AZ

Ulu Öndərin şah əsəri olan Azərbaycan ən uca zirvələri fəth edir

“Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycan bu gün yaratdığı yeni reallıqlarla diqqətdədir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atan rəşadətli ordumuz ötən ilin sentyabr ayında həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ərazilərimizi separatçılardan təmizlədi, suverenliyimiz təmin edildi, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı ucaldıldı. Dövlətimizin başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu reallığa çevirərək Azərbaycanı dünyaya qalib, bütövləşən, yeni Azərbaycan kimi təqdim etdi. Ölkəmizin həyatında hər bir əlamətdar tarix keçilən yola nəzər salmağı, həmin günün Azərbaycanın qarşısında hansı imkanları açdığını təhlil etməyi bir tələb kimi qarşıya qoyur. Bu baxımdan 3 oktyabr 1993-cü il Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi kimi dəyərləndirilir. Bu reallıq daim vurğulanır ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Müstəqilliyimizin bərpasının ilk iki ili Azərbacanın tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşadı. Torpaqlarımızın işğalı həmin dövrün reallıqlarından idi. Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ümummilli Lider Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə getdi və bölgədə davam edən qiyamın qarşısını aldı. Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəldi. Dahi şəxsiyyət hakimiyyətinin hər iki dövründə atdığı addımları ilə dövlətinə, xalqına bağlılığını, Azərbaycanı daim zirvələrdə görmək istəyini nümayiş etdirdi. O, daim bu çağırışı edirdi ki, Onun üçün hər şeydən əziz xalqıdır, Vətənidir, torpağıdır”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanan Ulu Öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaratdı. Ölkəmizin hərtərəfli inkişafı həyata keçirilən siyasətin əsasında dayandı. Ümummilli Lider Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdi. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi üçün mühüm addımlar atıldı. Onun “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı özündə mühüm məqamları ehtiva etdi. İqtisadiyyatın inkişafında neft amili önə çəkildi. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olan “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi və siyasi mövqeyi möhkəmləndi. Bu saziş Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi.  “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. Artan iqtisadi imkanlarımız əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması üçün mühüm addımların atılmasını şərtləndirdi.

Malik Həsənov Ümummilli Liderin bu çağırışını xüsusi qeyd edib ki, reallığı düzgün qiymətləndirən, zəngin təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlidə görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir. Azərbaycanın bugünkü reallıqları bunun təsdiqidir. Hər bir uğurumuz Heydər Əliyev siyasətinin təntənəsidir. Dövlətçiliyin əsasları yaradıldı, müstəqil dövlətin Konstitusiyası qəbul edildi. Azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlandı. Demokratiyanı strateji kursumuzun əsası kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə atdığı addımların nəticəsidir ki, bu gün Azərbaycan digər sahələrdə olduğu kimi, demokratik islahatlar sahəsində də zəngin təcrübəsi ilə dünyanın diqqətindədir.

Deputat Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu sahəsində, həmçinin Azərbaycan həqiqətlərinin, hazırda tarixə qovuşan Qarabağ probleminin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində gördüyü işlərdən, bu günümüz və gələcəyimiz üçün yaratdığı möhkəm təməldən geniş bəhs edib. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı beynəlxalq təcriddən xilas etdi. Ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı. Dövlətimiz hər zaman dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsa da bu yanaşmalar heç zaman Azərbaycanı ruhdan salmayıb, daim tarixi həqiqətlərə, real faktlara əsaslanan təbliğatını davam etdirir. Ümummilli Liderin xarici ölkələrə hər bir səfərində  Qarabağ məsələsi əsas müzakirə mövzusu olaraq Ermənistanın əsassız torpaq iddiasının hansı problemlərə yol açdığı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılırdı. Ulu Öndər problemin həllində dövlətin qətiyyəti, xalqın iradəsi ilə yanaşı, beynəlxalq dəstəyin rolunu xüsusi önə çəkdi. Azərbaycanın diplomatik mübarizədə qələbəsi 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə əhəmiyyətli rol oynadı.

Malik Həsənov bu məqamı xüsusi qeyd edib ki, Heydər Əliyevin xalqa 1 oktyabr 2003-cü il tarixli müraciəti Azərbaycanın bugünkü və gələcək inkişafının əsası oldu. Ümummilli Lider cənab İlham Əliyevə özü qədər inandığını, axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri Onun başa çatdıracağına əminliyini ifadə etdi. Ötən 21 ilin Azərbaycanın tarixinə hansı uğur səhifələrini yazdığına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev Heydər Əliyev siyasətinə sadiqliyini hər addımında təsdiqləyərək Azərbaycanı zirvələrə ucaltdı. Əsas hədəf torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı, bu ərazilərimizdə yeni həyatın başlanması oldu. Artıq bu hədəfimiz də reallıqdır. Dövlət başçısı İlham Əliyevin böyük qürur hissi ilə qeyd etdiyi kimi, bu illər uğurlarla, qələbələrlə dolu illər oldu: “Çətinliklər də, problemlər də oldu. Ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla getdi. 2003-cü ildə verilən bütün vədlər yerinə yetirildi. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!”

“Yeni dövrə qədəm qoyan Azərbaycanın əsas hədəflərindən biri Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsidir. Artıq 5 şəhərə və 4 kəndə qayıdış bu torpaqlarda geniş miqyas alan bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaradır. Sakinlərinə qovuşan məkanlar sırasında Şuşa və Xocalı da var. Bu ilin 10 may tarixində, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci il dönümündə şuşalılar, 28 May -Müstəqillik Günündə isə xocalılar öz doğma yurd-yuvalarına qovuşdular. Sentyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç oldu. İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin miqyası o qədər genişdir ki, onları sadalamaqla bitməz. Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi Qələbəmizin əbədiləşdirilməsi ilə yanaşı, hər bir rayonla bağlı reallıqların təqdimatında əhəmiyyətli rol oynayır. Həmin Sərəncama əsasən 4 oktyabr Cəbrayıl Şəhəri Günüdür. 2020-ci il sentyabrın 27-də Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, oktyabrın 4-də isə Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl əməliyyatı nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. 27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl hazırda dirçəlir, mərhələ-mərhələ sakinlərinə qovuşaraq qürurlu günlərini yaşayır. Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə hər bir səfəri Böyük Qayıdış Proqramının uğurlu icrasını daha da sürətləndirir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Cənab İlham Əliyev bu əminliyi də ifadə edir ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik”, - deyə Malik Həsənov bildirib.

Seçilən
9
4
ikisahil.az

5Mənbələr