AZ

ABŞ Transxəzər qaz kəməri layihəsini dəstəkləyir – Səfir

Xəzər dənizinin dibi ilə Türkmənistandan Türkiyəyə qaz kəmərinin çəkilməsi bu ölkələr üçün faydalı olacaq və Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına kömək edəcək.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Türkmənistandakı səfiri Elizabet Rud deyib.

O bildirib ki, ABŞ bu layihəni dəstəkləyir: “ABŞ Türkmənistan iqtisadiyyatını stimullaşdırmaq və inkişaf etdirmək üçün həmişə bir çox istiqamətlərdə türkmən qazının ixracını dəstəkləyib. Avropa bazarlarına çıxmaq həm Türkmənistan, həm də Türkiyə və Aİ üçün faydalı olacaq Bu, həm də Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edəcək”.

Türkiyənin Aşqabaddakı səfiri Əhməd Dəmirok Anadolu agentliyinə müsahibəsində bildirib ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar iyul ayında Türkmənistana səfər edib və türkmən təbii qazının Türkiyə və Avropa bazarlarına tədarükü ilə bağlı onun səlahiyyətli orqanları ilə danışıqlar aparıb. Bayraktar bildirib ki, ilk mərhələdə Türkmənistandan svop üsulu ilə 2 milyard kubmetr, uzunmüddətli perspektivdə isə ildə 15 milyard kubmetr təbii qazın Xəzər dənizindən keçən qaz kəməri ilə tədarükü planlaşdırılır. Ümumilikdə bu kəmərlə 20 il ərzində 300 milyard kubmetr qaz alınması nəzərdə tutulur.

2024-cü ilin mayında Türkiyə ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Bu, Azərbaycan və Gürcüstan ərazisindən təxminən 2 milyard kubmetr həcmində türkmən qazının tranzitini nəzərdə tutur ki, bu da gələcəkdə Avropaya nəql olunacaq. 2023-cü ilin sonunda Türkmənistanda təbii qaz hasilatının həcmi 80,6 milyard kubmetr təşkil edib.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
23
musavat.com

10Mənbələr