AZ

İşğalçının cəzlandırılmasında nasist Almaniyası və İraq təcrübəsi – Ermənistan Azərbaycana təzminat ödəməlidir

Polad Mehdiyev 

(BDU-nun müəllimi, vəkil)

Ermənistan dövləti və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən I Qarabağ müharibəsi dövründən son anti-terror tədbirlərinə qədər olan dövr ərzində xalqımıza qarşı beynəlxalq cinayət hüququna görə təcavüz, genosid (soyqırım), insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və.s törədilmişdir.

Bu əməlləri törətməklə Ermənistan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasını pozub. Cenevrə Konvensiyaları ilə cinayət sayılan bütün cinayət əməlləri xalqımıza qarşı törədilib. Ermənistan asimmetrik müharibə aparıb, mülki obyektlərə ziyan vurub, əsirlərə, girovlara əzab verib. Ermənistan müharibə zonasından kənarda yerləşən obyektləri atəşə tutub və mülki şəxsləri qətlə yetirib. Bundan əlavə, mülki və hərbi obyektləri qadağan edilmiş silahlardan atəşə tutub. İstifadə edilən silahlar beynəlxalq səviyyədə qadağan edilmiş silahlardır. Həmin cinayətlərinə görə cəza tədbirlərinin görülməsi beynəlxalq təşkilatların prioritet istiqamətlərindən biridir. Azərbaycan və Ermənistan Cenevrə Konvensiyalarının iştirakçısıdır və buna əməl etmək onların vəzifəsidir.

Xüsusilə qeyd etmək lazımdır ki, xalqımıza qarşı beynəlxalq cinayət hüququnda təsbit olunmuş cinayətlər Ermənistan dövləti və onun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən törədilmişdir.

Ermənistan beynəlxalq humanitar hüququn norma və prinsiplərini aşkar surətdə, qəsdən pozmaqla bəşəriyyət əleyhinə cinayət törədib və buna görə də hüquqi məsuliyyət daşıyır. İşğalçı Ermənistan dövləti heç bir halda məsuliyyəti öz üzərindən ata bilməz. Qəbul edilmiş beynəlxalq aktlar və Ermənistanın daxili qanunverciliyi onun cinayətkar dövlət olduğunun sübutudur.

Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı 16 iyun 2015-ci il tarixli qərarı ilə Laçın rayonunun sakinləri Çıraqov və digər beş şəxsin hüquqlarının Ermənistan tərəfindən pozulduğu qənaətinə gəlib. İddiaçıların 1992-ci ildə mülkiyyətlərinin ermənilər tərəfindən ələ keçirildiyini, bundan sonra vətənlərinə qa¬yıda bilmədiklərini təsdiqləyib. Bununla da Ermənistan hakimiyyəti təqsirli bilinib və üzərinə hər bir iddiaçı mənəvi ziyana görə 5 min avro və bütün iddia¬çılara ümumi xərclərə görə 28,642 funt sterlinq ödəmək öhdəliyi qoyulub.

BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrdə məhz Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında gərginliyin olmasının vurğulanması Ermənistanın işğal prosesində iştirak etdiyini sübut edir.

Digər tərəfdən, 01 dekabr 1989-cu il tarixində Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında” qərar qəbul edir. Həmin qərarın əsasında qəbul edilmiş 23 avqust 1990-cı il tarixində “Ermənistanın Müstəqillik Bəyannaməsi”ndə “Ermənistan SSR-nin və Dağlıq Qarabağın birləşdirilməsi” haqqında qərara əsaslanaraq müstəqil Ermənistan Respublikasının yaradılması məqsədini elan edilmişdir.

Müstəqillik Bəyannaməsinin əsasında Ermənistan Respublikasının 12 noyabr 2005 ci il tarixli Konstitusiyası qəbul edilmişdir. Onun preambula hissəsində Azərbaycanın Qarabağın ərazilərinin Ermənistana “birləşdirilməsi” mənasını verən “Miatsum” sözü yazılan müstəqillik bəyannaməsinə istinad edilir.

Prezident İlham Əliyevin bildiridiyi kimi, törədilmiş bütün cinayət əməllərinə görə Ermənistan işğalçı və təcavüzkar ölkə olaraq, dövlət səviyyəsində məsuliyyət daşıyır.

XX əsrin böyük münaqişələrinin yekununda məğlub olmuş təcavüzkar dövlətlərin üzərinə zərərin ödənilməsi ilə bağlı reparasiya (təca¬vüzkar dövlətin vurduğu zərəri pul və ya maddi formada ödəməsini nəzər¬də tutan maddi-hüquqi məsuliyyəti) yükü qoyulub.

