AZ

Bakı İqlim Fəaliyyəti Həftəsinin dördüncü gününə yekun vurulub

Bakı, 3 oktyabr, AZƏRTAC

Bakı İqlim Fəaliyyəti Həftəsinin dördüncü gününə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, tədbirin dördüncü günündə ADA Universitetinin Dövlət, tələbə və xarici işlər üzrə prorektoru Fariz İsmayılzadə universitetlərin texnologiya və innovasiyaya töhfə verdiyini, iqlim problemlərinə qarşı mübarizədə mühüm maraqlı tərəflər olduğunu bildirib. Prorektor müxtəlif universitetlər arasındakı əməkdaşlıq və mümkün müttəfiqlik fonunda iqlim dəyişikliyi ilə mübarizədə güclərimizi necə səfərbər edə biləcəyimizi müzakirə etməli olduğumuzu vurğulayıb.

Çıxış edən COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai sabahın işçi qüvvəsinin bu gündən formalaşmasının çox mühüm olduğunu deyib: “Enerji infrastrukturu, kənd təsərrüfatı sahələri artıq yeni kadrlar, bacarıqlar tələb edəcək. Ona görə də universitetlər, kolleclər bu sahələrdə yaxşı kadrlar yetişdirməlidirlər. Biz COP29 Sədrliyi olaraq 14 təşəbbüslə çıxış etmişik ki, onlardan biri də insan kapitalının inkişafı ilə bağlıdır. Xüsusilə gələcəkdə uşaqlara və gənclərə növbəti COP-ların təlqin edilməsi çox əhəmiyyətlidir. İqlim dəyişikliyi bütün cəmiyyəti narahat edən məsələ olmalıdır. Universitetlərin bu sahədə rolu danılmazdır”.

COP29-un Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev dünyadakı uşaqların təxminən yarısının iqlim dəyişikliyinin təsirlərindən yüksək risk altında olan ölkələrdə yaşadığını diqqətə çatdırıb.

“UNICEF-in 2023-cü il hesabatında qeyd olunur ki, iqlimlə bağlı fəlakətlər hər il 40 milyona yaxın uşağın təhsilini pozur. Amma gənclər fəaliyyət üçün ən güclü səslərdən biridir. COP28-də BƏƏ Konsensusu uşaqları iqlim prosesinin mərkəzinə qoymaqda mühüm mərhələ oldu. COP29 Sədrliyi gənclərin xüsusi ehtiyaclarına davamlı diqqətin təmin edilməsinə sadiqdir. Bu, uşaqların və gənclərin səsini prosesin mərkəzinə qoymaq deməkdir. Həm də bu, onlar üçün nəticələr verən bir proses mənasını ifadə edir”, - deyə nazir bildirib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov tədqiqatlar nəticəsində 900 mindən çox fauna və flora nümunələrinin məhv olduğunu və həmin prosesin davam etdiyini diqqətə çatdırıb: “Hər il orta temperatur 0,14 dərəcə artır. Bu, davam edərsə, 2100-cü ildə ÜDM 7 faiz azalacaq. Temperatur artımını 0,01 faiz saxlaya bilsək, onun dünya ÜDM–inə təsiri 1 faiz olacaq. Burada günahkar insanlardır. Ekoloji şüur və ekoloji mədəniyyət lazımi səviyyədə deyil. Bu baxımdan təhsilin rolu əvəzsizdir”.

Ekoloji şüur və mədəniyyətin təkcə ali təhsillə formalaşmadığını bildirən nazir müavini fikirlərinə bu cür davam edib: “Uşaq anadan olandan onun ekoloji şüurunu, mədəniyyətini, düngagörüşünü formalaşdırmaq lazımdır. Sonra məktəbəqədər təhsil ocaqlarında, orta məktəblərdə, ali məktəblərdə ekoloji mədəniyyəti, ekoloji şüuru, dünyagörüşünü formalaşdırmaq mümkündür. Burada ali təhsilin rolu çox böyükdür. Çünki insan kapitalının formalaşmasında ali təhsilin çox mühüm rolu var. Odur ki, ali məktəblərdə ekoloji təhsilin trayektoriyasına yenidən baxmaq və onu gücləndirmək lazımdır. Burada elmin, təhsilin və mədəniyyətin ekoloji təhsilin trayektoriyasına inteqrasiya edilməsi ali təhsil müəssisələrinin əsas vəzifəsidir”.

Gənclərin iqlim dəyişikliyi probleminin miqyasından agah olduğunu deyən COP29-un Azərbaycan üzrə Gənclər çempionu Leyla Həsənova onların 70 faizinin bu hadisədən narahat olduğunu diqqətə çatdırıb: “Ona görə biz problemin həllində tərəf müqabili olmaq istəyirik. Şəbəkə olaraq universitetlər arasında əməkdaşlığın gücləndirilməsinə ehtiyac var. Universitetlərin iqlim dəyişiklikləri ilə bağlı xüsusi şəbəkəsinin yaradılması bütün universitetlər arasında əməkdaşlığın gücləndirilməsində, müxtəlif problemlərin həllində birgə təşəbbüs üçün sinerji rolunu oynayacaq”.

Tədbir müzakirələrlə davam edib. Həmçinin “Şəxsi maliyyə üçün yolun yaradılması və “Karbon emissiyalarının azaldılması və bazar mexanizmləri” mövzularında dəyirmi masalar keçirilib.

Qeyd edək ki, oktyabrın 4-dək davam edəcək tədbir adaptasiya olunan iqlim həllərini araşdırmaq və bu həll variantlarının tətbiqini sürətləndirmək üçün bütün dünyadan 700 nəfəri, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert və siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin liderlərini bir araya gətirir. Dünya ictimaiyyəti cari ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinə hazırlaşarkən, Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) iqlim təqvimində mühüm an kimi tarixə düşəcək.

BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsindən sonra keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi COP Sədrliklərinin Üçlüyü tərəfindən elan edilmiş 1,5°C hədəfinə aparan yol xəritəsi çərçivəsində həyata keçirilən işlərin daha geniş vüsət almasını təmin edəcək və COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə dəstək olacaqdır.

London İqlim Fəaliyyəti Həftəsi ilə tərəfdaşlıq çərçivəsində keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim həllərinin inkişaf etdirilməsi məsələsində beynəlxalq əməkdaşlıq və sinerjini daha da gücləndirəcək.

 

Seçilən
36
azertag.az

1Mənbələr