AZ

Albert Aqarunovla birgə döyüşdü, şəhid olandan bir ay sonra boş tabutu gəldi... – FOTO/VİDEO

“Atam komandiri olduğu ekipajda iki hərbçi ilə birlikdə yanıb kül olub. Bu barədə bizə atamın döyüş yoldaşı Nizami Nəzərov danışıb. Onun sözlərinə görə, minaya düşən tank elə yanırdı ki, ora yaxın düşmək mümkün olmayıb. Həmin yanğında atam, Arzu və Şahin adlı iki ekipaj üzvü şəhid olublar.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Qubadan olan Birinci Qarabağ Müharibəsi Şəhidi Milyaməddin Şəmsəddin oğlu Məmmədsalahovun oğlu Siyavuş Məmmədsalahov deyib. 

Müsahibimiz deyir ki, atasının idarə etdiyi tank 1992-ci il iyun ayının 10-da Ağdam rayonunda Naxçıvanlı kəndi istiqamətində minaya düşəndən sonra ailələrinə bir aydan sonra boş tabut gətirilib. Milyaməddin Məmmədsalahov Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. 

"Atamın tabutunu evimizə 11 əsgər və bir döyüş yoldaşı gətirmişdi. Tabutu açmağa qoymadılar, vidalaşandan sonra Bakıya, Şəhidlər Xiyabanında dəfn etmək üçün apardılar. O zaman mənim 11 yaşım vardı".

Hazırda Milyaməddin Məmmədsalahovun oğlu Siyavuşun ailəsində adını daşıyan 11 yaşlı Milyaməddin böyüyür. O atası ilə birlikdə tez-tez Şəhidlər Xiyabanına, babasının məzarına baş çəkir, onu özünə örnək sayır.

Siyavuş Məmmədsalahov Bizim.Media-ya atasının 1992-ci il may ayının 9-da Şuşa alınandan bir gün sonra televiziyaya verdiyi müsahibəsini təqdim edib. Müsahibədə Milyaməddin Məmmədsalahov o zamanki ordunun səriştəsizliyindən, başda duranların məsuliyyətsizliyi ucbatından yaranan xaos və çaşqınlıqdan, döyüşçü yoldaşı, yəhudi əsilli Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şəhid olmasından təəssüf hissi ilə danışırdı.

O, həmin torpaqların bir gün azad ediləcəyini, Şuşanın yenə bizim olacağını da söyləyib.

Qeyd edək ki, Qonaqkənd qəsəbəsi Qarabağ münaqişəsində 15 oğlunu qurban verib. Onlardan 11-i Birinci Qarabağ, 4-ü isə Vətən Müharibəsində şəhid olub. Qəsəbə məktəbində şəhidlərin hamısının xatirəsinə sinif və guşə yaradılıb.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
12
bizim.media

1Mənbələr