Ermənistanın Azərbaycana qarşı işğalının nəticəsi olaraq bir neçə istiqamət üzrə reparasiya cəlb edilməlidir.

1.İşğal dövründə onminlərlə azərbaycanlı qətl edilmiş, 4 minə yaxını itkin düşmüşdür. Onlar Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq qətlə yetirilmiş və kütləvi məzarlıqlarda basdırılmışdır. Azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirilmişdir. Törədilmiş etnik təmizləmə Ermənistan dövlətinin sistemli fəaliyyəti ilə zorakılıq, soyqırım, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilmişdir. Ermənistan tərəfindən törədilən cinayət əməllərinin planlaşdırılmasında, hazırlanmasında, başlanmasında və ya həyata keçirilməsində rəhbər və yaxud təşkilatçı kimi fəal iştirak edən və ya bu barədə əmr verən şəxslər kimi cinayətinə görə məsuliyyət daşıyırlar. Azərbaycan tərəfindən həbs edilmiş Arayik Harutunyan, Ruben Vardanyan, Arkadi Qukasyan, Bako Saakyan və.s şəxslər Ermənistan dövləti tərəfindən törədilmiş cinayətin iştirakçılarıdırlar. Onların rəhbərlik etdiyi separatçı rejim mütəşəkkil cinayətkar qrupun sabit cinayətkar birliyidir (cinayətkar təşkilat). Onların törətdikləri sülh əleyhinə cinayətlər, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə dair Nürnberq tribunalının təcrübəsi mövcuddur. O təcrübədən istifadə etmək lazımdır. Nürnberq prosesi, İkinci Dünya müharibəsinin qalib Müttəfiq dövlətləri tərəfindən məğlubiyyətə uğradılmış nasist rejmini mühakimə etmək üçün 1945–1949-cu illərdə qurduqları məhkəmədir.

2. İşğal dövrü ərzində işğal olunmuş əra-zilərdə erməni vandallarının özbaşı¬nalığı nəticəsində beynəlxalq hüququn norma və prinsipləri pozularaq Azərbaycanın tarixi və mədəniyyət abidələri qəsdən məhv edilmişdir. Belə ki, 14 may 1954-cü il tarixli "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyası, 16 dekabr 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Pakt, 19 dekabr 1954-cü il tarixli Avropa Mədəniyyət Konvensiyası, 16 noyabr 1972-ci il tarixli YUNESKO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" Konvensiyası və digər beynəlxalq sənədlərlə tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi, onlardan istifadə və ümumilikdə insanların mədəni hüquqlarının müdafiəsi mexanizmləri həyata keçirilir. Ermənistan tərəfindən törədilmiş cinayət nəticəsində “silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qo¬runmasına dair” beynəlxalq hüquqi aktların tələbləri pozulmuşdur.

3. 30 ilə yaxın davam etmiş işğal dövründə Azərbaycanın enerji resursları Ermənistan dövləti tərəfindən qanunsuz istismar edilmişdir. Ermənistan, hərbi güc yolu ilə Qarabağ bölgəsindəki enerji resurslarından istifadədən Azərbaycanı məhrum etməklə, Azərbaycanın enerji ehtiyatlarını öz xeyrinə istismar etməklə, habelə Azərbaycanın öz milli enerji siyasətinə və ətraf mühitlə bağlı öhdəliklərinə uyğun olaraq enerji ehtiyatlarını daha da inkişaf etdirmək imkanından məhrum etməklə 1994-cü il Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını və beynəlxalq hüququn fundamental prinsiplərini pozub.

Artıq bu istiqamətdə Azərbaycan tərəfindən 27 fevral 2023-cü il tarixində Ermənistanın Enerji Xartiyası Müqaviləsinin müddəalarını və beynəlxalq hüququn prinsiplərini pozmasına əsasən kompensasiya tələbi ilə dövlətlərarası iddia qaldırılmışdır. Azərbaycan tərəfindən təqdim edilən arbitraj bildirişində, Ermənistanın 30 ilə yaxın qanunsuz işğal etdiyi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsində yerləşən enerji resursları üzərində ölkəmizin suveren hüquqlarını tanımaqdan və onlara hörmətdən imtina edərək, beynəlxalq öhdəliklərini pozduğu izah edilib.

Qeyri-qanuni işğal dövründə Ermənistan, Azərbaycanı qanunsuz olaraq öz enerji resurslarına çıxış və onları inkişaf etdirmək imkanlarından məhrum edib, habelə həmin resursları öz istifadəsi və mənfəəti üçün zəbt edib. Azərbaycanın Qarabağ bölgəsində mövcud zəngin su, külək və günəş enerjisi ehtiyatlarından istifadəsinin də qarşısı alınıb.

