AZ

Qriqoryan Rusiya rəhbərliyinə meydan oxudu- “AB missiyası doğru yoldadır”...

Image

Məhərrəm Zülfüqarlı: “Rusiya Ermənistanın Aİ missiyasını bu şəkildə qələmə verməsinə ona görə sərt reaksiya vermir ki...”

“Aİ-nin Ermənistandakı mülki müşahidə missiyası regionda şəffaflığı təmin edir”.  “Armenpress”in xəbərinə görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Dünyanın kəsişməsi: Təhlükəsizlik və demokratiyanın birləşməsi” konfransı çərçivəsində bildirib. 

Qriqoryan qeyd  edib ki, Ermənistan Aİ-nin Ermənistandakı missiyasının gördüyü işləri yüksək qiymətləndirir. “Ermənistan-Avropa İttifaqı münasibətləri kontekstində daha bir vacib məqamı qeyd etmək istərdim. Missiyanın məqsədi ermənilərin Aİ haqqında təsəvvürünü dəyişdirmək deyildi, lakin Aİ missiyası bunu etdi”, - deyə Qriqoryan bildirib. “Bu missiya həm də regiona şəffaflıq gətirir ki, bu da çox vacibdir”. 

Avropa İttifaqının Ermənistandakı missiyasını Rusiya dövləti də, bu ölkənin prezidenti Putin də, xarici işlər naziri Lavrov da,  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü  Zaxarova da pisləyir. Özü də açıq şəkildə pisləyirlər ki, Avropa Birliyinin missiyası bölgədə sabitliyi pozur, müharibəni qızışdırır, bölgədə ziddiyyətlər yaradır, sülh prosesinə mane olur, təxribat törədir. 

Qriqoryan isə Aİ missiyasını süddən çıxmış ağ qaşıq kimi təqdim edir ki, yox, guya Avropa İttifaqının missiyası şəffaflıq yaradır, kömək edir, hər şeyi aydın şəkildə göstərir. Bu, Rusiyanın siyasətinə qarşı birbaşa əks mövqe qoymaqdı.

Məlumdur ki, Aİ missiyasının Ermənistanda fəaliyyətə başlaması region üçün ciddi təhdiddir. Qriqoryan bunu inkar etməyə çalışsa da, Aİ missiyasının bölgədə guya şəffaflığı təmin etdiyini iddia etsə də, əslində bu, vəziyyəti gərginləşdirməyə xidmət edir.  

Rusiyadan buna niyə reaksiya yoxdur? Rusiya niyə Ermənistana cavab vermir? 

“...Hazırda Ermənistanla bağlı ehtiyatlı siyasət yürüdür”

Siyasi şərhçi, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, indiki dövrdə Rusiya-Ermənistan münasibəti əvvəlki dövrlərdən kəskin fərqlənir. M.Zülfüqarlının sözlərinə görə, tutalım, əvvəllər Ermənistanda daim Rusiyapərəst qüvvələr hakimiyyətdə olmuşdusa, indi isə rəngli inqilab nəticəsində “Soros” Fondunun dəstəyilə hakimiyyətə Paşinyan iqtidarı gəlib. “Paşinyan Rusiya ilə münasibətləri qırıb Qərbə meyllənir, Qərb strukturlarının bilavasitə dəstəyi ilə Rusiyanı tamamilə Ermənistandan çıxarmaq istəyir. Əvvəlcə sərhəd qoşunlarını, gələcəkdə isə hərbi bazalarını bu ölkədən çıxarmaq niyyətindədir. Necə ki, “Zvartnos” aeroportundan çıxardı. Ermənistan Aİ-nin missiyasının fəaliyyətini tamamilə fərqli təqdim edir və bu da, təbii ki, ziyanlı bir məsələdir. Aİ missiyası bölgədə şəffaflığı təmin etmir, əksinə, qızışdırıcı mövqe nümayiş etdirir, sabitliyə təhdid rolunu oynayır. Rusiya indiki dövrdə nəyə görə Ermənistana sərt cavab vermir?  Rusiya son illər yeritdiyi siyasətlə bir neçə dəfə Paşinyanın hakimiyətini devirməyə cəhd etdi, amma alınmadı. Rusiya hazırda Ermənistanla bağlı ehtiyatlı siyasət yürüdür. Biz artıq eşidirik ki, Rusiya İran-Ermənistan sərhədindən öz sərhədçilərini çıxaracaq və o sərhədi Ermənistan sərhədçiləri qoruyacaq. Bu artıq Rusiyanın növbəti geri addımıdır. Deməli, artıq Rusiyanın Ermənistanda həqiqətən də mövqeləri zəifləyib. Çünki Rusiya mətbuatının, Rusiya rəsmilərinin qeyd etdiklərinin əksəriyyəti feyk, saxta   məlumatlardır. Reallıq isə hadisələri, faktları təhlil edərkən üzə çıxır. Rusiya  “Zvartnos” aeroportundan sərhədçilərini çıxarıbsa, indi də İran-Ermənistan sərhədindən çıxarırsa, deməli, artıq Paşinyan iqtidarının yeritdiyi siyasətdə onlar addım-addım nailiyyət əldə edirlər, Rusiya isə itirə-itirə gedir.  

