AZ

Dədə Ələsgərin sazı, heykəlin duruşu, SOSİAL ŞƏBƏKƏLƏRİN FIRTINASI – FOTO

“Ulu ozanımız Dədə Ələsgər bizim kəndimizdə (Qərbi Azərbaycanın Amasiya rayonu) iki dəfə toyda olub. Bir dəfə ustad Qarsa toya gedərkən bizim kənddə gecələməli olur. Sən demə həmin gün Çıldırlı Aşıq Şenlik kəndimizdəki toy mərasimini idarə edirmiş. Ulu gəldiyini eşidən (Ustad həmişə gələndə akademik Qərib Məmmədovun babası İsmayıl ağanın evində qonaqlayarmış) kənd camaatı israrla Ələsgəri toya dəvət edirlər.

Ələsgər imtina edərək deyir ki, mən Şenliyin üstünə toya getmərəm, ayıb olar. Nəhayət uzun isrardan sonra toya getməyə razı olur, ancaq sazsız. Çünki ozan əxlaqına görə ustad aşıq, ustad aşığın üstünə sazla getməzmiş. Ələsgəri toyda coşqu ilə qarşılayırlar. Yenə israrla heç olmasa bir hava çalmasını xahiş edirlər. Ustad deyir ki, yaxşı onda gedin mənim sazımı gətirin, Şenliyin sazı mənimlə “danışmaz”.

Məsələ belə imiş ki, Şenliyin sazı indiki türk bağlamasına daha çox bənzəyirmiş, nəinki bizim saza. Ələsgər bir “Göyçə gülü” havası çalaraq məslisi məst edir. Havanı bitirəndə sazı şahlandıraraq son akkordları vurur. Məclis əhli Ələsgəri uzun-uzun alqışlayır, külli miqdarda “nəmər” (bəxşiş) verir. Sonda Aşıq Şenlik “Çıldır gözəlləməsi” havası ilə məclisi bağlayır və aşıqların deyişməsini istəyənlərə deyir ki:

Aşıq Şenlik Suxaralı,

Ələsgər Göyçə mahallı.

Nəyə lazım qeylü-qallı,

Əzəl-axır yaxşılıqdı.

Diqqət etdinizsə mən bir ifadə işlətdim. Dədə Ələsgər son akkordda sazı şahlandırdı. Yəni, dünən Müzəffər Ali Baş Komandanımızın açılışında şəxsən iştirak etdiyi heykəldə olduğu kimi, sazı başının üstünə qaldırıb kənardan son akkordları vurdu. Dünən açılışını etdiyimiz heykəlin təsvirində olduğu kimi.

İndi sosial şəbəkələrdə heykəli tənqid etmək fikrinə düşənlərə sözüm odur ki, belə duruş sazın şahlandırılması adlanır. Ulu ozanımız da zaman-zaman, coşqulu məclislərdə belə edib. Əsas məsələ isə heykəlin necə olması deyil, onun kimə aid olması, o heykəli kimin qoydurması və niyə məhz indi qoyduraraq açılışına gəlməsidir. Əziz dostlar heykəlin üzü Qərbə baxır. Yolumuz Qərbi Azərbaycanadır!

Hikmət BABAOĞLU

Millət vəkili

Seçilən
6
1
medianews.az

2Mənbələr