Məhkəmə prosesi Niderlandın Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında həyata keçirilir. İddianın əsası¬nı Qarabağ bölgəsinin zəngin hidroenergetika ehtiyatlarının Ermənistan tərəfindən qanunsuz istismarı nəticəsində kompensasiyanın ödənilməsi təşkil edir.

4. Ermənistan tərəfindən Azərbaycana qarşı silahlı təcavüz eyni zamanda, ətraf mühit üçün ciddi fəsadlara səbəb olmuşdur.

Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə meşələrin qırılması, qəsdən yanğınların törədilməsi, flora və fauna növlərinin məhv edilməsi, çayların və çay qollarının çirkləndirilməsi, münbit torpaqların məhv edilməsi, təbii sərvətlərin qanunsuz istismarı Azərbaycanda ətraf mühitə uzunmüddətli və bərpa olunmayan ziyan vurmuşdur. Bütün bu əməllər bölgədəki təbii yaşayış mühitinə və vəhşi heyvan növlərinə ciddi ziyan vurmaqla yanaşı təbii ehtiyyatların tükənməsinə və biomüxtəlifliyinin məhv olmasına səbəb olub.

Meşələrin kütləvi şəkildə qırılması, ağacların kəsilməsi, işğaldan öncə təbiət qoruqları olan ərazilərdə qanunsuz tikinti və mədənçilik fəaliyyətinin aparılması nəticəsində Azərbaycanda 500-dən artıq vəhşı heyvan növü məhv olma təhlükəsi altındadır.

Eyni zamanda, Ermənistan bu cür addımları ilə çayların, o cümlədən transsərhədd çaylarının həddindən artıq çirklənməsinə səbəb olub. Həmin çaylar Ermənistan tərəfindən müxtəlif növ tullantılarla, o cümlədən kimyəvi maddələr və ağır metallar ilə çirkləndirilib. Bununla da Ermənistan “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” 19 sentyabr 1979-cu il tarixli Bern Konvensiyasının tələblərini pozmuşdur. Konvensiya uyğun olaraq Azərbaycan tərəfindən Ermənistana qarşı Haaqada Beynəlxalq Arbitraj Məhkəməsində dövlətlərarası arbitraj prosesi başladılıb.

Bu tarixi arbitraj işinin məqsədi 30 il ərzində beynəlxalq səviyyədə tanınan Azərbaycan ərazilərinin qanunsuz işğalı dövründə ətraf mühitin və biomüxtəlifliyin geniş miqyasda məhv edilməsinə görə, Ermənistan dövlətini məsuliyyətə cəlb etməkdir.

Arbitraj prosesi çərçivəsində Azərbaycan Ermənistandan “Bern Konvensiyası” üzrə hazırda davam edən bütün pozuntularına son qoymağı və işğal altında olmuş ərazilərdə ətraf mühitin məhvinə görə kompensasiya ödəməyi tələb edir.

İşğal dövrü ərzində Ermənistan tərəfindən Azərbaycana vurulan iqtisadi zərər ilkin hesablamalara görə təxminən 800 milyard ABŞ dolları təşkil edir. Əmlakların məhv edilməsi, infrastrukturun dağıdılması, təbii sərvətlərin talan edilməsi 30 il ərzində davam etmişdir.

BMT Baş Assambleyası tərəfindən 16 dekabr 2005-ci ildə qəbul edilmiş 60/147 saylı "Beynəlxalq humanitar hüququn ciddi pozuntuları və insan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntularının qurbanları üçün zərərin ödənilməsi və hüquqi müdafiə hüququna aid əsas prinsiplər və rəhbəredici müddəalar" adlı qətnamə ilə bir daha təsdiq olunmuşdur. Bu qətnamənin "Vurulmuş zərərin ödənilməsi" adlı IX fəslinin 18-ci bəndində göstərilir ki, beynəlxalq hüquqa və ölkələrin milli qanunvericiliyinə görə, həm də konkret halları nəzərə alaraq, insan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntularının və beynəlxalq humanitar hüququn ciddi pozuntularının qurbanlarına və pozuntunun ciddiliyinə və hər bir hala müvafiq müəyyən olunmuş qaydada zərərin tam və effektiv ödənilməsi restitusiya, kompensasiya, reabilitasiya, satisfaksiya və baş vermiş hadisənin təkrarlanmaması zəmanəti formalarında ola bilər.

