AZ

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

İsrail-İran arasında hərbi eskalasiya riski bölgə üçün arzuolunmaz nəticələr vəd edir... Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantı zamanı dünyada və regionumuzda baş verən bir sıra ictimai-siyasi hadisələr müzakirə olunub. Müzakirələrdə ilk növbədə İsrail dövlətinin Qəzza və Livan ərazisində həyata keçirdiyi hərbi əməliyyatlar və bu əməliyyatlar nəticəsində bölgədə yaşanan humanitar fəlakətdən narahatçılıq ifadə olunub, İsrail dövlətinin beynəlxalq hüquq normalarına zidd olan hərəkətləri qətiyyətlə pislənilib. İdarə Heyəti dünya ictimaiyyətini Yaxın Şərqdə baş verən qanlı müharibənin qarşısının alınması istiqamətində səylərini birləşdirməyə çağırıb. Müzakirələrdə eyni zamanda İsrail-İran münasibətlərinin gərginləşən xətt üzrə inkişaf etməsinin, bu iki dövlət arasında hərbi eskalasiya riskinin durmadan artmasının bölgə üçün arzuolunmaz nəticələrə gətirib çıxaracağından narahatçılıq ifadə edilib və bu iki dövlət arasında mövcud problemlərin dinc danışıqlar yolu ilə həll olunmasının vacibliyi qeyd edilib. İdarə Heyəti  3 Cənubi Qafqaz ölkəsi – Azərbaycan, Gürcüstan, Ermənistan və 3 bölgə dövləti – Türkiyə, İran, Rusiyanın regional əməkdaşlıq platforması kimi yaradılan “3+3” formatında ötən həftə Türkiyədə adı çəkilən dövlətlərin Xarici İşlər Nazirləri (Gürcüstan istisna olmaqla) səviyyəsində baş tutan növbəti toplantısına da münasibət bildirib. İdarə Heyəti “3+3” formatında müzakirə olunan məsələləri, xüsusilə bölgəmizdə sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində əldə olunan razılaşmaları təqdir edib, eyni zamanda bu prosesdə Gürcüstan hökumətinin də təmsilçiliyin təmin edilməsini vacib hesab edib.  İdarə Heyəti Qərbin və Avropanın iqtisadi gücünə alternativ kimi yaradılan BRICS təşkilatına bir sıra postsovet ölkələrinin üzv olmasına Rusiyanın təşəbbüs göstərməsini bir daha müzakirə edib. Müzakirələrdə qeyd edilib ki, Rusiya-Ukrayna müharibəsi qurtarmayana qədər Azərbaycan bu məsələdə bitərəf qalmalı, bu təşkilata münasibətdə Qazaxstanın BRICS-ə üzv olmaqdan imtina etməsi nəzərə alınmalıdır. İdarə Heyəti hesab edib ki, Azərbaycanın Rusiya ilə birlikdə BRICS-də təmsil olunması ölkəmizin müstəqilliyi və suverenliyi üçün təhdiddir, Azərbaycanın Türk Dövlətlər Birliyinin ciddi təşkilatlanması istiqamətində işlər aparması dövlət və milli maraqlarımız baxımından daha önəmlidir.  İdarə Heyəti son zamanlar Azərbaycanda insan hüquq və azadlıqları sahəsində mövcud olan problemlərin həll edilməsi ilə bağlı beynəlxalq çağırışlara rəğmən ölkəmizdə gələn ay keçirilməsi nəzərdə tutulan COP-29 beynəlxalq iqlim tədbirinin effektiv həyata keçirilməsi və ölkənin nüfuzuna xələl gəlməməsi naminə Azərbaycandakı siyasi məhbusların azadlığa buraxılması istiqamətində humanist addımların atılmasını milli maraqlarımız baxımından vacib hesab edib. İdarə Heyəti ötən həftə bir sıra cərimələrin tətbiq edilməsi və artırılması ilə bağlı Milli Məclis tərəfindən müvafiq qanunvericiliyə əlavələrin qəbul edilməsini qətiyyətlə pisləyib, bu cərimələrin artırılmasını korrupsiya və rüşvətə yol açacağını bildirib. Eyni zamanda qeyd edilib ki, cərimələrin artırılmasına paralel olaraq əmək haqları və pensiyaların artırılması təmin edilməlidir, əks halda nəzərdə tutulan cərimələr vətəndaşların sosial-iqtisadi durumuna mənfi təsir göstərəcək. 

Seçilən
8
2
turanpress.com

3Mənbələr