AZ

Xarkov idarəolunan aviasiya bombaları zərbələrinə məruz qalıb

Kiyev, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 2-də axşam saatlarında Xarkovda partlayış səsləri eşidilib və Rusiya ordusu şəhərə idarəolunan bombalarla zərbələr endirib. Hücum nəticəsində yaşayış binası dağılıb, elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

AZƏRTAC xəbər verir ki, Saltovski rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü və dördüncü mərtəbələri arasında partlayış və yanğın baş verib. Qonşu evlərə, klinikaya və azı 14 avtomobilə də ziyan dəyib.

Prokurorluğun bu gün səhər saatlarına olan məlumatına görə, binaya bombalı hücum nəticəsində 12 nəfər xəsarət alıb. Onların arasında 3 yaş 11 aylıq uşaq da olub. Ən böyük qurbanın 73 yaşı var.

Xarkov vilayəti Polis idarəsinin rəisi Oleq Sinequbovun sözlərinə görə, beş nəfər xəstəxanaya yerləşdirilib, onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Bundan əlavə, Xarkovun Şevçenkovski rayonunda meşə zolağında da bomba zərbəsi qeydə alınıb, burada iki yaşayış binasının şüşələri sınıb.

Rusiya ordusu Boqoduxovski rayonunun Zoloçev kəndinə də hava zərbəsi endirib. Ən azı 10 yaşayış binası və yardımçı tikilinin zədələndiyi, 69 yaşlı qadının kəskin stres keçirdiyi bildirilir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
9
2
azertag.az

4Mənbələr