AZ

ABŞ-ın indiki Yaxın Şərq siyasəti mütərəqqi sayıla bilərmi?

Image

İlyas Hüseynov: “Demokratlar İsrailə hərtərəfli dəstək göstərməklə öz siyasi seçkiqabağı məqsədlərini icra etmək niyyətindədirlər” 

Bildiyimiz kimi, hazırda Yaxın Şərqdə cərəyan edən proseslər bütün dünyanın diqqətindədir.  İsrailin Livanı kasetli bomba ilə vurduğu, İsrail ordusunun  Livan sərhədlərini keçərək ölkəyə daxil olduğu barədə məlumatlar yayılıb. Eyni zamanda da oktyabrın 1-də axşam saatlarından başlayaraq  İran İsraili vurub. 

Bu arada ABŞ da İsrailə dəstəyini ifadə edib və İsraili İranın hücumlarından qorumağa kömək etdiyini açıqlayıb. “İsrailin təhlükəsizliyinə sadiqliyimizə uyğun olaraq, ABŞ-nin bölgədəki qüvvələri indi İsraili İran raketlərindən qoruyur”, - deyə “Ağ Evin” yaydığı məlumatda bildirib.

ABŞ administrasiyası İsrailə qarşı oktyabarın 1-də baş verən raket hücumunun İran üçün ciddi nəticələr verəcəyini iddia edir.

Qeyd edək ki, həmin tarixdə İran İsrailə qarşı kütləvi raket hücumu həyata keçirib. 

Yaxın Şərqdə cərəyan edən proseslərdə - İsrailin Livanı, İranın İsraili vurmasında ABŞ-ın rolunu necə təhlil etmək və dəyərləndirmək olar? ABŞ İsrailə bu dəstəklə düzmü edir?ABŞ-ın bu dəstəyi Şərqdə sülhə kömək edirmi?

“ABŞ-ın rolu kifayət qədər maraqlıdır, sözdə tərəfləri sülhə dəvət etsə də...”

Politoloq İlyas Hüseynov “Bakı-Xəbər”ə şərhində “Qeyd etmək lazımdır ki, Yaxın Şərqdə müharibə genişlənir və İsrail hərbi hədəflərini, hərbi məqsəd və vəzifələrini bir qədər də artırır. Bundan öncə yalnız “Həmas”la müharibə davam edirdisə, artıq “Hizbullah”ın da məhv edilməsi planları irəli sürülür. Nəticədə İran cavab verməli oldu və ötən gecə (oktybarın 1-də) 400-dən çox raketin İsrail ərazinə İran tərəfindən buraxılması həm də İsrailə və onun arxasında duranlara bir mesajdır”-deyə bildirdi.

İ.Hüseynovun fikrincə, hətta genişmiqyaslı müharibənin proqnozları, üçüncü dünya müharibəsinin olması haqqında da fikirlər bildirilir. “Mən də bu fikirləri bölüşürəm ki, əslində Livana müdaxilə üçüncü dünya müharibəsini formalaşdıra bilər və burada ideoloji, dini müstəvidə müharibələr daha da dərinləşə bilər. Digər tərəfdən, ABŞ-ın rolu kifayət qədər maraqlıdır, sözdə tərəfləri sülhə dəvət etsə də, İsrail birbaşa dəstəyi ABŞ-dan alır. Bu həm də  növbəti ay ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlıdır. Demokratlar İsrailə hərtərəfli dəstək göstərməklə öz siyasi seçkiqabağı məqsədlərini icra etmək niyyətindədirlər. Təəssüflər olsun ki, burada müharibə yolu ilə elektoratın əldə olunması prosesi icra olunur. ABŞ İsrailə Yaxın Şərqdə əsas strateji müttəfiqləri kimi yanaşır, istənilən silah-sursatı, texnikanı, müasir innovasiyanı İsrailə təqdim etməkdən də çəkinmirlər. Biz hətta bu müharibədə də yeni-yeni silahları, yeni texnologiyaları, peycerlərin partladılmasını, digər hadisələri görürük. Bunun bir geopolitik məzmunu da vardır. Amma istənilən halda ABŞ İsraili dəstəkləməkdə israrlıdır”-deyə İ.Hüseynov qeyd etdi.

İradə SARIYEVA  





Seçilən
18
baki-xeber.com

1Mənbələr