AZ

Beynəlxalq Bank işçilərin ünsiyyət qurmaq və stressə davamiyyətini necə yoxlayır?

Image

Samir Bayramov: “Müsahibə zamanı şəxsin ünsiyyət bacarığı, təhlil etmə düşüncəsi, kritik vəziyyətlərdən necə çıxacağı müəyyən olunur”

Müşahidələr göstərir ki, iş axtarışının 97%-i əsasən internet vasitəsilə aparılır. Bununla yanaşı, əksər iş axtaranlar məlumatlarını yerləşdirmək üçün internetdən istifadə edir. Bu günlərdə mediada Azərbaycan Beynəlxalq Bankının (ABB) iş elanına rast gəldik.

Həmin elanda diqqət çəkən bəzi məqamlar var . Bunlar  işə qəbul olmaq istəyən şəxsin  "Yüksək səviyyədə ünsiyyət qurma bacarığı”, “Stressə davamlılıq”, “Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri”nə malik olması tələbləridir. 

Maraqlıdır, işçidə bank bu xüsusiyyətləri necə müəyyən edir? 

“Bank işçiləri müxtəlif xasiyyətdə olan insanlarla qarşılaşdıqları üçün onların stressə davamlı olması əsas şərt kimi qeyd olunur” 

Marketinq sahəsi üzrə mütəxəssis Samir Bayramov “Bakı-Xəbər”-ə açıqlamasında bildirdi ki, vakansiyalarda daha çox ünsiyyət bacarığı önə çəkilir. Ünsiyyət bacarıqları fərdi bacarıqlar kateqoriyasına daxil olan başqa bir bacarıq qrupudur: “Bu bacarıq işəgötürənlər üçün olduqca cəlbedicidir və iş yerində uğurlu olmaq üçün, demək olar ki, hər peşədə tələb olunur. Məhsulun, xidmətin faydalarını potensial alıcıya göstərmək üçün hər cür səy göstərilir. Bir iş yerində uğurlu karyera qurmaq arzusunda olanlar mütləq ünsiyyət bacarıqlarına sahib olmalıdır. Ünsiyyət bacarıqları dedikdə, burada təkcə hər hansı bir şəxslə, ya da kollektivlə olan qarşılıqlı ünsiyyət nəzərdə tutulmur. Ünsiyyət bacarıqlarına "e-poçt"la həyata keçirilən yazışmalar, telefon danışıqları, sosial şəbəkələr vasitəsilə aparılan söhbətlər, həmçinin, bədən dilindən düzgün istifadə edilmə nəzərdə tutulur”. 

İş elanlarında stressə davamlılıq tələbinə gəlincə, ekspert bildirdi ki, stessə dözümlü ifadəsi hər vakansiya üçün uyğun deyil: “Adətən, müştərilərlə işləyən işçilərdən stessə davamlılıq tələb olunur. Çünki hər xarakterdə müştəri ilə ünsiyyətdə olursan. Bu səbəbdən müştəri ilə ünsiyyətdə olan işçi səbirli olmalıdır.  Stressə davamlılıq tələbini ona görə qoyurlar ki, müraciət edən şəxs iş rejiminin gərgin, hətta toksik olduğunu bilsin. Bu kimi tələblər daha çox banklarda olur. Bank işçiləri müxtəlif xasiyyətdə olan insanlarla qarşılaşdıqları üçün onların stressə davamlı olması əsas şərt kimi qeyd olunur.   Ümumiyyətlə, bu kimi tələblər müsahibə əsasında müəyyən olunur. İşə düzəlmək istəyən şəxs işləmək istədiyi yerə CV göndərir. Həmin şəxsin CV-si uyğundursa onu müsahibəyə dəvət edirlər. Müsahibə zamanı şəxsin ünsiyyət bacarığı, təhlil etmə düşüncəsi, kritik vəziyyətlərdən necə çıxacağı müəyyən olunur”.

Leyla QARAXANLI





Seçilən
33
baki-xeber.com

1Mənbələr