AZ

“Yaşıl iqtisadiyyat” - iqtisadi inkişafın, sosial rifahın təminatı

“Yaşıl iqtisadiyyat”....

 

XX əsrin sonu meydana gələn bu termin  XXI əsrin əvvəllərində aktuallığını artıraraq qlobal problemlərdən çıxış yollarından biri kimi qiymətləndirilir.
 

1989-cu ildə İngiltərədə meydana çıxan  “Green Economy” tezisləri qısa müddət sonra bütün dünyada şöhrət tapdı.
 

35 il əvvəl bir qrup ekoloji fəalın  Birləşmiş Krallıq hökuməti üçün hazırladığı “Yaşıl iqtisadiyyat” üçün planlar”a dair hesabatında davamlı inkişafın ətraf mühit və iqtisadi artıma təsirləri məsələlərinə toxunulurdu.
 

2000-ci illərin ortalarında bu anlayış qlobal xarakter daşımağa başlayır. Birləşmiş Millətlər Təşkilatı tərəfindən edilən tövsiyələrdə qlobal böhrandan çıxış yolları kimi “Yaşıl iqtisadiyyat”a dair təşəbbüslər xüsusi olaraq dəstəklənirdi.

 

“Yaşıl iqtisadiyyat” ın faydaları

 

“Yaşıl iqtisadiyyat” məhdud ehtiyatlardan daha səmərəli və ətraf mühitə ziyan vurmadan istifadəni özündə ehtiva edən elm sahəsidir. Burada təbii ehtiyatları tükəndirmədən və insanların rifahının yüksəldilməsinə yönləndirilməsi əsas məqsəddir.

 

“Yaşıl iqtisadiyyat”ın ətraf mühitə faydası karbon emissiyasının azaldılması, ətraf mühitin çirkləndirilməsinin minimuma endirilməsi, təmiz hava və təmiz suyun əldə edilməsi, biomüxtəlifliyin və bu ekosistemin qorunmasından ibarətdir.

 

Bu istiqamətdə görülən işlərin iqtisadi faydası bərpa olunan enerji, dayanıqlı kənd təsərrüfatı, yaşıl texnologiyalar və digər sahələrdə iş imkanlarının yaradılmasıdır ki, bütün bunlar son nəticədə iqtisadi sistemin canlanmasına xidmət edir.

 

“Yaşıl iqtisadiyyat”ın sosial faydası ətraf mühitə vurula biləcək zərərlərin azaldılması nəticəsində insanlar üçün daha sağlam ətraf mühit və daha yüksək rifah  təmin edilməsidir.

 

2024-cü ilin  Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik İli”  elan edilməsi və  bu il ölkəmizdə COP29 kimi mötəbər tədbirlərin keçirilməsi “Yaşıl həll yolları”nın müəyyənləşdirilməsi baxımından aktuallıq daşıyır.

 

Məlum olduğu kimi Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.

 

Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində ötən illərdə mühüm tədbirlər həyata keçirilib.  

Ətraf mühitin çirklənmə səviyyəsi və təbii ehtiyatlardan istifadə

 

Azərbaycanda “Yaşıl iqtisadiyyat”a keçid istiqamətində görülmüş işlərin real nəticələri nədən ibarətdir?

Modern.az son 10 ildə bu sahədə hansı keyfiyyət dəyişikliklərinin müşahidə olunduğuna rəsmi rəqəmlərin dili ilə ekskurs edir.

2014-cü illə müqayisədə Azərbaycanda atmosfer havasına atılan karbon qazının miqdarı illik 16 milyon 92 min tondan 15 milyon 275 min tona düşüb. Təxminən 5 faiz azalma olub. Nəzərə almaq lazımdır ki, bu azalma yeni sənaye müəssisələrinin istismara verildiyi və istehsal gücünün və avtomobil sayının artdığı bir dövrdə baş verib.

10 il əvvəllə müqayisədə suvarma məqsədilə istifadə olunan suyun miqdarı 5,6 milyard kubmetrdən 7,2 milyard kubmetrə yüksəlib. Təbii ki, burada əkin sahələrinin genişlənməsi rol oynayıb. Artıma baxmayaraq su itkilərinin həcmi 4 milyard kubmetrdən 3 milyard kubmetrə düşüb.

Son 10 ildə su  mənbələrindən götürülən suyun miqdarında o qədər də ciddi dəyişiklik yoxdur.  2014-cü ildə mənbələrdən 11,6 milyard kubmetr su götürüldüyü halda ötən il bu rəqəm 12 milyard kubmetrə çatıb.

Buna baxmayaraq istifadə olunan suyun həcmi 20 faizədək artıb və 7,6 milyard kubmetrdən 9 milyard kubmetrə yüksəlib.

Ötən müddətdə əhalinin bir nəfərinə düşən istehsal tullantılarının  həcmi 250 kiloqramdan 402 kiloqrama yüksəlib. Bərk məişət tullantıları üzrə bu göstərici 142  kiloqramdan 168 kiloqrama qalxıb.  

2014-cü illə müqayisədə Azərbaycanda enerji istehlakı 54 faiz artıb. Bu dövrdə elekrik enerjisi istehsalı 25 milyard kilovatsaatdan 29,3 milyard kilovatsaata yüksəlib. Bərpa olunan enerji mənbələri üzrə istehsal  44 faiz artaraq 2,1 milyard kilovatsaata çatıb. Hazırda bərpa olunan enerji mənbələrinin ümumi enerji təchizatında payı 1,4 faizdir.

10 il əvvəllə müqayisədə illik neft hasilatı 42 milyon tondan 30 milyona düşüb. Əvəzində qaz hasilatı  66 faizədək artıb.

