AZ

Məşhur tiktokerin sükan arxasında bu rəftarı narazılıq yaratdı – VİDEO

Nərmin adlı tiktokerin sükan arxasında video çəkib paylaşması və təhlükəsizlik kəmərindən istifadə etməməsi bir sıra məsələləri gündəmə gətirib.

Məlumdur ki, son zamanlar bəzi blogerlər, tiktokerlər və sosial şəbəkələrdə müxtəlif yollarla məşhurlaşan şəxslərlə bağlı xoşagəlməz görüntülər yayılır. Onların bəziləri nəinki sükan arxasında video çəkir, hətta açıq şəkildə maşın idarə edən zaman təhlükəsizlik kəmərindən istifadə etmirlər. Qaydaları koud şəkildə pozurlar. Bu tip görüntülər davamlı şəkildə qarşımıza çıxır və ictimaiyyətdə narazılığa səbəb olur.

Bu şəxslərə qarşı niyə tədbir görülmür? Onların imtiyazı, toxunulmazlığı var?

Bu barədə danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, hər kəs qanun qarşısında bərabərdir. Onun sözlərinə görə, Azərbaycanda yol hərəkət qaydalarını pozmağa ixtiyarı olan bir neçə subyekt var:

“Yol polisi tərəfindən tanınmış şəxslərə dəfələrlə müraciətlər olunur. Bəzi savadsızların, dünya görüşü olmayanların, bayağı danışanların və s. yol hərəkəti təhlükəsizliyinə qarşı münasibətləri çox bərbad vəziyyətdədir. Yadınızdadırsa, “Nikosayağı” kimi tanınan bloger Nicat Mütəllimov yol hərəkəti qaydalarını mənasız videolarla ələ salır, lağ edir və gündəmə gəlməyə çalışırdı. Hətta bir neçə dəfə onun görüntülərini Avtosfer.az saytında yaydıq, tövsiyə etdik ki, belə şeylər etmək lazım deyil, sosial şəbəkələrdə tanınmış adamsan və s. Dedik ki, bu, sənə başucalığı gətirmir, insanlara pis nümunə olursan, bütün çəkilişlər sükan arxasında gedir, təhlükəsizlik kəmərindən istifadə etmirsən. Axırı nə oldu? Getdi, bir hadisə törətdi, dostu avtomobilində həlak oldu, özü də qolunu itirdi. Təbii ki, heç kim belə vəziyyətin yaşanmasını istəməzdi. Amma oldu. Bu da öz əməllərinin nəticəsidir. Digərləri də bunu yaşayacaq. 5-10 dəfə başlarına gəlməsə də, 11-də mütləq olacaq. Biz oturub, bunu gözləməməliyik”.

Elməddin Muradlının fikrincə, sükan arxasında video çəkənlər ən səviyyəsiz adam kimi tanıdılmalıdır:

“Mənə elə gəlir ki, yol polisi bu şəxsləri dərhal çağırmalı, fərdi söhbətlər etməlidir. Bu söhbətləri isə ictimaiyyətə çatdırmalıdır ki, bu adamları doğrudan da yola gətirməyə çalışırıq. Artıq yola gəlmirsə, onlarla bağlı ciddi ölçü götürülməlidir. Hər videodan sonra çağırıb, cərimə yazmaq və hər dəfə də ictimailəşdirmək mütləqdir. Elələrini ölkədə ən lazımsız adam səviyyəsinə endirmək lazımdır ki, ondan sonra başa düşsünlər ki, bu ölkə dərəbəylik deyil. Azərbaycan qanunla idarə olunan ölkədir, hər bir vətəndaş da qanuna hörmətlə yanaşmalıdır. Onlar özlərini nə hesab edir, bilmirəm. Bir-iki dənə tərbiyəsiz, səviyyəsiz videolar çəkirlər, guya məşhurlaşırlar. Lazımsız işlərlə gündəmə gəlirlər, sonra da başlayırlar ki, bəs, biz ölkədə tanınmış şəxslərik, söz sahibləriyik. Bir-iki şirkət də bədənini açıq qoyan qızları, əyri-əyri gəzən oğlanları tədbirə dəvət edir, yuxarı başa keçirirlər ki, bunlar “hörmətli” adamlardır, izləyiciləri çoxdur. Onlar da fikirlərşir ki, ölkədə bunlara bu qədər hörmət varsa, deməli, hər şey edə bilərlər”.

Nəqliyyat ekspertin sözlərinə görə, günah özümüzdədir:

“Biz onları izləyirik, izləyici sayını artırırıq və nəticədə baxırıq ki, başımıza çıxırlar. Hətta ölkəni saymırlar, dövlətlə dövlətçilik etməyə çalışırlar, qanunsuz əməllərlə məşğul olurlar. Türkiyədəki kimi yəqin, onların bir çoxunun çirkli pulların yuyulmasında da əlləri var. Fikrimcə, gələcəkdə hüquq mühafizə orqanları bunu araşdıracaq. İnstaqramda video çəkə-çəkə heç kim birdən-birə 200-300 minlik maşın, bahalı evlər və s. ala bilməz. Bu, dünya təcrübəsində də var. Onların bəziləri cinayət xarakterli işlərin iştirakçılarıdır”.

(global.info)

Seçilən
21
1
avtosfer.az

2Mənbələr