Azərbaycanın üzləşdiyi belə vandallıq, vəhşilik dün¬ya miqyasında baş verən yeganə hal deyil. Dünya tarixində baş vermiş müharibələrdən sonra kompensasiya, reparasiya və digər təzminat növləri ilə bağlı müxtəlif təcrübələr olmuşdur.

I Dünya müharibəsindən sonra bağlanan Versal müqaviləsi yalnız Almaniyanı müharibədə günahlandırmaqla kifayətlənməyərək, eyni zamanda onu 132 milyard qızıl marka və ya bu gün dəyəri ilə təxminən 269 milyard dollar məbləğində maliyyə ödənilməsini tələbi qarşısında qoydu. Bu təzminat ödənişi 92 il çəkdi.

II Dünya müharibəsindən sonra, 1945-ci ildə keçirilmiş Yalta konfransında Almaniya və müttəfiqlərinin üzərinə reparasiya yükünün qoyulması barədə qərar qəbul edilmişdir.

Almaniyanın üzərinə Polşaya vurduğu 1,3 trilyon dollar dəyərində zərərə görə təzminat tələbi qoyuldu.

Fransa, kömür yataqlarından istifadə etmək və bəlkə də daimi olaraq Fransaya birləşdirmək niyyəti ilə 1947-1956 -cı illərdə Saar protektoratına nəzarəti öz üzərinə götürdü.

Hollandiya 1949-cu ildə təxminən 69 kv.km Alman ərazisini özünə birləşdirdi və həmin ərazilər yalnız 1957-ci ildə Qərbi Almaniya Hökumətinə geri verildi. 8 Aprel 1960-cı ildə Laheydə imzalanan Hollandiya-Almaniya müqaviləsinə əsasən Qərbi Almaniya Hollandiyaya 280 milyon Alman markası ödəməyi qəbul etdikdən sonra torpaqlar geri qaytarıldı.

İkinci Dünya müharibəsində sonra Müttəfiqlər, təxminən 10 milyard (1948) dollar dəyərindən çox Alman patentinə, müəllif hüquqlarına və ticarət nişanlarına əl qoydular. Milyonlarla alman, düşərgələrdə, mədənçilikdə, məhsul yığımında və ya sənayedə müttəfiqlər üçün çalışmaq üçün bir neçə il məcburi əməyə məcbur edildi.

Müharibədən sonra Yunanıstan, Müttəfiqlərarası Təminat Agentliyi tərəfindən tətbiq olunan 1946-cı il Paris Reparasiya Müqaviləsi çərçivəsində Almaniyanın Müttəfiqlərə ödədiyi təzminatdan payını aldı. Yunanıstan təxminən 25 milyard dollar dəyərində pul və sənaye malları şəklində təzminat aldı.

1951-ci ildə İsrail hakimiyyəti, Almaniyaya qarşı təzminat üçün 1.5 miyard dollar dəyərində iddia qaldırdı.

Almaniyanın həmin dövrdə müəyyən təzminatı SSRİ-yə ödəmə qabiliyyəti olmadığına görə, onu başqa üsullarla əvəzləşdirdi. Belə ki, təxminən 400 min dəmir yolu vaqonu yük, 2885 fabrik, 96 elektrik stansiyası avadanlıqları, 340 min maşın, 200 min elektrik mühərriki, 1 milyon 335 min baş heyvan, 2,3 milyon ton taxıl, bir milyon ton kartof və tərəvəz, yarım milyon ton yağ və şəkər, 20 milyon litr spirt, 16 ton tütün göndərilib. Bundan başqa, Hum¬boldt Universitetinin astronomik rəsə-dxanasından teleskoplar, Berlin metro vaqonları və kruiz laynerləri və digər texnoloji avadanlıqlar reparasiya məh¬sulu olaraq SSRİ-yə ödənilib. Almaniya tərəfindən digər ölkələrə də reparasiya ödənişi mərhələlərlə həyata keçirilib.

Azərbaycanın legitim hərbi güc tətbiq etməsi nəticəsində Ermənistanın işğalı aradan qalxdığından, BMT tərəfindən təcili olaraq dəymiş maddi ziyanla bağlı iddiaları nəzərdən keçirmək üçün təzminat komissiyasının yaradılması vacib məsələlərdəndir.

