AZ

Ulu Öndərin şah əsəri olan Azərbaycan bu gün yaratdığı yeni reallıqlarla dünyanın diqqətindədir –ŞƏRH

Ulu

Bakı, 3 oktyabr, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycan bu gün yaratdığı yeni reallıqlarla dünyanın diqqətindədir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atan rəşadətli ordumuz ötən ilin sentyabr ayında həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ərazilərimizi separatçılardan tam təmizlədi, suverenliyimiz təmin edildi, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı ucaldıldı. Dövlətimizin başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu reallığa çevirərək Azərbaycanı dünyaya qalib, bütövləşən, yeni Azərbaycan kimi təqdim etdi.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Malik Həsənov söyləyib.

“Ölkəmizin həyatında hər bir əlamətdar tarix keçilən yola nəzər salmağı, həmin günün Azərbaycanın qarşısında hansı imkanları açdığını təhlil etməyi bir tələb kimi qarşıya qoyur” – deyən deputat qeyd edib ki, bu baxımdan 1993-cü il oktyabrın 3-ü Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi kimi dəyərləndirilir: “Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Müstəqilliyimizin bərpasının ilk iki ili Azərbaycanın tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşadı. Torpaqlarımız işğal olunurdu. Azərbaycan xalqı qanı və canı bahasına bərpa etdiyi müstəqilliyin qorunması üçün Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ümummilli Lider Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə getdi və bölgədə davam edən qiyamın qarşısını aldı. Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəldi. Dahi şəxsiyyət hakimiyyətinin hər iki dövründə atdığı addımları ilə dövlətinə, xalqına bağlılığını, Azərbaycanı daim zirvələrdə görmək istəyini nümayiş etdirdi. Onun üçün xalqı, Vətəni, torpağı hər şeydən əziz idi”.

Deputat qeyd edib ki, 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanan Ulu Öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaratdı. Ölkəmizin hərtərəfli inkişafı həyata keçirilən siyasətin təməlini təşkil etdi. Ümummilli Lider Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdi. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi üçün mühüm addımlar atıldı.

Malik Həsənov bu məqamı xüsusi qeyd edib ki, Heydər Əliyevin xalqa 2003-cü il 1 oktyabr tarixli müraciəti Azərbaycanın bugünkü və gələcək inkişafında mühüm rol oynadı: “Ümummilli Lider İlham Əliyevə özü qədər inandığını, axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri onun başa çatdıracağına əminliyini ifadə etdi. Ötən 21 ilin Azərbaycanın tarixinə hansı uğur səhifələrini yazdığına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev Heydər Əliyev siyasətinə sadiqliyini hər addımında təsdiqləyərək, Azərbaycanı zirvələrə ucaltdı. Əsas hədəf torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı, bu ərazilərimizdə yeni həyatın başlanması oldu. Artıq bu hədəfimiz də reallaşıb. Dövlət başçısı İlham Əliyevin böyük qürur hissi ilə qeyd etdiyi kimi, bu illər uğurlarla, qələbələrlə dolu illər oldu: “Çətinliklər də, problemlər də oldu. Ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla getdi. 2003-cü ildə verilən bütün vədlər yerinə yetirildi. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!”.

Onun sözlərinə görə, dövlət başçısının işğaldan azad edilmiş ərazilərə hər bir səfəri Böyük Qayıdış proqramının uğurlu icrasını daha da sürətləndirir. “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Dövlət başçısı İlham Əliyev bu əminliyi də ifadə edib ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik”, - deyə Malik Həsənov bildirib.

Seçilən
10
4
azertag.az

5Mənbələr