AZ

Ermənistan "5-ci nəsil silahların" kütləvi istehsalına başlayır...

Image

Şair Ramaldanov: "Yəqin Armen Xaçatryanın 5-ci nəsil silahların nə demək olduğu barədə məlumatı yoxdur"

Ermənistanın sürətlə silahlandırılması artıq heç kimə sirr deyil. ABŞ və Avropa ölkələrindən alınan yardımlar, Rusiyanın kurasiyasında olan Avrasiya İqtisadi İttifaqının yaratdıği imkanlar hesabına və Rusiya ilə ticarət dövriyyəsinin artması sayəsində əldə edilən dövlət gəlirlərinin böyük əksəriyyətini rəsmi İrəvan silahlanmaya yönəldir. 

Ermənistana Hindistan, Fransa və Amerikadan silah tədarük etdiyi bəllidir. Əvvəllər Fransa bəyan etmişdi ki, guya Ermənistana öldürücü olmayan silahlar - zirehli geyim, dəbilqə və s. tədarük edir. Sonradan isə müasir silahlarla təchiz edilmiş zirehli hərbi avtomobillər və ən müasir artilleriya haubitsalarının tədarük edildiyi bəlli oldu. Məsələn, Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında məlumat var.

Hindistan Ermənistana 155 milyon dollar dəyərində 84 ədəd artilleriya qurğusunun tədarükünə artıq başlayıb. ATAGS-ın atəş məsafəsi 48 km-dir. 2023-cü ildə Ermənistan 6 ATAGS qurğusu alıb. Hindistan şirkətləri ilə MArG 155 özüyeriyən haubitsaların və “Akaş” hava hücumundan müdafiə sisteminin alınması üçün daha bir neçə müqavilə imzalayıb.

Ermənistan Milli Assambleyanın iclasında müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın sədr müavini Armen Xaçatryan deyib ki, bəli, bizim Ermənistan istehsalı olan silahlarımız var, bəli, bizim kütləvi istehsal silahlarımız var, bəli, hətta 5-ci nəsil seriyalı silahlarımız da var.

Onun sözlərinə görə, 2 il əvvəlki ilə müqayisədə dövlət tərəfindən hərbi sənayeyə on dəfə çox diqqət yetirilir ki, bu da hərbi sahəyə maliyyə resurslarının yönəldilməsi istiqamətində özünü göstərir.

“Bizim informasiya texnologiyaları sahəsində əla mütəxəssislərimiz, çox yaxşı menecerlərimiz, çox yaxşı mühəndislərimiz, vətənpərvər investorlarımız var ki, onlar nəhəng resurslarını bu istiqamətə yönəldirlər, təbii ki, həm də gəlir əldə etmək məqsədi ilə. Ermənistanda hərbi sənaye sürətlə inkişaf edir” deyən o, hərbi sənaye haqqında az danışıldığını, lakin gecə-gündüz bu istiqamətdə çalışdıqlarını bildirib. 

Maraqlıdır, 5-ci nəsil silahlar nədir və onları almağa Ermənistanın iqtisadi qüdrəti çatırmı?

Hərbi ekspert Şair Ramaldanov sualımıza cavabında bildirdi ki, 5-ci nəsil silah növlərinə adətən döyüş təyyarələri aid edilir: "Bu təyyarələr 21-ci əsrdə istehsal edilib, müasir standartların tələblərinə cavab verir. Bu təyyarələr "stels" (Stels texnologiyalarından istifadə edərək düşmənin sonar, infraqırmızı və digər növ radarlarına mümkün qədər az görünən və bəzən də görünməyən təyyarələrdir - red.) tələblərinə cavab verir və görünməzlik imkanlarına malikdir. Təyarələrin nəsli bu tələblərə cavab vermə xüsusiyyətləri ilə qiymətləndirilir. Məsələn, 2021-ci ildən bəri xidmətə daxil olan beşinci nəsil qırıcılar Amerikanın F-22 Raptor (2005), F-35A/B (2015), F-35C (2019), Çinin J-20 (2017) və Rusiyanın Su-57 (2020) təyyarələridir. Daha bir neçə qırıcı uçuş sınaqlarından keçir: TF-X KAAN (Türkiyə), J-31 (Çin), X-2 (ATD-X) (Yaponiya). Belə bir qiymətləndirmənin başqa silahlara aid edilməsi barədə məlumat yoxdur. Bunlar rəqəmsallaşması, istehsalında süni intelektin tətbiq edilməsi, radarlara və şüalara yaxalanmaması, daşıdıqları raket və bombaların hədəfə avtomatik nişanlanaraq göndərilməsi və s. xüsusiyyətləri ilə xarakterizə edilən müasir qırıcı təyyarələrdir.

O ki qaldı Ermənistanın bu silahlara malik olması barədə bəyanata, yəqin Armen Xaçatryanın 5-ci nəsil silahların nə demək olduğu barədə məlumatı yoxdur. Əgər Ermənistanda bu sadalanan silah növlərindən olsaydı, bunu gizlətmək mümkün olmazdı. Yalnız Ermənistanın SU-30M qırıcı təyyarəsinə malik olması barədə məlumat var idi, o da dördüncü nəslə aid silah növüdür. Lakin Ermənistan ikinci Qarabağ müharibəsində ondan istifadə edə bilmədi. Çünki Ermənistan həmin qırıcıda istifadə ediləcək silahlarla təmin edilməmişdi, həm də bu təyyarələrin manevr etməsi üçün faktiki döyüş alanı kiçik idi. Bu əməliyyatlarda SU-30M təyyarəsinin istifadə edilməsi taktiki-texniki cəhətdən mümkun deyildi. Bu baxımdan 5-ci nəsil silahlar Ermənistanın nəyinə gərəkdir? Erməni deputatları və siyasətçiləri hansısa populist çıxışlar edə bilər, amma bu reallıqdan uzaqdir. Ermənistan besinci nəsil silaha malik olsa belə, bundan qonşularına qarşı istifadə edə bilməyəcək. Biz bunu İkinci Qarabağ savaşında görduk.

Amerika öz beşinci nəsil silahlarını heç NATO ölkələrinin hamısına satmır. Bunlar yalan xəbərlərdir, belə xəbərlərin Ermənistan siyasilərinin dilindən eşidilməsi birinci hal deyil, düşünürəm ki, sonuncu hal da olmyacaq. Ermənistanla müqayisədə Azərbaycan Ordusunun silahlanması müasirlik baxımından daha üstündur, bundan sonra da bu üstünlük qorunub saxlanılacaq və artirılacaq. Buna Azərbaycanın imkanları var. Ermənistanin Hindistan və Fransadan aldığı silahlar öz sinifinin digər nümayəndələri ilə müqayisədə heç bir üstün xüsusiyyətlərə malik deyil. Onlar 20-30 il əvvəl istehsal edilən silahların taktiki-texniki göstəricilərinə uyğun xüsusiyyətlərə malik silahlardir. Ən müasir silah, Fransanin özüyeriyən "Saesar" haubitsasıdır ki, mən deməzdim o özünu Ukrayna-Rusiya müharibəsində daha yaxşı silah kimi göstərib. Rusiyanin son 20-30 ildə istehsal etdiyi özüyeriyən haubitsalar daha üstün imkanlara malikdir. Mən hesab edirəm ki, bu tip bəyanatlar daxili auditoriyaya hesablanmış siyasi gedişlərdir".

Dəniz NƏSİRLİ





Seçilən
13
baki-xeber.com

1Mənbələr