AZ

Murad Vəliyevin komandası 22-ci məğlubiyyətinə üzüldü

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) üzvü Murad Vəliyevin komandası “Nomme Yunayted” bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, bu gün Estoniya çempionatında 2024-cü il mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.

“Nomme Yunayted” bu turda doğma meydanda “Parnu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

“Nomme Yunayted”ə bu ilin fevral ayında qoşulmuş Vəliyev bu oyunun iştirakçısı olmayıb. Əvvəlki turlarda 2 qol vurmuş azərbaycanlı futbolçunun adı bu dəfə iştirak ərizəsinə də daxil edilməyib.

Qeyd edək ki, Murad Vəliyev müqavilə ilə Estoniyanın “Levadiya” klubuna məxsusdur. Sağ vinger olan 22 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin 31 dekabrına kimi “Nomme Yunayted”də icarə əsasında forma geyinəcək. O, bu komandanın heyətində 29 oyuna çıxıb, 2 qola və 1 avtoqola imza atıb.

Murad Latviyanın “Kalev” klubunun yetirməsidir. O, Almaniyanın “Rozenhaym” və “Bad Aiblinq” klublarının aşağı yaş qrupları üzrə komandalarında da oynayıb. 2022-ci ilin yanvar ayından “Levadiya”da çıxış edən vinger bu klubun əsas komandasında 46 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Murad Estoniyanın U-16 və U-18 yığmalarında oynasa da, 2022-ci ildən Azərbaycanın U-21 millisinə dəvət alır. O, yığmamızda 13 oyun keçirib və 1 qola imza atıb.

Sonda onu da qeyd edək ki, 2000-ci ildə yaradılmış “Nomme Yunayted” bu mövsüm tarixində ilk dəfə Estoniya çempionatında çıxış edir. Sözügedən komanda 32 turdan sonra 14 xalla 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Seçilən
14
3
arena.az

10Mənbələr