AZ

Bakıda keçirilən “TeamGym” üzrə Avropa çempionatında növbəti medallar sahibini tapıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatında kişi və qadın gimnastlardan ibarət qarışıq komandalar arasında qaliblər müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, 6 kollektiv “TeamGym” xalçası, akrobatika cığırı və trampet (minibatut) üzərində güclərini yoxlayıblar.

Üç proqramın cəminə əsasən, 55.700 xal toplayan Danimarka millisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Böyük Britaniya yığması 55.100 xalla gümüş, İsveç komandası isə 49.450 xalla bürünc mükafata sahib çıxıb.

Norveç (52.100), İslandiya (49.850) və İtaliya (48.800) kollektivləri isə müvafiq olaraq dördüncü, beşinci və altıncı yerləri tutublar.

Ardınca qaliblərin mükafatlandırma mərasimi baş tutub. Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə ilk üç yeri tutan komandalara medal və hədiyyələr təqdim olunub.

Daha əvvəl qadın gimnastlardan ibarət komandalar arasında mükafatçılar bəlli olub. İslandiya (53.850) birinci, İsveç (53.400) ikinci, Norveç (49.450) üçüncü olub.

Bu gün həmçinin, kişilərdən ibarət kollektivlər final mərhələsində çıxış edəcəklər.

Qeyd edək ki, 14 ölkədən 268-i böyüklər və 230-u yeniyetmələr olmaqla, ümumilikdə 498 idmançının iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.

Seçilən
16
2
azertag.az

8Mənbələr