Bu müddətdə kənd təsərrüfatına yararlı torpaq sahələri cəmi 15 min hektar artaraq  4 milyon 780 min hektar təşkil edib. Kənd təsərrüfatına yararlı torpaqlara əkin yerləri, dincə qoyulmuş sahələr, çoxillik əkmələr, biçənəklər və otlaqlar daxildir.

Bu müddətdə balıq ehtiyatlarından istifadə kəskin artıb. Əgər 2014-cü ildə 50 min ton balıq ovlanmışıdısa 2023-cü ildə bu rəqəm 66 min tona yüksəlib.

Həyatın və sağlamlığın ekoloji göstəriciləri

Rəsmi məlumatlara görə atmosfer havasına stasionar mənbələrdən və avtomobil nəqliyyatından atılan çirkləndirici maddələrin adambaşına düşən həcmi 10 il əvvəllə müqayisədə 121 kiloqramdan 95 kiiloqrama düşüb.

Buna baxmayaraq, tənəffüs yolları xəstəliyi üzrə qeydiyyata düşənlərin sayı 741 min nəfərdən 964 min nəfərə çatıb.

Bu müddətdə kəskin bağırsaq infeksiyaları ilə xəstələnən uşaqların sayı 12 faiz, yaşlıların sayı isə təxminən 3 dəfə azalıb.  

Ötən müddətdə  təmizlənmədən ətraf mühitə atılan tullantı sularının miqdarı 265 milyon kubmetrdən 229 milyon kubmetrə düşüb. Azalmaya əsasən bölgələrdə yeni kanalizasiya şəbəkələrinin və tullantı sutəmizləyici qurğuların istismara verilməsi səbəb olub.

 

“Yaşıl iqtisadiyyat”a keçid üçün nə etməli?

Mütəxəssislərin fikrincə “Yaşıl iqtisadiyyat”a keçid üçün bir sıra fəaliyyətlər təşviq edilməlidir.

Enerji istehsalında və təchizatında bərpa olunan mənbələrin - günəş, külək, geotermal mənbələrdən istifadə genişləndirilməlidir.  

Elektriklə işləyən/hibrid avtonəqliyyat vasitələrindən istifadə təşviq edilməli, elektriklə işləyən ictimai nəqliyyat sistemi yaradılmalıdır. Eyni zamanda  velosipedlərdən istifadə, daha çox piyada ərazilərinin yaradılmasına diqqət artırılmalıdır.

Kənd təsərrüfatında sudan qənaətli istifadə texnologiyaları tətbiq edilməli,  ağıllı suvarma sistemləri yaradılmalıdır.

İnşaatda ekoloji keyfiyyətli tikinti materiallarından istifadəyə geniş yer verilməli, elektrik enerjisindən istifadədə ağıllı texnologiyalardan və qənaətli avadanlıqlardan istifadə olunmalıdır.

Tullantılar üzrə təkrar emal sistemlərinin yaradılması, tullantıların enerjiyə çevrilməsi  “Yaşıl iqtisadiyyat”ın inkişafına xidmət edir.

Təkrar emal yenidən istifadəsi mümkün olan materialların dövri olaraq istehlak prosesinə daxil edilməsidir. Burada əsas məqsəd təbii sərvətlərin israfının və ekoloji çirklənmənin qarşısını almaq, eləcə də əlavə xammal bazası yaratmaqdır. Təkrar emal ilkin istehsaldan fərqli olaraq, asan və tez başa gəlir ki, bu da enerji qənaətinə imkan verir.

Azad edilmiş ərazilərin "Yaşıl iqtisadiyyat” potensialı

İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq, iqtisadi reinteqrasiya tədbirləri  sırasında yaşıl enerji zonasının yaradılmasına xüsusi önəm verilir.

Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub.

Bu məqsədlə həmin ərazilərdə  “Smartcity” (“ağıllı şəhər”), “smart-village” (“ağıllı kənd”) konsepsiyası əsasında kəndlərin və şəhərlərin inşası həyata keçirilir, ərazidə yaradılacaq sənaye müəssisələrinin “Yaşıl iqtisadiyyat”a töhfə verməsinə xüsusi diqqət yetirilir, günəş və külək enerjisindən istifadə imkanları araşdırılır.

Nəzərə alaq ki, işğaldan azad olunmuş ərazilərdə mövcud olan bütün infrastruktur düşmən tərəfindən dağıdılıb. Hazırda həmin ərazilərdə infrastrukturun bərpası da “Yaşıl iqtisadiyyat” prinsiplərinə əsasən həyata keçirilir, yeni salınan şəhər və kəndlərdə, sənaye zonalarında ekoloji normaların gözlənilməsi prioritetdir.

İşğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasının rəsmən bəyan edilməsi də bunun göstəricisidir.

Bütün bunları nəzərə alaraq əminliklə demək olar ki, işğaldan azad olunmuş ərazilərimiz qarşıdakı illərdə “Yaşıl iqtisadiyyat” prinsiplərini özündə əks etdirən nümunəvi bölgələrdən biri olacaq.

Azərbaycanın gələcək inkişafı ilə bağlı əsas prioritet innovativ sənayeləşmə modelinin tətbiqidir.  

Qeyri-neft sektorunun inkişafında enerji və resurslara qənaət edən ekoloji təmiz texnologiyaların tətbiqi bu baxımdan böyük əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin  təsdiqlədiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyənləşdirilən beş Milli Prioritetdən biri Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olmasıdır.  Sənəddə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi kimi vəzifələr müəyyənləşdirilib.

Hesab edilir ki, uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli,  yüksək səviyyəli ekoloji mühitin yaradılması resurslardan səmərəli istifadənin təmin edilməsi gələcək illərdə iqtisadi inkişafa və sosial rifaha müsbət təsir edəcək.

Seçilən
9
1
modern.az

2Mənbələr