Körfəz müharibəsi zamanı (İraq-Küveyt arasında 17 yanvar 1991-28 fevral 1991) tərəflərin bir-birinə vurduğu ziyanın ödənilməsi üçün BMT tərəfindən komissiya yaradılmışdır. Beləliklə, Azərbaycana Ermənistanın vurduğu maddi ziyanın miqyasını və potensial iddiaçıların sayının bir milyonu keçdiyini nəzərə alaraq, hərbi təcavüz nəticəsində yaranan həm əmlak, həm də infrastruktur iddiaları üçün BMT-nin İraq və Küveyt Təzminat Komissiyasına bənzər beynəlxalq komissiya yaradılması zəruridir. İraq və Küveyt Təzminat Komissiyasının iddiası ilə İraq tərəfindən 1990-1991-ci illərdə Küveyt iqtisadiyyatına və vətəndaşlarına vurduğu ziyana görə 50 milyard dollardan çox təzminat ödənilib.

Bütün bunlar Azərbaycanın da beynəlxlaq məhkəməyə müraciət edərək işğalçı Ermənistandan təzminat ödənilməsini tələb etmək hüququna malik olduğu¬nu deməyə əsas verir.

BMT Baş Assambleyası tərəfindən 16 dekabr 2005-ci ildə qəbul edilmiş 60/147 saylı "Beynəlxalq humanitar hüququn ciddi pozuntuları və insan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntularının qurbanları üçün zərərin ödənilməsi və hüquqi müdafiə hüququna aid əsas prinsiplər və rəhbəredici müddəalar" adlı qətnamə qəbul edilmişdir. Qətnamənin "Vurulmuş zərərin ödənilməsi" adlı IX fəslinin 18-ci bəndində göstərilir ki, beynəlxalq hüquqa və ölkələrin milli qanunvericiliyinə görə, həm də konkret halları nəzərə alaraq, insan hüquqları sahəsində beynəlxalq normaların ciddi pozuntularının və beynəlxalq humanitar hüququn ciddi pozuntularının qurbanlarına və pozuntunun ciddiliyinə və hər bir hala müvafiq müəyyən olunmuş qaydada zərərin tam və effektiv ödənilməsi restitusiya, kompensasiya, reabilitasiya, satisfaksiya və baş vermiş hadisənin təkrarlanmaması zəmanəti formalarında ola bilər.

Yuxarıda qeyd edildiyi kimi, beynəlxalq hüquqda təcavüzkar ölkənin vurduğu ziyanın ödənilməsinin ərazini geri qaytarmaq-restitusiya, reparasiya, təzminat zəmanətləri kimi bir sıra formaları var. Mövcud iqtisadi durumda Ermənistan təzminat ödənilməsində təkcə pul yox digər kompensasiya formalardan da istifadə edə bilər.

Əgər maliyyə durumu buna imkan vermirsə beynəlxalq təzminat fondu yaradıla bilər və Ermənistan “dostları” həmin fond vasitəsilə Ermənistanın təzminatının ödənilməsində iştirak edə bilər.

Yaxud, Ermənistan öz ərazisindən Azərbaycanın xeyrinə müəyyən güzəştləri özündə ehtiva edən təzminat razlışmasına gedə bilər. Bu, Ermənistanın müəyyən əraziləri üzərində suveren hüquqlarından Azərbaycanın xeyrinə imtina etməsini və ya suveren ərazilərində müəyyən funksional suveren hüquqların, yəni müəyyən fəaliyyət sferalarının uzunmüddətli konsessiyasını özündə ehtiva edə bilər. Məsələn, II Dünya müharibəsindən sonra Almaniyada olduğu kimi torpaqların bir hissəsinin Azərbaycana verilməsi təzminatın bir forması ola bilər. Bu forma əslində Ermənistan üçün ən düzgün seçim ola bilər.

Bütün bu öhdəlikləri yerinə yetirmək üçün beynəlxalq qurumların təcavüzkar ölkəyə təsiri çox vacib məsələlərdən biridir. BMT və digər beynəlxalq insan hüquqları müdafiə təşkilatları Ermənistanın qarşısında bu öhdəlikləri qoymalı və yerinə yetirilməsinə nəzarət etməlidirlər. Ermənistanla sülh danışıqları da həmçinin mütləq şəkildə Ermənistanın təzminat məsələsini əhatə etməli, onun vurduğu zərərin bərpa edilməsi üçün ödəyəcəyi məbləğin miqdarı və ödəniş formaları müəyyən olunmalıdır.

Təbii ki, təzminatın ən əsas formalarından biri də təcavüzü heç vaxt təkrarlamamaq qarantiyası olmalıdır. Digər tərəfdən beynəlxalq tribunalardan Ermənistan Azərbaycan xalqından, xüsusən 30 illik işğaldan əziyyət çəkmiş əhalidən üzr istəməlidir (II Dünya müharibəsindən sonra Almaniya İsraildən üzr istəmişdir).

Seçilən
18
azpolitika.info

1Mənbələr