AZ

“Biz də adını çəkdiyiniz komandalara qalib gəlmişik” – “Malmö” iddialı gəlib

"Qarabağ" sabah Avropa Liqasının 2-ci turu çərçivəsində "Malmö"nü qəbul edəcək. "Football-plus.az" xəbər verir ki, ki, İsveç təmsilçisinin baş məşqçisi Henrik Ridström oyundan öncə jurnalistlərin suallarını cavablayıb:

- "Qarabağ"ın İsveç klubları ilə oyunlardakı üstünlüyü sizi qorxutmur? Rəqibiniz "Gefle", "Göteborq", "Hekken" kimi klubları məğlub edə bilib...
- Xeyr, qorxutmur. Statistikanın sabahkı oyunla əlaqəsi yoxdu. Biz həmin komandalardan güclüyük. Biz də adını çəkdiyiniz komandalara qalib gəlmişik.

- Sabahkı oyundan gözləntiləriniz nədi? Məğlub olsaz, bunu faciə hesab edəcəksiz?
- "Qarabağ"ı təhlil etmişik. Rəqibimiz çox güclüdü, Avropa Liqasında ən güclü komandalardan biridi. Xüsusilə də evdə yaxşı oynayırlar. "Qarabağ" topa sahib olanda təhlükəlidi. Bilirəm ki, sabahkı oyun çətin olacaq. Bura oynamağa, yaxşı əhval-ruhiyyədə gəlmişik. Sabahkı matçın yaxşı olacağına ümid edirəm.

- Çox rahat görünürsüz. "Malmö"nü "Qarabağ"dan güclü hesab edirsiz?
- Bunu demək çətindi. Rəqibimiz çox güclüdü. Ola bilər ki, "Qarabağ"ı İsveçdə çox adam tanımır. Amma onlar topa sahib olanda çox güclüdülər. "Qarabağ" bundan əvvəlki rəqibimiz "Reyncers"dən geri qalmır. Biz Bakıya gözəl oyun oynamağa gəlmişik. Burda atmosfer gözəldi. Müqayisə aparmaq uyğun deyil. Sabah hər şeyi görəcəyik.

- Bu oyunun əhəmiyyəti sizin üçün nə dərəcədə vacibdi?

- Məsələyə bu aspektdən baxmıram. Hər oyun əhəmiyyətlidi. Növbəti matç da vacibdi.

- "Qarabağ"ın əvvəlki oyunlarını izləməyə köməkçilərinizi göndərmisiz?
- Xeyr. Buna ehtiyac da yoxdu. Bugünkü texnologiyalar imkan verir ki, "Qarabağ"a öz liqasında və avrokuboklarda baxaq, təhlil edək.

- Azərbaycanda mütəxəssislər "Malmö"yə üç xal gözü ilə baxır. Qurban Qurbanov da bunun komandası üçün müsbət tərəf kimi gördüyünü dedi. Bu haqda fikriniz nədi?
- İsveçdə də bizə ümid edirlər. İnsanların nə fikirləşməsi mənim üçün önəmli deyil. "Qarabağ" güclüdü. Biz öz oyunumuzu oynayırıq. Sabah ümid edirəm ki, iki güclü komandanın oyunu olacaq.

- "Qarabağ"la evdə qarşılaşmamağınız sizi təəssüfləndirmədi?
- Mən və futbolçularım həyəcanlandı. Amma klub rəhbərliyi bir o qədər də yox. Çünki Azərbaycan bizdən uzaq ölkədi, təyyarə və bahalı otel tutmaq üçün maliyyə lazım gəldi (gülür).

- Qurban Qurbanovun komandası Skandinaviya klublarına uduzmayıb. Bu sizi qorxudur?

- Bunlar məni çox narahat etmir. 15 illik statistika "Qarabağ"ın gücünü göstərir. Amma bunların sabahkı oyunla əlaqəsi yoxdu. Sabahkı oyuna fokuslanmalıyıq. "Qarabağ" "Sparta" və "Reyncers"dən daha güclü komandadı. Ona görə sabahkı matça hazır olmalıyıq.

- Sabah İsak Telinin start heyətində meydana çıxması gözlənilir?
- Görəcəyik. Oyunun başlamasına yarım saat qalmış heç kim heç nə bilmir. İsak komanda üçün vacib oyunçudu.

ƏSƏD SEYİDOV

Seçilən
11
4
football-plus.az

7Mənbələr