Aİ-nin buradakı missiyasına və Aİ-nin siyasətinə gəlincə, əsas söz sahibi olan dövlətlərdən biri Fransadır ki, burada söhbət onun mövqeyindən  gedir. Fransa əvvəldən ermənipərəst siyasət yeridib. Biz çox zaman bunun üstünü vurmamışıq, müəyyən dövrlərdə Fransa-Ermənistan münasibətlərinə diqqət etməyərək Azərbaycan-Fransa münasibətlərinin yaxşı olacağına ümid etmişik”-deyə M.Zülfüqarlı qeyd etdi. 

Qriqoryanın Aİ missiyası ilə bağlı irəli sürdüyü fikirlərə gəlincə, M.Zülfüqarlı bildirdi ki, Aİ nümayəndələrinin  mülki missiya adı altında bölgədə olmasından ən çox narahat olan Rusiyadır, çünki bu missiya Rusiyanın Ermənistandan sıxışdırılıb çıxarılmasına çalışır. M.Zülfüqarlı qeyd etdi ki, Rusiya tərəfindən ən yüksək səviyyədə Aİ missiyasının Ermənistanda fəaliyyətinə sərt reaksiya verilsə də, bu gün Rusiyanın reaksiyasızlığı diqqəti çəkir: “Rusiya Ermənistanın Aİ missiyasını bu şəkildə qələmə verməsinə ona görə sərt reaksiya vermir ki, daha Rusiya əvvəlki Rusiya deyil. Bunun bir səbəbi də Ukrayna cəbhəsindəki vəziyyətdir ki, Rusiyanın başı hələlik ora qarışıb. Təbii ki, bu müharibədə bütün istiqamətlərdə Rusiya çox itirdi. Bu gün Rusiya zəiflədiyi üçün düşünür ki, onu Ermənistanda əvəz etmək istəyən Aİ-ni necə zəiflətsin, sıradan çıxarsın və o ölkədə mövqelərini yenidən özünə qaytarsın. Rusiya çalışır. Ona görə də hər deyilən sözə, verilən bəyanata əvvəlki kimi sərt reaksiya vermir və ya reaksiya vermək gücündə deyil”.

M.Zülfüqarlının sözlərinə görə, hazırda Rusiyanın başı daha çox 26 oktyabrda Gürcüstanda keçiriləcək parlament seçkilərinə qarışıb. O vurğuladı ki, çünki çox böyük qarşıdurma gözlənilir, Rusiyanın ABŞ-la, Qərb ölkələri ilə burda maraqları toqquşduğu üçün  bütün diqqət Gürcüstana yönəlib. “Hazırda Rusiya bütün gücünü Gürcüstanda İvanaşvilinin hakimiyyətini gücləndirməyə və Rusiyaya düşmən olan Qərbyönümlü müxalifəti sıradan çıxarmağa səfərbər edib. Əgər Rusiya Gürcüstanda istəyinə nail olarsa Ermənistanda da vəziyyət tamamilə dəyişə,  orada da öz siyasətini yenidən qura bilər. Çünki Rusiya tək bir ölkə ilə siyasətdə bu cür münasibət yaratmayıb, Ukraynada müharibə aparır, Gürcüstanla və Ermənistanla da bildiyimiz vəziyyətdədir, Qərblə, NATO ölkələri ilə də düşməndir. 

Ona görə də, mənə belə gəlir ki, Gürcüstanda keçirilən seçkiləri gözləməliyik və bundan sonra vəziyyətə uyğun olaraq yeni fikirlər deyə bilərik.   Əgər Gürcüstanda keçirilən seçkilərdə Rusiyapərəst qüvvələr uduzarsa, onda Ermənistandan Rusiyanın tamamilə çıxması prosesi başlayacaq və Putin rejimi buna heç bir müqavimət göstərə bilməyəcək. Amma əksinə olsa, Ermənistandakı proses daha da ləngiyəcək, uzanacaq, burda da Gürcüstanda olduğu kimi növbəti seçkilərdə  Qərblə Rusiya qarşı-qarşıya duracaq.

Azərbaycan üç Cənubi Qafqaz ölkəsi arasında yeganə dövlətdir ki, bu proseslərdən nisbətən kənardı. Bizim ölkəmiz digər iki respublikadan fərqli olaraq qarşıdurma həddində deyil, Qərb ölkələrinin əksəriyyəti ilə də münasibətləri normaldır. Bu ilin noyabrında keçiriləcək COP29-dan sonra Qərb ölkələri ilə bu münasibətlər daha da normallaşa bilər. Bütün hallarda balanslı siyasət öz nəticələrini verir, bu isə biz vətəndaşların da  mənafeyinə uyğundur ki, Azərbaycan cəbhədə qazandığı uğurları diplomatiya cəbhəsində də uğurla davam etdirir və  dövlətimiz daha da güclənir”-deyə M.Zülfüqarlı bildirdi.

İradə SARIYEVA 





Seçilən
53
28
baki-xeber.com

10Mənbələr