Dövlət Departamenti Hindistana 175 milyon dollara "Mark 54" torpedaları və digər sistemlərin potensial satışını təsdiqləyib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi bildirib. Bu qurum hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdehdir.
Açıqlamaya görə, ABŞ xarici siyasət departamenti Mark 54 MOD 0 yüngül torpedaları və müvafiq avadanlıqların Hindistan hökumətinə təxminən 175 milyon dollara mümkün satışını təsdiqləyib. Sənəddə dəqiqləşdirilir ki, Hindistan hakimiyyəti bundan əvvəl ABŞ-dən 53 belə torpedanın, həmçinin komponentlərin və müxtəlif avadanlıqların alınmasına icazə istəyib.
Amerika tərəfi hesab edir ki, bu torpedaların olması Hindistanın “MH-60R helikopterləri üçün sualtı qayıqlara qarşı silah ehtiyatını” genişləndirəcək.
Amerika administrasiyası artıq bu qərarla bağlı Konqresə məlumat verib. İndi Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və potensial olaraq onu bloklamaq üçün 30 günü var. Pentaqon əmin edib ki, silah satışı ABŞ-nin döyüş hazırlığına xələl gətirməyəcək.
Turan İSMAYIL