AZ

Cimmi Karter onu "öldürən"lərə meydan oxudu: 100 yaşını qeyd etdi

ABŞ-ın keçmiş prezidenti Cimmi Karter səhhətinin pisləşməsi və ölümü ilə bağlı yayılan yalan xəbərlərə baxmayaraq, oktyabrın 1-də 100 yaşını qeyd edib.

Publika.az xəbər verir ki, bu barədə “North Jersey” qəzeti məlumat yayıb.

“Yaşayan ən yaşlı prezident, keçmiş prezident Cimmi Karter oktyabrın 1-i çərşənbə axşamı 100 yaşını qeyd edəcək. O, dəri xərçəngi olan melanomaya görə 19 ayını hospisdə (ümidsiz xəstələrin layiqli xidmət və qayğı ala biləcəkləri səhiyyə müəssisə) keçirməklə taleyinə meydan oxuyur”, - nəşr qeyd edib.

Müəlliflər keçmiş ABŞ liderinin nəvəsi Ceyson Karterin sözlərinə də istinad edirlər. Onun sözlərinə görə, eks-prezidentin səhhətinin kəskin şəkildə pisləşməsinə baxmayaraq, ruhu eyni dərəcədə güclüdür. Çünki o, seçki məntəqəsinə gedib Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi dəstəkləmək istəyir.

Qeyd edək ki, Cimmi Karter 1977-1981-ci illərdə ABŞ-a rəhbərlik edib. Hazırda o, Amerika tarixinin ən uzun ömür sürən prezidentidir. Onun hakimiyyəti dövründə İsrail və Misir arasında Kemp Devid Sazişləri imzalandığı üçün o, sülhməramlı prezident kimi məşhurlaşdı. Siyasətdən getdikdən sonra o, münaqişələrin qarşısının alınması sahəsində də fəaliyyətini davam etdirib. 2002-ci ildə bu səylərinə görə o, Nobel Sülh Mükafatına layiq görülüb.

Seçilən
19
publika.az

1Mənbələr