Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu ərazilərdə tozlu hava şəraiti müşahidə olunur.
Bu barədə “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 1.4 - 1.6 dəfə artıqdır: “Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və şimal-şərq istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə daxil olub”.
G.Abbasova əlavə edib ki, tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.