AZ

Vaqif Sadıqov: Doğma azarkeşlər önündə “Qarabağ”ın oyunu daha yaxşı alınır

Vaqif

Bakı, 3 oktyabr, AZƏRTAC

“İnanıram ki, “Qarabağ” İsveç çempionatının lideri olan “Malmö” komandasına qarşı matçda özünəməxsus oyun tərzi ilə qol vurmağa və bütün azarkeşləri sevindirməyə çalışacaq”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov “Qarabağ”ın UEFA Avropa Liqasının əsas mərhələsinin II turunda bu gün Bakıda İsveçin “Malmö” klubuna qarşı keçirəcəyi oyun barədə danışarkən deyib.

Mütəxəssis Azərbaycan çempionundan gözləntilərin böyük olduğunu bildirib: “Yeni formatda keçirilən avrokubok oyunlarının hər biri çox vacibdir. Turnir cədvəli 36 komandadan ibarətdir və hər kollektiv qrup mərhələsində 8 görüş keçirir. Cavab matçları olmadığına görə şanslar bir oyunda verilir. “Qarabağ” da bunu yaxşı dərk edir. İlk turda İngiltərənin “Tottenhem” klubu ilə matçda ağır məğlubiyyət yaşasaq da, bu oyun gələcəyə nikbin baxmağa imkan verdi. Ağdamlılar güclü rəqiblə qarşılaşmalarına baxmayaraq, meydanda əzmkarlıq nümayiş etdirirdilər. Bununla da Qurban Qurbanovun komandası bir daha heç bir rəqibdən çəkinmədiyini sübut etdi. Düzdür, şanssızlıq “Qarabağ”a epizodları qola çevirib özünü yaxşı tərəfdən göstərməyə və müsbət nəticə əldə etməyə imkan vermədi. Komandamız yeni formatda keçirilən Avropa Liqasında bu gün ilk ev oyununa çıxacaq. Futbolçular maksimum gücünü ortaya qoymalıdırlar. Əminəm ki, meydandan qalib ayrılan tərəf biz olacağıq”.

V.Sadıqov Ağdam təmsilçisinin doğma meydanda daha inamlı çıxış etdiyini söyləyib: “Qarabağ” oyun boyu dəstəyini əsirgəməyən azarkeşlərin önündə çox inamlı görünür. Amma digər tərəfdən, səfər görüşlərində sürətli əks hücumlar qurmaqla rəqibi mat qoymağı da bacarır. Hamı bilir ki, matçlarda 12-ci oyunçu fanatlardır. Onların qarşısında “Qarabağ”ın oyunu daha yaxşı alınır. İnanıram ki, bu tendensiya davam edəcək. Niderlandın güclü “Ayaks” komandasını da Bakıda qəbul edəcəyik. Bu görüşdə də “Qarabağ” fanatların dəstəyi ilə psixoloji durumunu yaxşılaşdıraraq Vətəndə müsbət nəticələr əldə edə bilər”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Malmö” oyunu saat 20:45-də start götürəcək.

Seçilən
18
azertag.az

1Mənbələr