AZ

Həyatımdan bir Hidayət Elvüsal keçdi 

Hidayət Elvüsalı itirdik.

Ən son bir neçə ay bundan əvvəl zəng eləmişdim ona.
“İndi bir az yaxşıyam” dedi, “Demək, yaxşı deyilmiş bundan əvvəl” deyə düşünmüşdüm.
İçimdən gizilti keçdi, səsi də soyuq və kədərli idi.
Çox danışmaq da istəmədi, “Bakıya ilk gəlişində bizə gəl” dedi…

Mənim Hidayətlə dostluğum 22 yanvar 1990-da başlayıb.
20 yanvar faciəsindən iki gün sonra “Kommunist” (indiki “Azərbaycan”) nəşriyyatına gəlmişdim…

Qızıl Ordunun Bakıya girməsi və yüzlərlə insanımızı gülləboran etməsi ilə bağlı materialları Dünyanın kütləvi informasiya vasitələrinə çatdırmaq lazım idi. Poçt, teleqraf, dəmir yolu vağzalı, hava limanı işğalçı ordunun əlində idi.

“Səhər” qəzetinin Baş redaktoru Məzahir Süleymanzadəyə (Nur içində yatsın) zəng elədim. İnformasiya blokadasında idik, dedim görüm qəzetçilərdə nə xəbər var. Bir kəlmə söz dedi telefonda: “Redaksiyaya gəl, vacibdir”. Nə jurnalist idim, nə də nəşriyyatla bir əlaqəm vardı, Məzahir müəllimlə (ona hər zaman “müəllim” deyə xitab edirdim) sadəcə olaraq tanışdım.

Yollar bomboşdu, arada küçələrdən rus tankları şütüyürdülər, Bakının Praqa olmasına hələ bir-neçə həftə var idi. “Səhər”in redaksiyasında Məzahir Süleymanzadənin otağına girəndə rus əsgəri gəldi deyə Hidayət Eivüsalla (ona sonralar “Ustad” deyə xitab edəcəkdim) səksənib dik atıldılar. Masanın üstündə 20 yanvar faciəsi ilə bağlı dəhşətli şəkillər, qısa yazı və qeydlər düzülmüşdü.

Onları Hidayətlə bir karton qovluğa sıxışdırıb mənə verdilər. Bu qobluq, yanılmıramsa, sayca ikinci qovluq idi, birincisini Türkiyəyə çatdırmaq üçün başqa birinə vermişdilər. Hər iki qovluğu bütün maneələri aşaraq qardaş ölkəyə çatdırmışdıq. O materiallar türk qəzetlərində çıxaraq görülməmiş bir rezonansa səbəb olmuşdular. Türkiyənin dörd bir yanında izdihamlı mitinqlər keçirilmişdi.

“Səhər” qəzeti belə bir qəhrəmanlıq etmiş, onun adı mətbuat tariximizə cəsarət və vətənpərvərlik örnəyi kimi yazılıb. Halbuki qəzet cəmi 6 ay əvvəl – 1989-un avqustundan yayın həyatına başlamışdı. Məzahir Süleymanzadə ilə Hidayət Elvüsal mənim üçün bir qəhrəmana çevrildilər o gün…

Üç il sonra – 1992-də elmi rəhbərim akademik Azad Mirzəcanzadədən icazə alıb elmi fəaliyyətimi dayandırdım. Könülsüz bir şəkildə “İşlərinizi həll edin, qayıdıb gələrsiz” dedi, ancaq nəhəng alim problemimi bildiyi üçün özü də inanmamışdı dediklərinə…

1992-nin avqust ayında Ankaraya köçdüm. 
1995-in yanvarında Hidayət zəng vurdu ki, Osman Mirzəyev adına beynəlxalq mükafat təsis edilib, məni və Güntaç Aktanı isə ilk laureat olaraq seçiblər…

Hidayət Ağabəy əlində iki diplom Ankaraya gəldi.
O, Türkiyənin tanınmış jurnalisti, televizyonçusu və prodüsseri Güntaç Aktanın (1945-2014) heyranı idi, 14 il fasiləsiz olaraq TRT-də yayınlanan “Anadoludan Görünüm” proqramının bir bölümünü belə buraxmırdı. “Anadoludan Görünüm” Türkiyənin PKK ilə mübarizəsinin, Türk Ordusunun qəhrəmanlığına həsr edilmiş proqramlar silsiləsi idi. Kəlbəcərli Hidayət Elvüsal da PKK ilə mübarizəyə erməni separatizmi ilə mübarizə kimi baxır, türk xalqının məşəqqət və mübarizliyini bu proqram vasitəsilə izləyirdi…

Oteldən zəng vurdu ki, axşam sənə və Güntaç bəyə qonaqlıq vermək istəyirəm. 
Elə ordaca diplomları təqdim edib ertəsi gün qayıdacam.
Dedim ki, Güntac Bəyi Ankarada tapmaq çətindir, sürəkli Cənub-Şərqi Anadoluda – PKK-nin o vaxt at oynatdığı, qanlı cinayətlər törətdiyi bölgələrdədir.
TRT-yə zəng vurdum, ezamiyyətdədir, 2 gün sonra gələcək dedilər.
İki gün sonra Güntaç Bəy “Montajdayam, çıxa bilmirəm, TRT-də görüşək” dedi… 

Bu iki əfsanələşmiş insanın şəklini də 1995-in fevralında, TRT-nin Kavaklıdere studiyalarında çəkdiyimiz videodan çıxartmışam. Mən Hidayət Ustadı tanıyanda bizdə mobil telefonlar hələ yox idi. Bu səbəbdən də təəssüf edirəm ki, xatirə olaraq heç bir şəklimiz toxdur. İndən sonra bütün xatirələr ürəyimizdə yaşayacaq. 

Vaxtı gələndə gəlib səni tapacam, Ustad. O qədər danışılası şeylər qalıb ki.
Hələlik isə ruhun şad olsun, tanıdım ən böüyk Vətənsevər, qeyrətli insan, vəfalı dost!
Ruhun isə şaddır, bilirəm, nakam qardaşın Sücaətlə bərabərsiniz artıq!
Ruhlarınız şad olsun, ey Kəlbəcər sevdalıları!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
50
modern.az

10Mənbələr