilir.

Müsabiqə nə zaman bitəcək?

2024-cü ilin oktyabr ayından etibarən başlayan və ümumilikdə 9 ay davam edən müsabiqədə şagirdlər riyaziyyat, oxu və təbiət elmləri üzrə bilik və bacarıqlarını nümayiş etdirirlər. Müsabiqə 2 mərhələdən ibarətdir:

I mərhələ virtual platforma üzərindən 2024-cü ilin oktyabr ayı - 2025-ci ilin may ayı ərzində davam edir.

II mərhələ 2025-ci ilin iyun ayında əyani formatda keçirilir.

Sualları yalnız kompüter vasitəsilə cavablandırmaq mümkündür?

“Hazırlıq” bölməsinin suallarını kompüter, planşet və ya telefondan istifadə etməklə cavablandıra bilərsiniz. Lakin “Yarış” bölməsindəki sualları yalnız kompüter vasitəsilə və məktəb koordinatorunun nəzarəti altında ayda bir dəfə cavablandırmaq olar.

“BilBacar” nəticəsini necə paylaşmaq olar?

Şagirdlər şəxsi kabinetlərinə daxil olaraq öz nəticələrini izləyə və sosial şəbəkələr vasitəsilə paylaşa bilərlər.

Məktəbi müsabiqə üçün qeydiyyatdan necə keçirmək olar?

Məktəblər 2 üsulla qeydiyyatdan keçə bilərlər:

- BilBacarda iştirak etmək istəyən məktəblər tabe olduqları quruma (Regional Təhsil İdarəsi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və s.) müraciət edir, həmin qurumlar isə Azərbaycan Respublikasının Təhsil İnstitutuna bu barədə məlumat göndərir. ARTİ müvafiq məktəblər üzrə hesabları yaradır.

- Sayt vasitəsilə “Məktəblər üçün müraciət" bölməsini doldurmaqla.

Müsabiqədə iştirak ödənişlidirmi?

Xeyr, müsabiqədə iştirak tamamilə ödənişsizdir.

Müsabiqədə keçid balı varmı? Növbəti mərhələyə keçib keçmədiyini necə bilmək olar?

Şagirdlər 2025-ci ilin iyun ayına qədər hər ay “Hazırlıq” və “Yarış”da iştirak edəcəklər. Əgər şagirdin məktəbi BilBacarda iştirak etmirsə, şagird sadəcə “Hazırlıq” suallarını cavablaya biləcək, əgər məktəb BilBacarda iştirak edirsə, şagird “Yarış”da da iştirak edəcək. Nə "Hazırlıq"da, nə də "Yarış"da keçid balı yoxdur, şagird hər ikisində də hər ay iştirak edə bilər. Gələn ilin iyun ayına qədər hər sinif (VIII, IX və X siniflər) üzrə aylar ərzində ümumi balı ən yaxşı olan 150 şagird final mərhələsində iştirak edəcək.

Koordinatorlar şagirdləri qeydiyyatdan keçirmək üçün hansı linkdən istifadə etməlidirlər?

Koordinatorlar şagirdlərin qeydiyyatı üçün https://bilbacar.edu.az/admin/login linkindən istifadə etməlidirlər.

Qeydiyyatdan keçərkən yazdığım nömrəni və ya əldə etdiyim şifrəni yeniləyə bilərəm?

Şagird “Şifrəni unutdum” bölməsinə daxil olaraq nömrəsini və utis şifrəsini daxil edir və yeni şifrə təyin edir.

"BilBacar" müsabiqəsində özəl müəssisələrin şagirdləri də iştirak edə bilər?

Bəli, müsabiqədə özəl məktəblərin şagidləri də iştirak edə bilər. Saytda "Məktəblər üçün müraciət" bölməsindən məktəb sorğu göndərərək müsabiqədə iştirak üçün qeydiyyatdan keçə bilər.

"BilBacar"da rus bölməsində təhsil alan şagirdlər iştirak edə bilərmi?

Bəli, müsabiqə iki dildə keçirilir: Azərbaycan və rus. Hər iki bölmədə təhsil alan şagirdlər müsabiqədə iştirak edə bilərlər.

Seçilən
18
tehsil.biz

1Mənbələr