AZ

Şəhidlərimizin xatirəsi Strasburqda yad edilib

Şəhidlərimizin

Strasburq, 28 sentyabr, AZƏRTAC

Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi Strasburqda dərin ehtiramla yad edilib.

AZƏRTAC xəbər verir ki, Strasburqda Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyində 27 Sentyabr - Anım Gününə həsr edilmiş tədbir keçirilib. Tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.

Strasburqda yaşayan Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov çıxış edərək, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın sarsılmaz birlik və bərabərliyi sayəsində torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi ilə əldə edilən parlaq tarixi Zəfərimizdən danışıb. O, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canlarından keçmiş bütün qəhrəmanlarımızın əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını və onların şücaətinin hər zaman dərin ehtiram və minnətdarlıq hissi ilə anılacağını bildirib.

Strasburqda yaşayan soydaşımız, Azərbaycanla Mədəni Əlaqələr Assosiasiyasının sədri Mustafa Əlincə öz düşüncələrini tədbir iştirakçılar ilə bölüşüb. O, Ermənistanın ölkəmizə qarşı başladığı hərbi təcavüzün ilk günlərindən Fransa və beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində aparılan işləri xatırladıb. M. Əlincə torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinin yaşadığı məkandan asılı olmayaraq, zəfər çalmış bir xalqın nümayəndələri kimi bütün azərbaycanlıların qəlbində dərin kök saldığını söyləyib.

Sonda tədbir iştirakçılarına Azərbaycan Televiziyasının şəhidlik zirvəsinə yüksəlmiş həmvətənlərimizdən bəhs edən süjeti nümayiş etdirilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

 

Seçilən
10
2
azertag.az

3Mənbələr