AZ

Sığorta şirkətlərinin ikili oyunu: Görün nələr edirlər

“Sığorta şirkətləri onlayn sığorta sistemini bağlayıb, insanlar sistemə daxil olaraq avtomobillərini sığorta edə bilmirlər. Ancaq sığorta agentləri sistemə daxil ola bilirlər”.

Bu şikayət sosial şəbəkələrdə yazılıb. Vətəndaş avtomobilini sığorta etdirmək istəyir. Lakin ona təkbaşına bu prosesi həyata keçirməsi üçün şərait yaradılmır. Məcbur olur ki, sığorta agentlərinə müraciət etsin. Bu zaman agentə də əlavə ödəniş etməli olur. Bəs sığorta şirkətləri niyə belə edirlər?

“Şirkətlər bu tip maşınları sığortalamaqdan qaçır”

Sığorta eksperti İlkin Nəcəfovun sözlərinə görə, şirkətlərin bu cür oyunlara əl atmasının səbəbi avtomobillərin icbari sığortasındakı vəziyyətdir: “İcbari sığorta ilə bağlı durum ürəkaçan deyil. Şirkətlər ziyanla işləyir. Bu gedişlə bir çoxları icbari sığorta lisenziyalarından imtina edəcəklər. Çünki zərərləri, xüsusilə kiçik mühərrikli avtomobillərdə yüz faiz həddini keçir. Bu zərər şirkətləri maliyyə çatışmazlığı riski ilə üz-üzə qoyur. Bu səbəbdən şirkətlər maksimum halda çalışır ki, bu portfeldən kənarlaşsınlar. Taksi kimi işlədilən avtomobillərin, kiçik mühərrikli maşınların icbari sığortası şirkətləri ziyana salır. Ona görə də onlar bu tip nəqliyyat vasitələrini sığortalamaqdan qaçırlar”.

İ.Nəcəfov dedi ki, şirkətlərin atdıqları bu addımlar keçicidir. Ən yaxşısı bu məsələlərin kökündən həll edilməsidir: “İcbari sığorta haqqında” qanununa əsasən, sığorta şirkətləri onlara yaxınlaşan heç bir müştəridən imtina edə bilməzlər. Buna görə də sığorta şirkətləri “ofisə gəlmək lazımdır”, yaxud “sistemdə nasazlıq var” deyərək müraciətlərdən yayınmağa çalışırlar. Amma bu, həll yolu deyil. Tənzimləyici qurumlar bu məsələni həll etməlidirlər. Çünki sığorta şirkətlərinin zərərləri artmaqda davam edir. Bu, bütövlükdə maliyyə bazarına təsirini göstərir. Burada şirkətləri də günahlandırmaq olmaz. Çünki onlar da qazanc əldə etməlidirlər. Çıxış yolu budur ki, ya avtomobillərin icbari sığortası məbləği artırılmalıdır, ya da bunu edə bilməyən şirkətlərin lisenziyaları alınmalıdır. Məsələn, bir sıra şirkətlər özləri lisenziyalarından imtina etdilər. Çox güman ki, yaxın zamanlarda digər şirkətlər də bu istiqamət üzrə lisenziya hüquqlarından imtina edəcəklər”.

Sığorta agentliklərinin reklamı

İqtisadçı Fuad İbrahimov da icbari sığorta sahəsində belə bir problemin mövcud olduğunu təsdiqlədi: “Bu problem həqiqətən də var. Sayt bağlı deyil. Vətəndaş daxil olur, bəndləri doldurur, lakin sona çatdıqda prosesi yekunlaşdıra bilmir. İnsanlar məcbur şəkildə işlərini sığorta agentləri ilə görməli olurlar. Bu, sığorta agentliklərinin reklamı üçün də ola bilər”.

Seçilən
14
9
publika.az

10Mənbələr